Əsas Səhifə > Dünya > Çar tək qalıb: “Putinin dostları” onu bir-bir tərk etdi
Çar tək qalıb: “Putinin dostları” onu bir-bir tərk etdi16-12-2022, 08:29 |
Rusiya diktatoru öz hərəkətləri ilə özünün şərti olaraq “Putinin dostları” adlandırdığı bütün əlaltılarından məhrum etdi. Əvvəllər müttəfiq hesab etdiyi hər kəs ondan üz döndərməyə başladı. Əvvəlcə Qazaxıstan Prezidenti “DXR” və “LXR”i psevdo-respublika adlandırdı və onları tanımadığını bəyan etdi. Ardınca isə Rusiya Federasiyası ilə qaz ittifaqından imtina etdi. Çünki Qazaxıstan lideri Qərbin sanksiyalarına qarşı gəlməyi planlaşdırmır. Daha sonra Özbəkistanın energetika naziri də analoji bəyanatla çıxış edərək, ölkənin “milli maraqları təhdid edən siyasi şərtlərlə” razılaşmadığını vurğuladı. Tacikistan Prezidenti isə rusların ölkəsinə qarşı hörmətsizliyi ilə bağlı bütün iradlarını Putinə bildirməklə özündə cəsarət tapdığını göstərmiş oldu. Rusiya iki səbəbdən bu vəziyyətə düşdü. Birinci səbəb odur ki, Rusiya Federasiyası Ukraynaya qarşı təcavüzə başlamaqla “sülhsevərliyi” ilə bağlı bütün mifləri dağıtdı. Axı Ukraynada baş verənləri kor belə gördükdən sonra bu illüziya nəhayət aradan qalxmalı idi. İkinci səbəb isə odur ki, bütün sivil dünyanın üz döndərdiyi, ağır sanksiyaya məruz qalan yaramaz ölkənin kimsə müttəfiqi olmaq istəmir, bundan qorxur. Çünki indi Rusiyaya yaxın olmaq öz ölkəni təhlükə altına almaq deməkdir. Bunu əslində Özbəkistanın energetika naziri dedi. İndi Rusiyaya kömək edəcək hər dövlət Qərbin sanksiyaları altına düşəcək. Postsovet ölkələri ilə Rusiya arasında münasibətlərin siyasi hissəsində baş verənləri də unutmayaq. Məsələn, Rusiyanın Qazaxıstandakı səfiri Borodavkinin birdən qazaxları “faşist və nasist” adlandırdığı qalmaqallı açıqlamaları var. Yəni o, Ukrayna ilə bağlı səsləndirdikləri cəfəngiyyatları Qazaxıstanla bağlı təkrarladı. Ukraynaya qarşı təbliğat tezisləri ruslar tərəfindən Qazaxıstana münasibətdə tətbiq olunmağa başlayanda qazaxlar buna necə reaksiya verməlidirlər? Təbii ki, cavab adekvat olmalıdır. Təbii ki, Rusiya Federasiyası ilə strateji tərəfdaşlığa dair boş sənədlər imzalamaq olar, bu müəyyən qərəd nəzakət xatirinədir. Çünki həyatın reallıqları var. Nəzakət üçün Qazaxıstan Prezidenti Tokayev Rusiya Federasiyasına səfər etdi və burada dostluq və tərəfdaşlıq haqqında danışdı. Amma reallıqda Qazaxıstan Rusiya ilə tərəfdaşlıq istiqamətində ciddi addım atıb-atmamaq barədə ciddi düşünəcək... Ola bilsin ki, qazaxlar və digər postsovet ölkələrinin nümayəndələri arasında dostluq haqqında belə söhbətlər qalsın və gələcəkdə onlar işğalçı ölkə ilə münasibətlərdə balansı saxlamağa məcbur olsunlar. Amma əslində onlar Putindən getdikcə uzaqlaşacaqlar. “Biz öz seçimimizdə azad olmaq istəyirik” – hətta bir vaxtlar özlərini Moskva ilə yaxın görən ölkələr də bu gün bu fikirdədirlər. Və biz artıq oriyentasiyanın dəyişdiyini görürük. Məsələn, həmin Qazaxıstan artıq Çinə daha çox yaxınlaşır. Azərbaycan təbii müttəfiqi Türkiyə ilədir. Mərkəzi Asiya ölkələri də Rusiya ilə ticarət üçün alternativlər axtarışındadırlar. Bəli, Rusiya Federasiyası Şimali Koreya, İran və müəyyən dərəcədə siyasi baxımdan Çin kimi yeni müttəfiqlər tapır. Lakin onlar rusların yanında o vaxta qədər qalacaqlar ki, Moskva heç olmasa müəyyən xətt tuta bilsin. Ukrayna Silahlı Qüvvələri Rusiyanı öz yerinə oturdan kimi onun bu müttəfiqləri də olmayacaq. Əslində bu proses artıq başlayıb desək, yanılmarıq. Artıq Çinin Səudiyyə Ərəbistanından neft alışını artırmaq niyyətində olduğu barədə məlumatlar var. Və “Bloomberg” mənbələrinə görə, Hindistanın Baş naziri Narendra Modi "nüvə müharibəsi ehtimalı" ilə bağlı son hədələrdən sonra Putinlə görüşdən imtina edib. Bütün bunlar təsadüf deyil. Dünyanın hər bir ölkəsi aydın başa düşür ki, Rusiya Federasiyası ilə gələcək tərəfdaşlıq onlara iqtisadi cəhətdən çox baha başa gələcək. Hindistan çətin ki, kollektiv Qərblə münasibətləri korlamaq istəsin. Çinin xarici ticarətinin 70 faizi Avropa İttifaqı və ABŞ-la bağlıdır. Yəni Rusiyaya yardım və Qərbin sanksiyalarını pozması Çin iqtisadiyyatının sonu demək olacaq. İran isə böyük ehtimalla o həddə oynayacaq ki, ABŞ bu ölkəni həmişəlik nüvə ambisiyalarına son qoymağa məcbur edəcək tədbirlər görəcək. Türkiyədən başqa "həm sənə, həm də mənə" oyunu oynayan ölkə yoxdur. Amma Türkiyə də İstanbula axışan ruslarla ticarət əlaqələri saxlamaqdan, minlərlə rus turistin gəlişindən ancaq qazanır. Digər tərəfdən, Türkiyənin Ukraynaya yardım etməsi, beynəlxalq hüquqa uyğun olduğunu nümayiş etdirməsi faktı var. Faktiki olaraq Rusiya özünü tam təcrid yolu ilə aparır və Putin artıq müttəfiqsiz qalıb. Yalnız Minsk-Moskva siyasi oxu var. Lakin Lukaşenko artıq ayrı bir ölkənin lideri yox, Putinin nəzarətində olan Minsk qubernatoruna çevrilib. Dünya liderlərinin heç biri isə öz adını Putin, Lukaşenko, Gerasimov və Şoyqu ilə eyni sırada görmək istəmir. Müəllif: Vladimir Oqrızko - Ukraynanın keçmiş xarici işlər naziri Mənbə: UNİAN Qeyd: tərcümə AYNA-ya məxsusdur Geri qayıt |