Əsas Səhifə > Dünya > Paşinyan Putinə xəyanət edir: Kimi seçəcək?

Paşinyan Putinə xəyanət edir: Kimi seçəcək?


28-02-2023, 18:03
Paşinyan Putinə xəyanət edir: Kimi seçəcək?
Avropa Parlamenti Ermənistana ultimatum verib.

Bildirilib ki, Avropa Parlamenti ilə rəsmi İrəvan arasında əməkdaşlığın intensivləşdirilməsi yalnız Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvlüyünə xitam verildikdən sonra mümkün olacaq.

Hətta ermənipərəst deputat Marina Kalyurand Avropa İttifaqının (Aİ) bu gün Ermənistanın Rusiya və Belarusla Gömrük İttifaqının bir hissəsi olmasına göz yummayacağını vurğulayıb:

“Biz Ermənistanın bu gün KTMT-nin Rusiya ilə birlikdə müdafiə təşkilatının üzvü olmasına göz yuma bilmərik. Ona görə də sizin ölkəniz, xalqınız və hökumətiniz Aİ ilə hansı səviyyədə əməkdaşlıq etmək istədiyinə qərar verməlidir”.

Görünür, Qərb artıq açıq şəkildə Ermənistanın seçim etməsini istəyir. Onlar rəsmi İrəvanın Moskva ilə olan yaxın münasibətlərini və mütəffiqliyini qəbul etmirlər. Üstəlik, bir müddətdir Ermənistanda da gündəmdə olan KTMT-dən çıxmağı Avropa da tələb edir. Şübhəsiz ki, bütün bunlar Rusiya tərəfindən xoş qarşılanmayacaq.

Bəs indiki vəziyyətdə Ermənistan hansı addımı atacaq?

DİA.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, Ermənistan açıq şəkildə Qərb yönünü seçməklə bağlı hər ay keçdikcə daha artıq istək nümayiş etdirir:

“Avropa Parlamenti Ermənistanda demokratiya çağırışları, insan haqları, yoxsa müasir həyat standartları gətirəcək? Yəni bunun üzərindən bir siyasi ideologiya inşa olunur, lakin Ermənistan o dövlət deyil ki, xarici güclərin maraqlarını uzlaşdırsın.

Ermənistan o maraqları toqquşduran dövlətdir. Bunlar fərqli anlayışlardır. Rəsmi İrəvanın bu addımlarına adekvat olaraq Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Ermənistanın ikinci Ukrayna olacağı fikri ağlıma gəlir. Bax bu kəskin münasibətlər fonunda Ermənistan Avropa Parlamentinin çağırışı ilə Qərbə meyillənmək və açıq şəkildə Qərb yönünü seçməklə bağlı hər ay keçdikcə daha artıq istək nümayiş etdirir”.

Politoloq əlavə edib ki, Ermənistanda Rusiyanın Ukrayna müharibəsini uduzduğunu hesab edirlər:

“Rusiyanın Qafqaza real təsirləri zəifləyir, amma ermənilər bir az tələsirlər. Çünki həmin Qərb Rusiyaya gündə 551 milyon dollar neft-qaz pulu ödəyir və ondan tamamilə imtina etməyi düşünmür.

Bu, bir növ ABŞ-Çin münasibətlərinə bağlıdır. İndi hamı Çindən mövqe gözləyir. Qərb onlardan müharibəyə qoşulmamağı rica edir, Kreml isə dünyanın bölüşdürülməsinə Çinin də daxil olacağına və müəyyən üstünlüklər əldə edəcəyinə inanır. Ermənistan Rusiya siyasətini belə prizmada qiymətləndirir.

Rusiya isə açıq şəkildə Nikol Paşinyanı qiyamla və 102-ci hərbi bazanı işə salmaqla hədələyir. Heç şübhəsiz ki, Qarabağdakı ermənilər kartı və Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsi məsələsi də burada var. Bütün bu geniş spektorda Kreml Ermənistana təzyiq mexanizmlərinə malikdir.

Avropa isə bunu bilərək Vətən müharibəsindən sonra dərhal bir oyun quran mərkəz kimi son 6 ayda fəallaşdı və bölgəyə daxil oldu. İrəvanı da şirnikləşdirən və addım atmağa vadar edən məhz bu faktorlardır”.

Əziz Əlibəylinin sözlərinə görə, Ermənistan Rusiyaya aid təchizatlardan çıxmaq məsələsini reallaşdırmağa çalışacaq:

“Onlar ruslara zərbə vuracaq bir çox ssenariləri nəzərdən keçirə bilərlər. Buraya rus qoşunlarının Ermənistandan çıxarılması, ölkənin KTMT və MDB-dən çıxması da daxildir. Paşinyan iqtidarı gün keçdikcə özünü daha qüdrətli hesab edir və Qərbdən verilən dəstək müqabilində bu ssenariləri reallaşdırmaqda xeyli qərarlı görünür”.

Geri qayıt