Əsas Səhifə > Dünya > Zəlzələ Ərdoğanı yıxacaqmı?

Zəlzələ Ərdoğanı yıxacaqmı?


14-02-2023, 08:10
Zəlzələ Ərdoğanı yıxacaqmı?
“Cümhuriyət” qəzetinin baş redaktoru olmuş Can Dündar (1961) AKP iqtidarına qarşı radikal müxalifətdə olan araşdırmaçı jurnalist kimi tanınır. Türkiyədə iqtidar tərəfindən təqib olunduğuna görə 2016-ci ildən Almaniyada siyasi mühacir kimi yaşayır. Ziddiyyətli adamdır. Məsələn, onun Mustafa Kamal Atatürkün həyatından bəhs edən filmi 2008-ci ildə yayımlanadı. O, Atatürkü mühakimə etdiyinə və pislədiyinə görə ciddi tənqidlərə məruz qaldı...
Bugünlərdə o, belə bir fikir səsləndirdi ki, Ərdoğan zəlzələ üzərindən hakimiyyətə gəldi, elə zəlzələ üzərindən də iqtidardan gedəcək.
Azərbaycanda Ərdoğana "Şərdoğan" deməklə xoşbəxt olan zehniyyət bu fikirdən dördəlli yapışdı.
Söhbət hansı zəlzələdən gedir? 1999-cu ildə Türkiyənin İzmit şəhərində dəhşətli zəlzələ baş verdi. Avqustun 17-də baş verən 7,6 bal gücündə olan zəlzələ zamanı 18 mindən çox adam öldü. 5 mindən çox adam itkin düşdü. Zəlzələ zamanı 40 min nəfərin öldüyünü deyən mənbələr də var. Ancaq bu, qeyri-rəsmi mənbələrdir.
Ümumilikdə zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəymişdi.
Xatırladıram: AKP 2001-ci ilin avqustunda yaranıb. 2002-ci ildə isə iqtidara gəlib. Yəni arada ən azı 3 il fərq var. Ərdoğan iddia etdiyiniz kimi, zəlzələyə görə yox, 1997-ci ildə Siirtdə mitinq zamanı oxuduğu "Balkan Savaşı"na bağlı şerə görə məşhurlaşdı. Bu şerə görə də özünə demokrat deyənlər (Süleyman Dəmirəl) onu həbs etdi. Özü də o, həbs olunanda o boyda İstanbulun bələdiyyə sədri idi. 10 ay cəza aldı, 4 ay zindanda qaldı...
Şübhəsiz ki, Ərdoğan müəyyən çıxışlarında İzmit zəlzələsi ilə bağlı tənqidi fikirlər səsləndirib. Ancaq bu zəlzələ söhbəti onun siyasi nüfuzuna elə bir ciddi təsir etməyib. Bu, heç mümkün də deyil. Yuxarıda vurğuladığım kimi, arada 3 illik fərq var. Tayyip Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olduğu illərdə (1994-1998) gördüyü möhtəşəm işlərə görə şəhər sakinləri arasında şöhrət qazandı. Yəni adam əməllərinə görə xalq tərəfindən sevildi. Səbəb budur...
Elbəyi Həsənli - DİA.AZ

Geri qayıt