Əsas Səhifə > Dünya > Müdafiənin 252-ci günü, Putindən Baxmutla bağlı tapşırıq və:
Müdafiənin 252-ci günü, Putindən Baxmutla bağlı tapşırıq və:11-04-2023, 03:57 |
Ukraynada ən şiddətli döyüşlər hazırda Baxmut rayonu istiqamətində gedir. Rusiya ordusu bütün gücünü Baxmutun işğalına səfərbər edib. Lakin Ukrayna ordusu Baxmutu 252 gündür ki, müdafiə etməyi bacarır. Qarşılıqlı itkilərin yaşandığı Baxmutu Ukrayna qüvvələrinin təslim etmək niyyəti görünmür. Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən rayonun strateji əhəmiyyətinin o qədər də olmadığını söyləsə də, komandanlığın müdafiəni sonacan edəcəyi qərarının verildiyini açıqlamışdı. Məlumatlara görə, hazırda Baxmutda mövqe döyüşləri ilə yanaşı, küçə döyüşləri də şiddətlənib. Rusiyanın nəyin bahasına olursa-olsun, Baxmutu ələ keçirmək üçün var gücünü səfərbər etdiyi bildirilir. Ukraynalı hərbi-siyasi analitik Aleksandr Kovalenko Baxmutla bağlı danışarkən deyib ki, Rusiya qüvvələrinin komandanlığına Pasxa bayramına qədər, yəni aprelin 16-dan əvvələdək Baxmutla məsələni birdəfəlik həll etmək – işğalı gerçəkləmşdirmək tapşırılıb. "Bütövlükdə şəhərdə döyüşlərin çox uzadılmaması üçün muzdlu “Vaqner” döyüşçülərinə məhdudiyyət tətbiq edilib. Qərar qəbul edilib ki, məsələ desant qüvvələri tərəfindən həll edilsin”, - ekspert bildirib. Onun sözlərinə görə, şəhərdə Rusiyanın 106-cı Hava Desant Diviziyasının 51-ci və 137-ci bölmələri, 57-ci Motoatıcı Briqada, eləcə də bir həftə əvvəl yerləşdirilən Rusiya Federasiyasının 98-ci Hava Desant Diviziyasının döyüşçüləri üstünlük təşkil etməyə başlayb: “Bu qüvvələr şimaldan, Kremennayaya daha yaxın ərazilərdən qismən Baxmuta istiqamət çəkiliblər”. "Əlbəttə, Priqojin bundan məmnun deyil, lakin o, ənənəvi olaraq bildirəcək ki, Baxmutda hər şeyə "qərar verən" guya ki, “Vaqner”dir. Düzünü desək, 2022-ci ilin dekabr ayının sonundan bəri “Vaqner” praktiki olaraq heç bir qərar qəbul etmirlər. Çünki Priqojin vədini yerinə yetirə bilmədi - Baxmutu Putinə Yeni il üçün həddiyyə edə bilmədi”, - Kovalenko əlavə edib. Kovalenkonun sözlərinə görə, hazırda Çaykovski küçəsi uğrunda qızğın döyüşlər gedir: “Bu onunla bağlıdır ki, Çaykovski küçəsi Baxmutun “açarı”dır. İşğalçılar bu yerlər uğrunda əllərində nə güc varsa istifadə edirlər. "Vaqner” əsgərlərini ilk cərgələrdə göndərirlər, çünki muzdluların ölməsi veclərinə deyil”. “Amma burada hər şey ürəkaçan deyil. Birinci sıralar Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə doğru hərəkət edir, şəhər döyüşlərinə çəkilirlər, ikinci sıra isə artilleriya və minaatanlardan atəşə tutulur. Son 2 gündə Ukrayna qüvvələrinin atəşinin təsirinin intensivliyi artıb. Məkanların hədəflənməsini nəzərə alsaq, məhvetmənin effektivliyi də artıb”, - deyə hərbi-siyasi analitik vurğulayıb. Kovalenko bildirib ki, Baxmutun müdafiəsi elə qurulub ki, indi rusların şəhəri əməliyyat və ya taktiki mühasirə şəraitində ələ keçirməyə fiziki imkanları yoxdur: “Şəhərin müdafiə əməliyyatları Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında davam edir. Məhz Ukrayna qüvvələri düşmənə qarşı üstün tempi tətbiq edir”. Müharibə Tədqiqatları İnstitutu qeyd edir ki, Rusiya qoşunlarının hücumu bütün cəbhə xətti boyunca zəifləyir: “Rusların sürəti artırmaq və irəliləyiş əldə etmək istəyinə baxmayaraq, döyüş qabiliyyəti yoxdur. İşğalçılar döyüş gücünün çatışmazlığını artilleriya atəşi ilə kompensasiya edərək heç olmasa harasa qədər irəliləməyə çalışırlar. Ukrayna Baş Qərargahının xülasəsinə görə isə Ukrayna Silahlı Qüvvələri rusların planlarını puça çıxarıb və Liman, Baxmut, Avdiyevka və Maryinski istiqamətlərində hücum əməliyyatlarının həyata keçirilməsinə imkan verməyib. Bildirilir ki, Baxmut istiqamətində hücum edən ruslar hələ də Baxmutu tutmağa nail ola bilmirlər. Ümumilikdə, döyüş gününün nəticələrinə görə, Ukrayna ordusu cəbhənin müxtəlif istiqamətlərində Rusiya qüvvələrinin 50-dən çox hücumunu dəf edib. “Ukrayna ordusu Baxmutu tərk etsə, bunun hərbi baxımdan o qədər də əhəmiyyəti olmayacaq”. Bu sözləri isə Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Aleksey Hetman deyib. Lakin mayor qeyd edib ki, Baxmutun işğalının mürəkkəb siyasi nəticələri olacaq. Onun sözlərinə görə, Baxmutun itirilməsi halında tərəfdaşlar tərəfindən Ukraynanın hərbi-siyasi rəhbərliyinə təzyiqlər arta bilər: “Belə bir ssenaridə tərəfdaşlar Rusiya Federasiyası ilə danışıqlara başlanılması üçün israr edəcəklər. //AYNA// Geri qayıt |