Əsas Səhifə > Dünya > Tayyib bəy, yoxsa Kamal bəy?

Tayyib bəy, yoxsa Kamal bəy?


15-03-2023, 07:59
Tayyib bəy, yoxsa Kamal bəy?
Türkiyədə keçirilən rəy sorğuları hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın populyarlıq baxımından müxalifət lideri Kamal Kılıçdaroğlundan on faiz geri qaldığını göstərir. Bu barədə "Daily Mail" məlumat yayıb.

Nəşr qeyd edir ki, Türkiyədə mayın 14-də keçiriləcək seçkilər öncəsi Ərdoğan bir sıra çətinliklərlə üzləşib. Bildirilir ki, on minlərlə insanın həyatına son qoyan fəlakətli zəlzələ Prezidentin reytinqinə mənfi təsir göstərib.

Eyni zamanda, qeyd olunur ki, təbii fəlakətdə dövlət başçısını tamamilə günahlandırmaq mümkün deyil.

Lakin politoloqlar Ərdoğan hökumətinin mənfi fəaliyyətinin zəlzələ zamanı fəsadlar yaratdığını bildirirlər.

Martın 6-7-də “Alf Research”in keçirdiyi sorğu göstərib ki, müxalifətin yaratdığı "Millət İttifaqı"nın prezidentliyə namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu qarşıdakı seçkilərdə 55,1 faiz, Ərdoğan isə 44,9 faiz səs qazana bilər.

Bundan əvvəl bildirilmişdi ki, Ərdoğan zəlzələ qurbanlarına hörmət əlaməti olaraq ölkədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyasını musiqisiz keçirmək qərarına gəlib. O, həmçinin prezident və parlament seçkilərinə hazırlığın başlanması haqqında sərəncam imzalayıb.

Türkiyənin bloqerlərinin küçələrdə keçirdiyi rəy sorğularında da Kılıçdaroğlunun üstünlüyü müşahidə edilir. Bloqerlərdən birinin küçədə insanlardan "Ərdoğan, yoxsa Kılıçdaroğlu" sualına cavab verən sadə insanların 70 faizi "əlbəttə, Kamal bəy", 20 faizi "Tayyib bəy", 10 faizi isə "İncə" deyə cavab verirlər.

Qeyd edək ki, prezidentliyə namizədliyini elan edən siyasətçilərdən biri də Məmləkət Partiyasının sədri Məhərrəm İncədir.

Türkiyə vətəndaşları Ərdoğan hökumətinin ölkə iqtisadiyyatını məhv etdiyini, Türkiyəni inkişafdan dayandıran siyasət həyata keçirdiyi qənaətindədirlər.

Türkiyəli analitiklərin bir çoxu Kılıçdaroğlunun az da olsa Ərdoğandan reytinqinin yüksək olduğunu, seçkilərdə müxalifət namizədinin qalib gələ biləcəyi ehtimalının çox olduğu qənaətindədirlər.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək. Müxalifətin "Altılı masa" da adlandırdığı "Millət İttifaqı"nın prezidentliyə namizədi rəsmən Kılıçdaroğlu olsa da, hakim Ədalət və İnkişad Partiyası (AKP) ilə Millətçi Hərəkat Partiyasının (MHP) yaratdığı "Cümhur İttifaqı"nın namizədi hələlik rəsmən təsdiqlənməyib. Bununla belə, hakimiyyətin namizədinin hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan olacağı şübhə doğurmur.
//AYNA//
Geri qayıt