Əsas Səhifə > Dünya > Ruslar indi də Qazaxstanı QARIŞDIRIR...
Ruslar indi də Qazaxstanı QARIŞDIRIR...5-04-2023, 15:08 |
Kreml Ukrayna ilə “məsələni” bitirməmiş keçib Qazaxıstana. Mərkəzi Asiyanın bu ölkəsinin şimalındakı Petropavlovsk şəhərində bir neçə gün əvvəl 19 “fəal” Qazaxıstandan öz “müstəqilliklərini” elan edib və “Xalq Şurasını” çağırdıqlarını açıqlayıblar. Separatçılar vurğulayıblar ki, Qazaxıstan dövlətinə etibarları yoxdur, ona görə də “müstəqilliklərini, sərbəstliklərini və suverenliklərini elan ediblər”. Separatçılar Qazaxıstanın təhsil, qida məhsulları və səhiyyə sisteminə qarşı çıxdıqlarını da bildiriblər. Onlar bununla bağlı xüsusi mətn yayıblar. SSRİ dağıldıqdan sonra Qazaxıstanın şimalında belə hallar bir neçə dəfə baş verib, hər dəfə separatçılığın qarşısı alınıb. Ancaq indi durum fərqlidir. Kreml Rusiyanın perimetri boyu “rus dünyasını” formalaşdırmağa çalışır və birinci Ukraynadan başlayıb. Kreml paralel olaraq ətrafındakı digər ərazilərə də boylanır. Ona görə də Qazaxıstanda separatçıların kiçik otaqdan fəaliyyətə başlamaları təhlükənin miqyasının az olduğu anlamına gəlmir. Ukraynada da hadisələr belə başlamışdı. Yaxşı xatirimdədir, 2014-cü ildə Donetskdə yerli universitetlərin birində çalışan professorla söhbətim olmuşdu. O mənə deyirdi ki, Donetskdə separatçılar yerli əhali arasında dayaqlara malik deyildilər, onların mitinqlərinə heç 100 nəfər çıxmırdı. Ancaq vəziyyət bir anda dəyişdi, elə mən orda olarkən inzibati binalar ələ keçirildi, Rusiyanın müdaxiləsi və yerli əhalinin Ukrayna əleyhinə qızışdırılması vəziyyəti hazırki həddə gəlib çatdırdı. Qazaxıstan üçün də sanki eyni ssenari hazırlanıb. Əhalisinin 60 faizə yaxını rus olan Petropavlovsk şəhəri Rusiya ilə sərhəddən 40 kilometr cənubda yerləşir. Ona görə nə qədər ki, Petropavlovsk şəhərinin 19 “fəalı” işi böyütməyiblər və bölgədə ikinci Donbass yaratmayıblar, Astana məsələni həll etmək məcburiyyətindədir. Elxan Şahinoğlu - DİA.AZ Geri qayıt |