Əsas Səhifə > Dünya > Ukrayna müharibəsinin əks-sədası:
Ukrayna müharibəsinin əks-sədası:21-02-2023, 16:44 |
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümü yaxınlaşdıqca müharibənin strateji tərəfləri arasındakı münasibətlər sistemindəki gərginlik qabarır. NATO-nun iki əsas gücü ABŞ və Britaniya cütlüyünü ən çox narahat edən məqam Çinin Rusiyaya silah ixrac etmək potensialını nəzərdən keçirməsidir. Hərçənd ki, Çin ABŞ tərəfindən səslənən bəyanatların həqiqəti əks etdirmədiyini deyir. Ancaq məsələnin miqyası təkcə Ukrayna mövzusu ilə də bitmir, çünki Çin ABŞ-yə qarşı hərbi ritorikasını səmada da göstərir – uçan şarlar vasitəsilə Vaşinqtonun reaksiyalarını yoxlayır və onun əsəblərini tarıma çəkir. Ukraynadakı müharibə ABŞ ilə Çin arasında onsuz da gərgin olan münasibətlərin üstünə benzin tökdü və Tayvanın güc yolu ilə Pekinin yurisdiksiyasına birləşdirilməsi aktuallaşdı. ABŞ-nin başının Ukraynaya qarışdığı bir zamanda Çin Tayvanın yekun statusu ilə bağlı fundamental iddialarını böyüdür, Vaşinqton isə Pekinə qulaqburması verməkdən ötrü səylərini xərcləyir. Lakin ABŞ-nin müdaxilə imkanları yan təsirlərini göstərir, belə ki, Çin hava şarlarından ibarət “ordusunu” Vaşinqtonun strateji maraqlarının xəttini zədələmək üçün istifadə edir. Bu cür mənzərə ABŞ-nin Çin və Tayvan arasındakı gərginliyin idarə edilməsindəki imkanlarını zəiflədə bilər. Çünki Pekin ən azından ABŞ-ni iki mühakimə ilə qorxutmaq gücünə malikdir. Birinci, Çin Rusiyaya silah tədarükü versiyasını Tayvan kartında Vaşinqtona qarşı şantaj siyasətinə keçirmək istəyir. Əgər ABŞ həqiqətən də Ukraynaya sona qədər dəstəkdə maraqlıdırsa, onda Çinin Rusiyaya silah ixracı gerçəkləşdirməməsində qətiyyət göstərməlidir. Lakin bu zaman Çinin şərti meydana çıxacaq: Tayvan probleminin həllində Çinə maneə yaradılmasın. İkinci, hava şarlarından ibarət şəbəkə ABŞ-nin strateji obyektlərinin koordinatlarını götürüb və Pekin danışıqlarda bunu Vaşinqton əleyhinə çəkindirmək aktı kimi ortaya qoyur. Yəqin Çin bu iki versiyanı əldə tutmaqla belə qənaətə gəlir ki, ABŞ Tayvan mövzusunun ipini əlindən buraxıb qaçacaq. Lakin məsələ göründüyü qədər sadə deyil, çünki ABŞ-nin Tayvanı əldən verməsi onun Cənubi Çin dənizindəki maraqlarını batıra bilər ki, Vaşinqton da belə bir xəttə getməz. Çin bu versiyanı da ayaqda saxlayır, ona görə də Rusiya ilə qarşılıqlı ehtiyaclar çərçivəsində əməkdaşlığı ABŞ-Britaniya ikilisinin qlobal təsirlərini sarsıtmaq məqsədlərinə kökləyir. Bu məntiqlə Çinin Rusiyanı hərbi yardımla təmin etmək istəkləri ilə bağlı iddialar həqiqət kimi səslənir, hərçənd ki, Pekin hələ də ehtiyatlı mövqeyindən tamamilə yayınmayıb. Ukraynadakı müharibənin nəticələri Rusiyanın xeyrinə doğru dəyişsə, NATO-nun təhlükəsizlik arxitekturasının sütunları çatlayacaq. Çin bu cür mənzərənin yarana bilməsindən narahat deyil, çünki başa düşür ki, onun NATO ilə əməkdaşlığı üçün açıq sahə demək yoxdur. Ukraynanın gələcəyinə dair yekun baxışlar aydın olsa, Tayvan mübahisələri qızışacaq, çünki Çinin iddialı rolu ABŞ üçün qəbuledilməzdir. ABŞ-nin narahatlıqlarla bağlı dünyagörüşündə yer alan digər məqam Ukrayna müharibəsinin gedişatında Çin-Rusiya-İran üçlü oxunun yaradılması ehtimallarıdır. Ancaq Rusiya və Çin İranın təhlükəsizlikdən irəli gələn qorxularını sakitləşdirməkdə maraqlı deyil, onlar Tehrana daha çox iqtisadi tərəfdaş kimi baxışlarını zilləyirlər. Qərbin İrana qarşı sanksiyalarında Rusiya və Çini təşvişə salan məqamlar da iqtisadi meyarlarla əlaqəlidir. İran isə fərqli məntiqdədir, o mənada ki, Tehran Rusiya və Çinlə əməkdaşlığı özünə qarşı güclənən beynəlxalq iradəni sarsıltmaq, nüvə proqramını genişlətmək prizmasından dəyərləndirir. Ancaq Rusiya-Çin tandemi İranla sıx iqtisadi əməkdaşlığa üstünlük versə də, onların maraqları Tehranın nüvə faylı ilə uzlaşmayacaq. Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ Geri qayıt |