Əsas Səhifə > Dünya > İran sanki bizi gözləyirmiş

İran sanki bizi gözləyirmiş


14-01-2014, 11:13
İran sanki bizi gözləyirmiş
İranda ailələrin dərman və müalicə xərcləri ötən 10 ay ərzində 41 faizdən çox artıb. Bunu İranın sosial rifah, əmək və korporasiya naziri Əli Rəbii deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
Rəbii bildirib ki, dərman və müalicə xərcləri bir ailənin orta gəlirinin 70 faizini təşkil edir.
O, ölkənin sosial rifahının təmini üçün əhalinin sığotalanması prosesinin Avropa standartlarına uyğun həyata keçirilməsinin zəruriliyi vurğulayıb.
Rəbii deyib ki, hazırda ölkənin ən böyük sığorta şirkəti olan "Sığorta Təminatı" əhalinin 37 milyon nəfərini sığortalayıb: "Həmin şirkət əhalinin dərman və müalicəsi üçün öhdəliklərini tam yerinə yetirə bilmir, həkimlər və apteklər də bu şirkətin sığortaladığı şəxslərə xidmət göstərməkdən boyun qaçırır".
İran KİV-nin məlumatına görə, hazırda bu ölkədə əhalinin 13 milyon nəfərindən çoxu heç bir sığorta şirkəti tərəfindən sığortalanmayıb. Onlar daha çox əyalətlərdə və kəndlərdə yaşayanlardır, müalicə xərclərinin ödənilməsi üçün də iqtisadi durumları bir o qədər yaxşı deyil.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan və İranın maliyyə, ticarət, energetika və nəqliyyat sektorlarını əhatə edən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərib. Həmin sanksiyalar milli valyutanın dəyərinin düşməsinə təsir etməklə yanaşı, ölkəyə bəzi dərman preparatlarının idxalı üçün də problemlər yaradıb. Belə ki, son vaxtlar, İran KİV-nin məlumatına görə, ölkə bazarında bəzi yoluxucu, xərçəng, diabet və digər ağır xəstəliklərin müalicəsi üçün lazım olan 90 növ dərman preparatını tapmaq çətinləşib və onların qiymətləri artıb.

Geri qayıt