Əsas Səhifə > Dünya > Girkin üzərindən Putinə qarşı qurulan ssenari:
Girkin üzərindən Putinə qarşı qurulan ssenari:22-03-2023, 08:03 |
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin və Prezident Vladimir Putinin əleyhinə Rusiya ərazisində qarşı çıxanlar sərt şəkildə cəzalandırılırlar. Müharibənin başlamasından keçən 13 ay ərzində yüzlərlə belə şəxs həbs olunub, işgəncələrə məruz qoyulub. Hətta Putini və müharibəni tənqid edənlərdən bəziləri ölü tapılıb ki, ekspertlər bu ölümlərin Kreml tərəfindən həyata keçirilən qətl olduğunu iddia edirlər. Bu günlərdə FSB-nin sabiq əməkdaşı İqor Girkin (Strelkov) Prezident Putini təhqir edib. Putini “tryapka” adlandıran Girkin ona “kəs səsini”, “yum ağzını” kimi sərt sözlərlə xitab edib. Maraqlıdır ki, Girkin hələ ki, cəzasız qalıb. Politoloq Şahin Cəfərli hesab edir ki, Rusiyada yaşayan Girkin zahirən ölkədə hər şeyi və hər kəsi özünə tabe etdirmiş kimi görünən qəddar diktator haqqında rahatlıqla bu sözləri deyə bilirsə, deməli, nəyəsə (kiməsə) güvənir: “FSB-nin keçmiş zabiti olduğunu nəzərə alsaq, onun məhz bu güc strukturu tərəfindən himayə olunduğu və yönləndirildiyi qənaətinə gəlmək olar”. “Ölkədə hər nə qədər başında Putinin durduğu sərt, mərkəzləşdirilmiş idarəçilik vertikalı mövcud olsa da, Rusiya Federasiyası bir nəfərin şəxsi taleyindən asılı olmayacaq qədər nəhəng və önəmli bir dövlətdir. Bu dövlətin korrupsiya və digər səbəblərdən deqradasiyaya məruz qalsa belə, köklü dövlət qurumları var. FSB də bu qurumlardan biridir və ölkə daxilindəki ən güclü təhlükəsizlik strukturudur. Putini hakimiyyətə bu qurumlar gətirdi, onlar da aparacaq”, - deyə analitik vurğulayıb. Cəfərlinin sözlərinə görə, Putin artıq Rusiya dövləti üçün ağır bir yükə çevrilməkdədir: “Son olaraq, Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı və Rusiyanın BRİKS çərçivəsindəki önəmli tərəfdaşı olan Cənubi Afrika Respubikası hökumətinin Putinə avqustdakı zirvə toplantısına gəlməməsi yönündəki mesajı gözardı edilməyəcək dərəcədə ciddi hadisədir. Rusiya bu yükü daşıya bilməyəcək duruma gəldikdə, “dərin dövlət” Putini bir xərçəng şişi kimi cərrahi üsulla götürüb, kənara atacaq”. “Düşünürəm ki, Girkin kimi adamların bu cür çıxışlarının spontan xarakterli deyil, Putinin ölkə içərisindəki xarizmasını cızmağa, onu ictimai rəydə gözdən salmağa yönəlmiş xüsusi xidmət əməliyyatı olması istisna deyil”, - deyə ekspert fikrini tamamlayıb. //AYNA// Geri qayıt |