Əsas Səhifə > Dünya > Tokio qarşıdurmaya hazırlaşır
Tokio qarşıdurmaya hazırlaşır1-03-2023, 11:27 |
Yaponiyanın baş naziri Fumio Kisido aktiv xarici siyasət həyata keçirir. O “böyük yeddilərə” (G7) üzv dövlətlərin tamamına səfər edərək həmkarlarıyla Yaponiyanı narahat edən mövzuları müzakirə edib. Fumio Kisido yanvarın 13-də ABŞ prezidenti Co Baydenlə Vaşinqtonda görüşərək iki ölkə arasındakı hərbi əməkdaşlığın inkişafı mövzularını müzakirə edib. Vaşinqton Çinin artan hərbi gücündən ehtiyat edərək Tokionun hərbi imkanlarını artırmasına etiraz etmir. Tokionun ötən ilin dekabrında qəbul etdiyi “təhlükəsizlik strategiyasında” Yaponiyanın yaxın 5 ildə hərbi qüdrətini bir neçə dəfə artırmaq planlaşdırılıb. Fumio Kisido Ağ Evdə Ukrayna və Tayvan mövzularını da geniş müzakirə edib. Çünki hər iki mövzu birbaşa Yaponiyanın təhlükəsizliyi ilə bağlıdır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Tokionun Kremllə münasibətləri gərginləşib. Tokio Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib. Rusiyanın yeni Konstutisiyasına görə, heç bir ölkəyə ərazi güzəşti edilməyəcək. Yəni Rusiya İkinci Dünya müharibəsindən sonra işğal etdiyi Kuril adalarını Yaponiyaya qaytarmayacaq. Çinin Tayvanı ələ keçirmək planları da Tokionu ciddi narahat edir. Tokioda hesab edirlər ki, Çin Tayvanı ələ keçirərsə, bölgədə hərbi gücünü artıracaq və bu Yaponiya üçün təhlükəyə çevriləcək. İndinin özündə Çin Yaponiya sahillərinə yaxın sularda hərbi təlimlərin sayını artırıb. Digər tərəfdən Yaponiya ticarətinin 90 faizini gəmilər vasitəsilə Tayvan adasının ətrafından həyata keçirir. Çin Tayvanı ələ keçirərsə, Pekin Yaponiyanın ticarət yollarına da nəzarəti ələ keçirəcək. Tokio Çinin Tayvandan sonra Yaponiyaya məxsus kiçik adaları işğal edəcəyini düşünür. Yaponiya Tayvan ətrafındakı kiçik adalarında raket qüvvələri yerləşdirir. Yaponiya uzaq mənzilli raketlərin istehsalına da başlamağı və həmin adalarda yerləşdirməyi planlaşdırır. Yaponiya bundan başqa ABŞ “Tomahawk” raketlərini də almaq istəyir. Tokio keçmiş illərdə ABŞ-la Çin arasında nisbi balans siyasəti həyata keçirirdi. Bu dövr arxada qalıb. Tokio hazırda birmənalı şəkildə ABŞ-ın Çinə qarşı sərt siyasətini dəstəkləyir. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ Geri qayıt |