Əsas Səhifə > Dünya > Adaların sahibi dəyişməyəcək

Adaların sahibi dəyişməyəcək


12-04-2023, 11:19
Adaların sahibi dəyişməyəcək
Yaponiya İkinci Dünya müharibəsində məğlub olduqdan sonra ona məxsus Kuril – İturup, Kunaşir, Şikotan adaları keçmiş SSRİ-nin nəzarətinə keçdi. Müharibədən bir müddət sonra Tokio ilə Moskva arasında danışıqlar başladı. 1960-cı illərdə SSRİ-nin o zamankı rəhbərliyi Kuril adalarından ikisini Tokio ilə sülh sazişi qarşılığında Yaponiyaya geri qaytarmağa razı idi. Ancaq daha sonra SSRİ-də hakimiyyət dəyişikliyi baş verdi və Kreml vədini unutdu.
SSRİ dağıldıqdan sonra Tokio müstəqilliyini qazanan Rusiya ilə danışıqlara başladı. Rusiyanın ilk prezidenti Boris Yeltsin adalarla bağlı Tokio ilə razılaşma əldə etməyə yaxın idi. Ancaq Yeltsinin ətrafı buna imkan vermədi. Vladimir Putin prezident seçiləndən sonra Tokio ilə danışıqları davam etdirdi. Ancaq Putin Yeltsindən fərqli olaraq adalar məsələsində güzəştə getməyə hazır deyildi. Danışıqlar nəticə vermirdi. Buna baxmayaraq, Tokio ilə Moskva arasında dialoq davam edirdi, iki ölkə arasında iqtisadi əlaqələr və ticarət genişlənirdi. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Yaponiya ilə münasibətlərə də mənfi təsir etdi.
Yaponiya Qərbin Rusiyaya qarşı bir sıra sanksiya qərarlarına qoşuldu, bu iqtisadi və ticarət əlaqələrinə mənfi təsir etdi. Bundan başqa Rusiyada keçirilən referendumda Konstitusiyaya əlavə edilən bəndə görə, torpaq güzəşti qadağan edildi. Bu o demək idi ki, Rusiyanın Yaponiyaya adaları geri qaytarmaq qanuni yolla qadağan edildi. Yəni Putin və digəri bir gün Kuril adalarını Yaponiyaya qaytarmaq istəsə belə, bunu edə bilməyəcək. Konstitusiya prezidentə Kuril adalarını Yaponiyaya qaytarmağı qadağan edir. Bundan sonra Tokio anladı ki, adaların gələcək taleyi ilə bağlı Moskva ilə dialoqun davam etdirilməsi mənasızdır.
Bu arada, Çin də Kuril adalarıyla bağlı mövqeyini Rusiyanın xeyrinə dəyişdi. Çin uzun illər Kuril adaları məsələsində neytral siyasət yürüdürdü. Çinlə keçmiş SSRİ arasında sərhəddə gərginlik 1964-cü ildə baş vermişdi. Pekin həmin ildən başlayaraq Kuril adaları məsələsində Moskvanın mövqeyini dəstəkləməkdən imtina etmişdi. Çinin o zamankı lideri Mao Tsedun faktiki Yaponiyanın adalarla bağlı siyasətinin haqlı olduğunu dəstəkləyirdi. Pekin uzun illər Kuril adalarıyla bağlı mövqe bildirmirdi. Ancaq üstündən 59 il keçdikdən sonra Pekin bu mövqeyini Moskvanın xeyrinə dəyişib. Çin lideri Tsi Cinpin Moskvada Vladimir Putinlı görüşdən sonra Kuril adaları məsələsində bundan sonra Yaponiyanın mövqeyini dəstəkləməyəcəyini bildirib.
“Atlas” Araşdırmalar Mərkəzi
DİA.AZ

Geri qayıt