Əsas Səhifə > Dünya > Rusiya-Ukrayna müharibəsində YENİ FAZA

Rusiya-Ukrayna müharibəsində YENİ FAZA


7-03-2023, 08:17
Rusiya-Ukrayna müharibəsində YENİ FAZA
Rusiya Ukraynanın iri sənaye şəhəri olan Baxmutu mühasirəyə almaq və ələ keçirmək səylərini davam etdirir.
Şəhərin Rusiyanın işğalı altına düşməsinə yaxınlaşması cəbhənin fərqli istiqamətləri üzrə də əməliyyat planlarının hazırlanmasını labüd edir.
Rusiya genişmiqyaslı hava hücumlarına, Ukrayna isə əsasən, Xerson və Zaporojye vilayətlərini işğaldan azad etmək əməliyyatlarına hazırlıq görür.
Rusiya Ukraynanın gec-tez əks-hücuma keçəcəyini anlayır və tutduğu ərazilərdə müdafiəni gücləndirib, həmin cəbhələrdən gələcək həmlələrin qarşısındakı maneələri yarmağa çalışır.
Moskvada başa düşürlər ki, Ukraynaya qarşı canlı qüvvəni ayaqlandırmaq çətindir, çünki hərbi əməliyyatlar baxımından Ukrayna hərbçiləri daha yaxşı döyüş qabiliyyətinə malikdirlər.
Buna görə də Rusiya alternativlər axtarır və daha çox aviazərbələrlə Ukraynanın hərbi qüvvələrini, mülki infrastrukturunu sıradan çıxarıb taktiki üstünlüklər qazanmağı hədəfləyir.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı bildirir ki, Rusiya “UPAB-1500V” hava bombalarından istifadəyə başlayıb. Bu bombalar texnologiyasına və partlayıcı gücünə görə ciddi təhlükədir.
Rusiya Ukrayna müharibəsində aviazərbələrin Kiyevi məğlub edə biləcək potensialına güvənir, hərçənd ki, hələ də istədiklərinə nail ola bilməyib.
Ancaq Rusiyanın inam bəsləyə biləcəyi başqa bir əməliyyat taktikası yoxdur, ona görə də daha çox hava zərbələrini maksimallaşdırmağı qarşıya məqsəd qoyur.
Bu məqsədlə Rusiya Hərbi Hava Qüvvələrinin fəaliyyətində aktivlik dərəcəsi artırılır.
Rusiya Baş Qərargahı Rostovda və Ukraynanın ilhaq edilmiş Krım yarımadasındakı aerodromlarda hava hücumları və aviazərbələrdən qorunmaq üçün gücünü artırıb.
ABŞ-nin nüfuzlu “Atlantic Council” analitik mərkəzinin nəzdindəki Rəqəmsal Tədqiqat Laboratoriyası Rusiyanın aviasiya gücünün hazır vəziyyətə gətirildiyini sübut edən peyk görüntülərini toplayıb.
Rusiyanın aviazərbələrə üstünlük verməsi onun Ukrayna cəbhəsində hava məkanına nəzarət və bununla NATO-nu təhdid altında saxlamaq istəkləri ilə bağlıdır.
Çünki Qərbin Ukraynaya qırıcılar, güclü aviasiya vasitələri verəcəyi gündəmdədir, Moskva indidən onların tədarükünün qarşısını almaqdan ötrü tədbirlərini görür.
Müharibənin birbaşa tərəfi olmayan Avropa İttifaqı Ukraynadakı münaqişədən ən böyük əziyyətləri çəkir. O, bir tərəfdən, Rusiyanın hədə və şantajları, digər tərəfdən isə ABŞ-Britaniya ikilisi tərəfindən verilən təlimatların icrasındakı problemlərin arasında əzilir.
Nəzərə almaq lazımdır ki, Avropa İttifaqının üst quruluşları son onilliklər ərzində genişlənsə də, onun təhlükəsizliyini müəyyən edən əsaslar hələ də ABŞ-Britaniya tandemindən asılıdır.
Rusiya Ukraynadakı müharibənin nəticələrini elə şəkilləndirmək istəyir ki, həmin rıçaqları əlinə keçirərək Vaşinqton-London tandemini regiondan sıxışdırsın.
Lakin Kreml müharibənin nəticələrindən asılı olmayaraq, çətin ki, öz məqsədinə çata, çünki ABŞ və Britaniyanın nüfuz dairəsinin tarixi, siyasi, təhlükəsizlik, iqtisadi əsasları çox dərinə işləyib.
O, bir müharibə ilə sarsıla bilməz, hərçənd ki, Avropa İttifaqı modeli Ukraynadakı müharibə səbəbindən sarsıntı içərisindədir.
ABŞ-Böyük Britaniya ikilisi Ukraynadakı müharibənin strateji təhlükələrini analiz edir və Avropanın təhlükəsizliyində mərkəzi rola malik olduqlarını nümayiş etdirir.
Ukrayna münaqişəsi bu ikilinin sonrakı beynəlxalq rolunu müəyyənləşdirəcək, lakin müharibənin nəticələri kartların oynanılmasını müvəqqəti təxirə sala bilər.
Avropadakı arxitekturanın silkələnməsi Asiya uğrundakı rəqabəti daha da şiddətləndirir, ona görə də həm Rusiya, həm də onun rəqibləri Ukraynadakı müharibədən əlidolu çıxmağı hədəfləyirlər.
Rusiya indi üçün maksimalist mövqeyinə çatmağı aviazərbələrin gücləndirilməsi, Qərb isə Ukraynaya külli miqdarda silah tədarük etməkdə görür.
Baxmut oxu ona görə böyük strateji dəyərə malikdir ki, bura müharibənin sonrakı taleyinə həlledici təsir göstərəcək.
Bəs Ukraynadakı oxlar qlobal oyunçulardan kimin sinəsinə sancılacaq? Bunun mütləq proqnozlarını vermək çətindir, çünki nə danışıqlarda, nə də hərb meydanında böyük bir irəliləyiş mövcuddur.
Süstlük isə müharibənin strateji alovlarını böyüdür və Ukraynanın poliqon kimi istifadə edilməsinə münbit zəmin yaradır.
Aqşin Kərimov,
Siyasi şərhçi - DİA.AZ

Geri qayıt