Əsas Səhifə > Dünya > Kosovoda gərginlik artır: Serbiya bölgəyə hərbi qüvvələr göndərməyə hazırlaşır

Kosovoda gərginlik artır: Serbiya bölgəyə hərbi qüvvələr göndərməyə hazırlaşır


13-12-2022, 08:15
Kosovoda gərginlik artır: Serbiya bölgəyə hərbi qüvvələr göndərməyə hazırlaşır
Özünü elan etmiş Kosovo ilə Serbiya arasında növbəti gərginlik yaşanmaqdadır. Dekabrın 10-da Kosovonun şimalında gərginliyin artdığı məlum olub. Belə ki, Kosovonun şimalında serblər Daxili İşlər Nazirliyinin keçmiş polis zabiti Deyan Pantiç saxlanıldıqdan sonra barrikadalar qurmağa başlayıblar. Daha sonra Priştinadan olan polis xüsusi təyinatlıları bölgənin şimalına gətirilib. Bazar günü, dekabrın 11-nə keçən gecə Qazivoda gölü yaxınlığında Brnjak keçid məntəqəsinə gedən yolda üç atışma baş verib.

“Danas” nəşri yerli sakinlərə istinadən yazıb ki, Kosovonun şimalında gecə saatlarında atışma davam edib və partlayış səsləri eşidilib. Qəzetin məlumatına görə, atışma Stuoce kəndində eşidilib və on beş dəqiqədən çox davam edib. Bundan əlavə, Zvecanda iki partlayış baş verib. Bildirilir ki, yerli serb əhali polislə atışıb, atəş səsləri əsasən şəhərlərdən kənarda eşidilib.

Hazırda gərgin durum davam etməkdədir. Serbiyanın Müdafiə Nazirliyi Kosovoya hərbi qüvvələr göndərməyə hazır olduğunu açıqlayıb. Nazirlikdən bildirilib ki, Kosovo və Metoxiyadakı serblərin təhlükəsizliyi lazımi səviyyədə təmin edilmir. Bununla əlaqədar, Belqrad BMT Təhlükəsizlik Şurasının (TŞ) 1244 saylı qətnaməsinə uyğun olaraq əlavə qüvvələr göndərməyə hazırdır.

Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bildirib ki, indi serbləri qorumaq üçün Kosovo və Metoxiyada kifayət qədər təhlükəsizlik qüvvələri yoxdur: “Halbuki orada qüvvələrimiz olmalıdır. Bunun üçün hüquqi baza 1999-cu ildə yaradılıb. Ona görə də, Serbiya öz qüvvələrinin bölgəyə qaytarılmasını tələb edə bilər”.

“İcazə versələr də, verməsələr də, qüvvə göndərəcəyik. Hesab edirəm ki, hökumət yaxın vaxtlarda bölgəyə əlavə qüvvələrin göndərilib-göndərilməyəcəyinə qərar verməlidir”, Vuçeviç söyləyib.

Serbiya Prezidenti Aleksandr Vuçiç isə hadisələrlə bağlı danışarkən deyib ki, dekabrın 11-i gecə prezidentliyinin ən ağır günü olub. Serbiya lideri dekabrın 11-də Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra xalqa müraciəti zamanı deyib ki, Priştina hakimiyyəti Kosovoda “serb problemi”nə son qoymağa çalışır.

“Belqrad Serb qoşunlarının və polis bölmələrinin Kosovoda yerləşdirilməsinə icazə vermək üçün NATO-nun sülhməramlı missiyasından yardım istəyəcək. Lakin bizim sorğumuzun rədd ediləcəyinə əmininəm”, - Vuçiç söyləyib.

Serbiya lideri ABŞ-a sual ünvanlayıb: “Bizə deyin, Priştina hansı razılaşmaya əməl edir və siz hansı razılaşmaya əməl edirsiniz? BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi, Brüssel sazişi, yoxsa Vaşinqton sazişi? Priştinanın əməl etdiyi, heç olmasa amerikalıların əməl etdiyi bu sənədlərdən birini bizə verin. Kosovo Albaniya və Amerika hakimiyyəti “biz nəyi və nə qədər istəsək, edə bilərik” mövqeyindən çıxış edir”.

Vuçiç bildirib ki, özünü elan etmiş Kosovo Respublikası və ABŞ hakimiyyəti Kosovo Muxtar Vilayəti və Metoxiya ilə bağlı əvvəllər əldə edilmiş razılaşmaların heç birinə əməl etmir.

Vuçiç serblərlə albanlar arasında münaqişənin sülh yolu ilə həllinin çox vacib olduğunu vurğulayıb. Bundan əlavə, Prezident Kosovonun şimalındakı və Metoxiyadakı serbləri sakit olmağa və təxribatlara uymamağa çağırıb.
//AYNA//
Geri qayıt