Əsas Səhifə > Dünya > Putinin Ukraynanı İŞĞAL BƏHANƏSİ...
Putinin Ukraynanı İŞĞAL BƏHANƏSİ...16-01-2023, 08:20 |
Rusiya prezidenti Vladimir Putin və onun özü kimi ətrafı “rus dünyasının müdafiəsindən” çox danışırlar, elə Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibənin başlanması səbəbini də bununla izah edirlər. Yəni Putin deyir ki, guya o Ukraynadakı rusları Kiyevdəki “faşist rejimindən” qurtarmaq üçün müharibəyə başlayıb. Bu bəhanədir. Rus dünyasını düşünən birisi Ukraynanın şəhərlərini bombalamaz, mülki insanları qətlə yetirməz. Rusiyanın işğalçı ordusu geri çəkildiyi ərazilərdə qətliamlar törədib, kim zəmanət verə bilər ki, Buçada öldürdükləri insanlar arasında milliyətçə ruslar olmayıb? Və ya Rusiya dünən axşam Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub, böyük bir bina dağılıb, dağıntılardan onlarla cəsəd çıxarılıb. Kim zəmanət verə bilər ki, dağıntılar arasında ölənlər içərəsində rus mənşəli Ukrayna vətəndaşı yoxdur? O biri tərəfdən Kreml sahibi müharibədə gənclərini ölümə göndərir, say 100 mini keçib. Putin ölümə göndərdiyi gəncləri də düşünmür. Rusiyanın müxalifət liderlərindən Qriroqi Yavlinski son müsahibəsində doğru deyib, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi SSRİ-nin Almaniyaya qarşı müharibəsinə bənzəmir. Almaniya SSRİ-yə hücum etmişdi, SSRİ işğalçılara qarşı savaşırdı, indi isə tərsinə işğalçı Rusiyadır, işğala qarşı savaşan isə Ukraynadır. İşğalçılar gec və ya tez məğlub olurlar. Elxan Şahinoğlu - DİA.AZ Geri qayıt |