Əsas Səhifə > Dünya > İran 90 faizə yaxınlaşıb

İran 90 faizə yaxınlaşıb


6-03-2023, 11:43
İran 90 faizə yaxınlaşıb
İran uranın zənginləşdirilməsini 84 faizə çatdırıb. Bununla Tehran nüvə silahını hazırlamağa xeyli yaxınlaşıb. Nüvə silahını əldə etmək üçün uranın 90 faizə qədər zənginləşdirilməsi lazımdır. Bu rəqəmə çatmaq üçün Tehrana heç nə mane olmur. Halbuki, İranın “altılıq” (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin və Almaniya) ölkələrlə 2015-ci ildə imzaladığı sazişə görə, Tehran mülki məqsədlər üçün uranı 3.67 faizə qədər zənginləşdirəcəyini vəd etmişdi. Ancaq ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evə yiyələnən kimi həmin 2018-ci ildə sazişdən imtina edərək İrana qarşı sanksiya siyasətinə qayıtdı. Bunun qarşılığında Tehran da sazişdən imtina edərək uranın zənginləşdirilməsinə başladı. Tehran iddia edir ki, uranı 60 faizə qədər zənginləşdirib, ancaq kəşfiyyat məlumatlarına əsaslanan Qərb ölkələri buna inanmırlar.
Hadisələrin bu istiqamətdə inkişafı ən çox İsraili narahat edir. İsrail illər boyu Qərb ölkələrini Tehrana inanmamağa çağırıb. İsrail İranın nüvə silahı əldə etməsinə seyrçi qalmayacağını bəyan edib. Çünki Tel-Əviv bilir ki, İranın nüvə silahı İsrailə tuşlanacaq. İsrailin baş naziri Benyamin Netanyahu bir neçə gün əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə İranın nüvə silahı mövsuzu ətrafında fikir mübadiləsi aparıb. Blinken özü də bu mövzunu Münhen Təhlükəsizlik Konfransında avropalı tərəfdaşlarıyla müzakirə edib. Məsələ burasındadır ki, İrandakı dairələr uranın zənginləşdirilməsinin indiki rəqəmləri ilə də nüvə silahı əldə edə bilərlər. Misal üçün ABŞ-ın 1945-ci ildə Yaponiyanın şəhərlərinə atdığı atom bombaları uranın 80 faiz zənginləşdirilməsindən əldə edilmişdi.
Tehran nüvə silahı əldə edilməsində özündə sərbəst hiss edir. Tehran hesab edir ki, nüvə sazişi pozulduğuna görə heç bir dövlət onu ittiham edə bilməz. O biri tərəfdən ABŞ-la yanaşı Avropa İttifaqının da İrana qarşı sanksiyaları sərtləşib. Brüssel bir neçə gün əvvəl İranın 32 fiziki və 2 hüquqi şəxsini sanksiyalar siyahısına əlavə edib. Həmin şəxslər İranda insan hüquqlarının pozuntusunda ittiham edilirlər. Bu sanksiyaların İranın nüvə silahına yiyələnməsi çalışmaları ilə əlaqəsi olmasa da, Tehranla Qərb arasında artan gərginlikdən xəbər verir.
İranın uranı zənginləşdirmək çalışmalarını tərəfdaşları Rusiya və Çini narahat etmir. Adətən nüvə dövlətləri ətraflarında özləri kimi nüvə dövlətlərinin artmasını istəmirlər. Ancaq Moskva və Pekin Tehrana mane olmurlar. Əksinə, Tehran Rusiyaya silah və sursat göndərir, Çinlə isə iqtisadi əlaqələri genişləndirir. İran lideri İbrahim Rəisinin bir neçə gün əvvəl Çinə səfərini hər iki tərəf uğurlu adlandırıb. Çin İrana yüzmilyardla dollar yatırım qoyacağını vəd edib. Moskva və Pekin İran məsələsində “düşmənimin düşməni mənim dostumdur” prinsipindən çıxış edirlər.
“Atlas” Araşdırmalar Mərkəzi

Geri qayıt