Əsas Səhifə > Dünya > İranın Turan dərdi
İranın Turan dərdi28-03-2023, 17:33 |
İran Cənubu Qafqazda nə ABŞ-ı, nə də Avropa İttifaqını görmək istəmirdi. Dünənə kimi bu, belə idi. İndi isə vəziyyət xeyli dəyişib. İran Avropa İttifaqının Ermənistana göndərdiyi missiyaya dözümlü yanaşır. Niyə? Çünki İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Və ümid edir ki, Avropa İttifaqının Ermənistana göndərdiyi missiya rəsmi İrəvanın Zəngəzur dəhlizinə daha ciddi şəkildə dirəniş göstərməsinə imkan yaradacaq. Digər tərəfdən də Azxərbaycanı hərbi yolla Zəngəzuru ələ keçirtməkdən çəkindirəcək... Diqqət edin, Rusiya və Azərbaycan Avropa İttifaqının Ermənistana göndərdiyi missiyaya etiraz edir. İran və Ermənistan bunu dəstəkləyir. Rusiya və Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir, Ermənistan və İran isə Zəngəzur dəhlizinə qarşı eyni cəbhədə yer alır. Təbii ki, heç də həmişə belə olmur. Məsələn, Rusiya qoşunlarının Qarabağdan çıxarılmassına Rusiya, İran və Ermənistan qarşı çıxır. ABŞ, Avropa İttifaqı və Azərbaycan isə bu məsələdə yekdil mövqedədir... Fevralın 7-də İranın Ermənistandakı səfiri Abbas Badakhshan Zohour belə bir bəyanat vermişdi: “Ermənistan və İran qonşudur və qonşu olaraq da qalacaqlar. Təbii ki, biz hansısa hiylə görürük, qondarma dəhlizdən, hansısa hərəkətlərdən danışırlar, amma İran və Ermənistan belə dəhlizin yaradılmasına imkan verməyəcək”. İran nədən Zəngəzur dəhlizinə qarşıdır? Xatırladım ki, bu dəhlizin digər adı “Turan Qapısı”dır. Və bu ad İranın narahatlığının səbəbini çılpaqlığı ilə ortaya qoyur. Fars şovinizmi yaxşı başa düşür ki, türkləri birləşdirən dəhliz İranın parçalanması deməkdir. Molla rejimi bunun qarşısını almaq üçün aşırı çaba göstərir. Ancaq bu tarixi prosesin qarşısını almaq mümkünsüz görünür... Elbəyi HƏSƏNLİ - DİA.AZ Geri qayıt |