Əsas Səhifə > Dünya > Putin açıq müharibə üçün düyməni basır!

Putin açıq müharibə üçün düyməni basır!


20-02-2023, 11:10
Putin açıq müharibə üçün düyməni basır!
Məsələ o həddə yaxınlaşır ki, bu vaxta kimi Ukraynanın arxasında gizlənib milyard dollarlarla pul, silah və sursatla Kiyevə dəstək olan, aktyor Zelenskini şir kimi ürəkli olmağa səsləyən avropalı siyasətçilər, deyəsən bu fevralda Vladimir Putinin sərt yumruğunu “dadacaqlar”. Məsələ artıq siçan-pilik oyunu oynamaqdan çıxıb. Bu vaxta qədər Moskva paslanmış tankları və Ukraynada yeməyə toyuq qanadı axtaran əsgərləri ilə yalançı görüntü yaradırdısa, artıq məsələ açıq müharibə formatına keçir. Onsuz da afrika cəngəlliyindəki bisavada da aydındır ki, qədim slavyan torpaqlarında Moskvaya qarşı ukraynalı xaxollar yox, NATO və ABŞ başbilənləri vuruşurlar.

Qoca Bayden düz 20 il əvvəl beyninə yerləşdirib ki, qərblə Rusiyanın siyasi sərhədləri artıq Ukraynadan çəpərlənsin. Şərqi Avropa ölkələri, keçmiş sovet dövlətləri olan baltikyanı respublikalar NATO çətiri altına girəndən sonra qərb strateqləri artıq Moskvanı evin içinə qısnamağı düşündülər və Gürcüstandakı uğursuz layihədən sonra gücü Ukraynaya verdilər. Sözsüz ki, qərbdəkilərin, lap elə qoca Co Baydenin evin düz içinə kimi gəlib soxulmalarına görə elə Kreml sahibləri də az günahkar deyillər. Hakimiyyətdə olduğu vaxtlarının çoxunu içki ilə əylənməkdə keçirən Boris Yeltsin bir də ayıldı ki, Rusiyanın özü daxildən param-parça olur. Onun “Vodka” içə-içə MDB ölkələrində baş verən prosesləri nəzarətə almaq şansı belə qalmamışdı.

Fakt odur ki, Vladimir Putin rus dövlətinin başına gətirilməsəydi, Rusiyanın daxildən parçalanması qarşısıalınmaz olacaqdı. Düzdür qərb Rusiyanın bu şəkildə parçalanmasını arzulamazdı. Çünki hazırkı Rusiya Federasiyasının tərkibindəki əksər respublika və vilayətlər müsəlman və türkdillidir. Keçmiş sovet xəritəsində, Rusiyanın içindən türk və müsəlman toplumlarının azadlığı Rusiyadan əvvəl qərbdəkilərin özlərinin qəti arzulamadıqları versiyadır. Burası belədir.

Amma sözü ona gətirirəm ki, B.Yeltsinin hakimiyyəti zamanında Moskva bir çox MDB ölkələri ilə “lazımı qədər məşğul” ola bilmədi və indi “evin içində” qərbdəkilərə qarşı vuruşmaqla bunun acı nəticələrinə qatlanmaqdadır. Məsələ məlumdur. Qoca Co Bayden uzun illərdir özündən razı V.Putini cəzalandırmaq istəyirdi və 2003-cü ildən siyasi laboratoriya kimi istifadə etdiyi Ukraynanı-qədin slavyan torpaqlarını bu gün qanlı döyüş meydanına çevirib. Əsl qanlı laboratoriya. Minlərlə insanın ölümü, şərqi Avropa boyu yurdsuz-yuvasız qaçqın ordusuna çevrilən ukraynalılar...

Yuxarıda da dediyimiz kimi, hər kəs bilir ki, Ukrayna Rusiyaya qarşı vuruşmaq bir yana, Kremlə qarşı təpki yaratmaq gücündə belə deyil. Məlumdur ki, bu gün qədim slavyan torpaqlarında Rusiya əleyhinə bu qanlı müharibə oyununda minlərlə “könüllü” NATO əsgərləri, milyonlarla dollarlıq silah-sursat rol oynayır. Amma nədənsə qərbdəkilər V.Putinlə açıq müharibəyə cəsarət etmirlər. Burda iki səbəb var. Birinci səbəb odur ki, Ukrayna hərbi formasında gizlənən qərb qüvvələrinə hazırkı situasiya çox sərf edir. Onlar indi rusların qarşısına ukraynalı kimi çıxır. Ruslar da slavyanlara qarşı döyüşmək istəmir və V.Putinin elan etdiyi səfərbərlikdən canlarını qurtarmaq üçün ölkədən kütləvi şəkildə qaçıb gedirlər. Bu hal, xüsusilə qərbdəkilərin ən çox sevdikləri situasiyadır. “Slavyanı slavyana qırdırmaq” təsəvvürü yaratmaq həm də Rusiya daxilində V.Putinin sərt hökmranlığına baxmayaraq, hazırkı kreml rəhbərinə qarşı etimadsızlığı sürətlə dərinləşdirir.

İkinci məqam odur ki, qərbdəkilər Rusiya ilə açıq müharibəyə girməyə ona görə qorxurlar ki, ruslar tarixən “yatmış ayı” ayaması ilə məşhurdurlar. Onu oyandırmaq, rusların qarşısına NATO qüvvəsi kimi çıxmaq o deməkdir ki, hər bir rus artıq qarşısında slavyan qardaşını deyil, amerikalı düşmən əsgərini görəcək və bundan sonra rus əsgərinin çəkmələri üzü Avropaya addımlayacaq. Elə qərbin də qorxduğu bu deyilmi?.

Və... və hazırda V.Putin ikinci variantı reallaşdırmaq üçün gün sayır. Çünki qərb artıq ona başqa seçim yeri qoymayıb. Ya qanlı gizlənpaç formasında davam edən lokal müharibədə Rusiyanı batırıb intihar etməlidir, ya da bu müharibənin əsl hədəfinin Ukrayna məsələsi deyil, Rusiyanı öz evində diz çökdürmək planı olduğunu elan edib, Rusiyanın görməli olduğu işi görməlidir. Ukrayna ərazisindəki bu müharibə Moskvanın diktəsi ilə bitəcək, burası tam aydındır. Amma necə, son nəticə necə olacaq?,- bunu da V.Putin hamıdan yaxşı bilir...

Mətləb Salahov
DİA.AZ

Geri qayıt