Əsas Səhifə > Dünya > Hər kəsin Türkiyədə öz marağı var...
Hər kəsin Türkiyədə öz marağı var...8-03-2023, 08:00 |
Türkiyədə yaxınlaşan prezident seçkisinin nəticələrini qurmaq üçün qlobal güclər arasında çarpışmalar gedir. Qlobal diqqətlərin seçki prosesinə cəmləşməsi Türkiyənin oyunçuluq bacarıqlarının və güc balansındakı tarazlaşdırıcı mövqeyinin yönləndirilməsi üçün nəticələrin hasil edilməsinə yönəlir. Türkiyə Qərbin təzyiqləri ilə üzləşən ölkələr sırasında özünəməxsus yerdə qərarlaşır, Ankaranın PKK terrorçuları ilə mübarizəsi, Suriya və İraqdakı əməliyyatları, Cənubi Qafqaz orbitindəki güclənən iştirakı və sair Qərbin mütləq maraqları ilə uyğunluq təşkil etmir. Türkiyə ilə Rusiya hər nə qədər bir-birinə tərəfdaş olsalar da, bu iki ölkənin tarixi-siyasi istinadlar nöqtəsi onların gizli rəqibliyinə gətirib çıxarır. Beləliklə Türkiyədəki seçki Rusiya ilə Qərbin strateji xəttinin hansı formada davam edə biləcəyini müəyyən edən xarakterə malikdir. Ona görə də qlobal qütblərin uclarında dayanıb dünyanı öz malı kimi görən güclər Türkiyədəki proseslərə yön verərək seçki nəticələrinə təsir göstərməyə cəhdlər edirlər. Hərçənd ki, Türkiyənin xarici siyasətinin koordinatları dəyişməzdir və Ankara hakimiyyət kürsüsünə kimlərin yiyələnməsindən asılı olmayaraq dərin strateji maraqlarından əl çəkən deyil. Ancaq hakimiyyətdəki fiqurların şəxsi xarakteri, qətiyyətindəki doza bu xətti qlobal oyunçulardan hansının maraqlarına uyğun şəkildə tərtib etməsini şərtləndirə bilər, ona görə də hərə özünə sərf edən siyasətçiyə sərmayə yatırmaq istəyəcək. Bu, həm hərfi, həm də əsl mənada investisiya qoymaq üçün yarışı körükləyir. Qərb üçün Türkiyənin indiki iqtidarı bir qədər problemlidir, ona görə ki, o, əvvəlki hakimiyyətlərdən fərqli olaraq Türkiyəni daha iddialı və böyük maraqlar ənginliyinə doğru istiqamətləndirir. Üstəgəl, Türkiyə NATO üzvlərindən ABŞ-nin, Fransanın maraqlarına zidd addımlarını itiləşdirməklə xeyli irəliyə doğru çıxa bilib. Böyük Britaniyaya gəlincə, onu fərqli davranışlar səbəbindən Türkiyəyə qarşı müxalif mövqedə dayanan dövlət kimi tanıtmaq yanlış olardı. Britaniyanın Türkiyə üzrə siyasətinin cövhəri ABŞ-dən fərqlənir, çünki Ankara ilə Londonun güclənən açıq-gizli tərəfdaşlığı onları bir-birinin strateji maraqlarını nəzərə almağa vadar edir. Rusiya Türkiyə iqtidarı ilə yaxın münasibətlər sistemindədir, Ankaranın Ukrayna müharibəsində Kiyevi dəstəkləməsinə baxmayaraq, onun Moskvanın strateji maraqları əleyhinə kampaniyada iştirak etməməsi əlaqələri daha da yaxşılaşdırır. Ona görə də Kreml üçün Türkiyənin cari hökuməti problemli bir mahiyyətə sahib deyil, hərçənd ki, iki ölkənin oxları Suriyada bir-birinin ziddində dayanan cəbhələrdə bərqərar olub. Türkiyə Suriyada ümumilikdə üç tərəflə savaşır: ABŞ, Rusiya və İran. Lakin Türkiyə Suriyada Rusiya ilə də dil tapa bilir və bir-birlərinə rəqib olsalar da, onlar ortaq maraqlar platformasını formalaşdırmağı bacarırlar. Lakin Rusiya Türkiyədəki seçkidə piar qurmaq üçün pul xərcləməkdən ötrü sinov getmir, çünki onun başı Ukraynadakı müharibəyə qarışıb, üstəgəl Kreml belə məsələlərdə xəsisdir. Ona görə də Rusiya daha varlı ölkələrin, məsələn, körfəz regionuna daxil olan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn, Qətərin Türkiyəyə yönəlmiş maliyyə axınlarını öz istədiyi nəticə üçün həlledici sayır. Nəzərə almaq lazımdır ki, bu ölkələr Ukraynadakı müharibədən sonra Rusiyaya qarşı başlayan genişmiqyaslı tədbirlərə qoşulmayıblar – bu isə Moskva üçün göydəndüşmə fürsətdir. Səudiyyə Ərəbistanı ABŞ-nin Rusiyanı zəiftləmək üçün neft hasilatını çoxaltmaq tələblərini yerinə yetirmir, görünür ki, Ər-Riyad Moskva ilə əlaqələri daha üstün sayır. Söhbət körfəz ölkələrinin ərəb dövlətlərindən düşmüşkən, son bir neçə ayda Çinin bu regionda iştirakını sürətləndirmək və gücləndirmək meyilləri müşahidə edilməkdədir. Pekinin belə həmlələri ABŞ-nin maraqlarına qarşı formullarda Rusiyaya sərfəli ideyalar təqdim edir, ona görədir ki, Moskva Çinlə əməkdaşlığın vektorlarını genişləndirir. Buradan məntiqli bir nəticə çıxarmağa cəhd edə bilərik, deməli: - Rusiya-Çin oxu Türkiyədəki mövcud iqtidarın qalmasında maraqlıdır; - Qərb isə iqtidara müxalif qüvvələri ayaqlandırıb, onların hakimiyyətə gəlməsinə səy göstərir. Ancaq burada bir xeyli “əmma” ortalığa çıxır. İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini qarşıya məqsəd qoyan Qərb Türkiyə hakimiyyətinin seçkiyə qədər üzvlük üçün rıçaqları əlində saxlayacağını dərk edir. Türkiyə dövləti isə Qərbin ölkə daxilindəki təsirləri ilə Suriya arasında bağlantı qurmaq ehtimallarını təhlil edir, bu ziddiyyətli nöqtələr nə qədər qəribə görünsə də, Ankara-Qərb danışıqlarında razılaşma və ya sövdələşmə ssenarilərini göz önünə sərir. Bu, Türkiyə ilə Qərb arasında qarşılıqlı maraqlar və ehtiyaclar əsasında kompromislərlə nəticələnə bilər. Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ Geri qayıt |