Əsas Səhifə > Dünya > Nüvə təhlükəsizliyinə təhdid artır:

Nüvə təhlükəsizliyinə təhdid artır:


27-03-2023, 07:48
Nüvə təhlükəsizliyinə təhdid artır:
MAQATE-nin baş direktoru Rafael Qrossi gələn həftə son altı ayda ikinci dəfə Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (AES) səfər edəcək. Təşkilatdan bildirilib ki, Qrossi sentyabr ayından bəri vəziyyətin necə inkişaf etdiyini yerində görmək və çox çətin şəraitdə obyekti idarə edənlərlə danışmaq istəyir. MAQATE etiraf edir ki, təşkilatın ekspertlərinin AES ərazisində olmasına baxmayaraq, stansiyada vəziyyət təhlükəli olaraq qalır və nüvə təhlükəsizliyinə təhdidlər həddən artıq çoxdur.

Bundan əlavə, MAQATE qeyd edir ki, baş direktorun Ukraynaya səfəri AES sahəsində MAQATE ekspertlərinin müntəzəm rotasiyasını dəstəkləmək və təkmilləşdirmək məqsədi daşıyır (ilkin rotasiya bir ay gecikmə ilə baş verib).

Lakin bütün bunlar həm də Zaporojye AES ətrafında demilitarizasiya zonası yaratmaq planlarının ləğvi fonunda baş verəcək. Bu yaxınlarda Qrossi bildirib ki, artıq bu məsələyə baxılmır, çünki aktiv döyüşlər zonasında yoxlama prosesini həyata keçirmək son dərəcə çətin olacaq. Onlar deyirlər ki, MAQATE öz səylərini stansiyanın təhlükəsizliyinə yönəldəcək: belə ki, Zaporojye AES-ə hücum olmasın və onun ərazisindən döyüş əməliyyatları üçün istifadə edilməsin.

Bu rəsmi versiyadır. Amma bunun əsas səbəb olduğunu düşünmürəm. Problem ondadır ki, Qrossi Rusiya və Ukrayna tərəfləri ilə danışıb və vəziyyətin dalana dirəndiyini anlayıb. MAQATE heç nə edə bilməz, əsas məsələyə nail ola bilməz: yəni Zaporojye AES-in demilitarizasiyası, Rusiya işğalçı qoşunlarının oradan çıxarılması və stansiyanın Ukraynanın qanuni orqanlarının nəzarətinə verilməsinə.

Razılaşmaq mümkün deyil, çünki Rusiya birincisi, MAQATE-nin qətnamələrinə, xüsusən də stansiya ərazisindən hərbi qrupların çıxarılması və ona nəzarətin Ukrayna hakimiyyətinə verilməsinə dair qərarlarına əməl etmək istəmir.

İkincisi, Rusiya tərəfi sadəcə olaraq Rusiya hərbçilərinin stansiyada qalaraq Milli Qvardiya ilə əvəzlənməsini təklif edir. Lakin bununla təkcə Ukrayna deyil, MAQATE də razılaşa bilməz, çünki onlar başa düşürlər ki, bu, AES-də Rusiya qoşunlarını legitimləşdirə bilər.

Ona görə də hesab edirəm ki, təhlükəsizlik zonası yaratmaq variantından imtina etmək qərara alınıb. Və yeni varianta - AES ətrafında atəşkəsə keçilməsi variantına başlanacaq. Axı rus qoşunları stansiyanı davamlı olaraq atəşə tutaraq çox təhlükəli vəziyyətlər yaradırdılar.

Çıxış yolu nə ola bilər? Məncə, iki yol, iki əsas variant var.

Birincisi dinc variantdır. Onu həyata keçirmək üçün ABŞ və Çinin bu məsələdə birləşməsi və Rusiya rəhbərliyinə birgə təzyiq göstərməsi lazımdır. Onların kifayət qədər imkanları var, amma istək də olmalıdır. ABŞ-ın belə bir istəyi var, Çinin isə yox.

İkinci yol daha realdır - Rusiyanın hərbi məğlubiyyəti. Axı Rusiya heç bir ağlabatan arqumentləri qəbul etmək istəmir.

Müəllif: Vladimir Omelçenko - Razumkov Mərkəzinin enerji proqramlarının direktoru

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur

Geri qayıt