Əsas Səhifə > Dünya > Kreml nüvə silahına əl ata bilərmi?
Kreml nüvə silahına əl ata bilərmi?6-04-2023, 02:30 |
“Rusiya Prezidenti Vladimir Putin sülhə yox, daha böyük müharibəyə hazırlaşır”. Bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasının ikinci günündə etdiyi çıxışı zamanı deyib. O bildirib ki, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək: “Mən dünən Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə danışdım. Biz qərara gəldik ki, NATO müttəfiqləri Ukraynaya dəstəyi davam etdirsin və artırsın. Məqsədimiz Ukraynanın qalib gəlməsidir”. Baş katibin sözlərinə görə, NATO Moldova, Gürcüstan və Bosniya və Herseqovina da daxil olmaqla Rusiyadan təzyiq hiss edən digər tərəfdaşları da dəstəkləyəcək. DİA.AZ-ın məlumatına görə, Rusiyanın yeni müharibəyə hazırlaşması haqqında qəti fikir söyləməyin çətin olduğunu deyən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a açıqlayıb ki, Kremlin siyasi dairələrinin əsas hədəfi ölkəni çöküş təhlükəsindən xilas etməkdir: "Yəni rəsmi Moskva artıq savaşın onların istədiyi kimi getmədiyini dərk edir. Ukrayna ordusu isə əks-hücuma hazırlaşır və təxmin olunur ki, Aprel və İyunun sonları bu əməliyyatlara başlanacaq. Əks-hücum əməliyyatlarının uğurlu olması Rusiyanın çöküş devrinin başlaması anlamı daşıyacaq. Ona görə də Kreml rəhbərliyi ölkəni dünya siyasət məkanında əhəmiyyətsiz bir dövlətə çevirə biləcək situasiyanın yaranmaması üçün addımlar atır. Bu səbəblə də Rusiyanın son vaxtlardakı hədəfi Belarusda taktiki nüvə silahının yerləşdirilməsidir. Silahın yerləşdirilməsi üçün vacib olan texniki işlərin isə iyun ayında bitəcəyi bildirilir. Nüvə silahının Avropa məkanına yaxın bir coğrafiyada yerləşdirilməsi isə Qərbə mesajdır. Onlar xəbərdarlıq edir ki, əgər Rusiya çökərsə, biz som anda buna nüvə zərbəsi ilə cavab verəcəyik". Analitik əlavə edib ki, Stoltenberqin dediyi kimi, Moskvanın ikinci bir cəbhə açmağı üçün, onun böyük hərbi resursları olmalıdır: "Amma Rusiyanın əsgər və texnika çatışmazlığı var. Onun Çindən, Cənubi Koreyə və digər ölkələrdən silah almaq planı isə iflasa uğrayıb. Yəni ordunu təchiz edəcək səviyyədə silah ala bilmirlər. Belə bir şəraitdə Rusiyanın daha böyük bir hərbi aventuraya gedə biləcəyi inandırıcı deyil. Böyük ehtimalla Stoltenberqin dedikləri, daha çox Qərb siyasi dairələri üçün verilmiş açıqlamadır.Yəni Rusiya əleyhinə olan koalisiyanın vahid məkanda birləşməsinə hesablanıb. Bir çox ölkələrin Ukrayna müharibəsinin dayandırılmasını istədikləri üçün koalisiya arasında da fikir ayrılıqları müşahidə olunur. Stoltenberq kimi söz sahibi olan hərbi-siyasi şəxslər isə, belə açıqlamalarla Qərb vahid mərkəzində birləşməyin vacibliyini təbliğ etməyə çalışırlar. Ümumiyyətlə Rusiyanın qlobal savaşa hazır olmadığı üçün belə addımlar atmayacağını düşünürəm. Amma Kreml ən son anda nüvə silahına əl ata bilər. Bu isə ölkənin daxilindəki vəziyyətdən asılı olacaq". Geri qayıt |