Əsas Səhifə > Dünya > Rusiya-Ukrayna müharibəsi: Sonu görünmür
Rusiya-Ukrayna müharibəsi: Sonu görünmür17-12-2022, 09:24 |
Almaniya Ukraynaya döyüş sursatı tədarükünü asanlaşdırmaq üçün zavod tikəcək. Bu barədə “Deutsche Welle” məlumat yayıb. Bildirilib ki, Almaniyanın “Rheinmetall” müdafiə konserni ölkədə özünün istehsal zavodunu tikmək barədə qərar qəbul edib. Məqsəd isə Müdafiə Nazirliyini muxtar şəkildə hərbi sursatla təchiz etməkdir. Bu həm də Almaniyanın Ukraynaya tədarük etdiyi “Gepard” özüyeriyən zenit-raket kompleksi üçün mərmilərin də tədarükünə yardım edə bilər. Şirkət nümayəndəsinin sözlərinə görə, Almaniya hökuməti uyğun sifariş göndərsə, onda Ukrayna 300 min döyüş sursatı ala bilər. Maraqlıdır, bütün bunlar Ukraynadakı müharibənin hələ uzun müddət davam edəcəyini göstərir? DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Almaniya müxtəlif formalarda Ukraynanın müdafiə qabiliyyətin gücləndirilməsinə töhfə verib: “Nəzərə almaq lazımdır ki, “Gepard” özüyeriyən zenit-raket kompleksi Rusiya ordusunun aqressiv hücumları qarşısında kifayət qədər önəmli müqavimət və müdafiə qabiliyyəti formalaşdırıb. Eyni zamanda, Almaniyanın Ukraynada hərbi zavod tikməyi müharibənin bundan sonrakı taleyində Ukraynanın ciddi şəkildə güclənməyinə səbəb olacaq. Çünki artıq bu silah-sursatların daşınma xərcləri azalacaq, eləcə də Ukrayna ərazisinin özündən ordunun təchizatı və təminatı həyata keçiriləcək. Təkcə Almaniyanın deyil, bütövlükdə Qərbin kütləvi şəkildə dəstək verməsi Rusiya-Ukrayna müharibəsinin bundan sonrakı gedişində Ukraynanın yeni qələbələrinə rəvac verəcək. Həmçinin, baş verən hadisələrin analizləri göstərir ki, Rusiya-Ukrayna müharibəsi qısa zamanda yekunlaşmayacaq. Yəqin ki, bu savaşın növbəti arialı bütün 2023-cü il boyu davam edəcək”. Geri qayıt |