Əsas Səhifə > Dünya > Priqojin nə demək istədi?

Priqojin nə demək istədi?


16-04-2023, 07:30
Priqojin nə demək istədi?
Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının rəhbəri və prezident Vladimir Putinin aşpazı və dostu Evqeniy Priqojin Ukraynada müharibənin dayandırılmasıyla bağlı geniş yazı yayımlayıb. İşğalçı müharibə başlayandan bu yana Priqojinin açıqlamalarını və müxtəlif məsələlərə reaksiyasını izləyirəm və gəldiyim qənaət budur ki, bu şəxsin başkəsənlərin lideri kimi Ukrayna torpaqlarının işğalında və qətliamlarda rolu olsa da, zaman-zaman mövcud durumu bəzəmədən deyənlərdən biridir. Məsələn, Kremlin ruporları televiziya kanallarında müharibədə “uğurlardan” danışarkən, Ukrayna ordusunu aşağılarayarkən Priqojin “qarşı tərəf zəif deyil, müqaviməti güclüdür” deyirdi. İndi isə Priqojin deyir ki, müharibəni dayandırmaq lazımdır.

Priqojinin məntiqi sadədədir: “Rusiya Donbasın böyük hissəsini ələ keçirib, Ukrayna parçalanıb, xeyli itki verib, Azov dənizinə çıxış nəzarətə götürülüb, Krıma quru yolumuz var, bəsimizdir, olanı qorumaq lazımdır”. Priqojin bəlkə də savaşda iştirak edən rusiyalı generalların açıq deyə bilmədiyini səsləndirib. Priqojin və onunla həmfikir olan generallar anlayırlar ki, müharibənin davamı Rusiyanın itkilərini artıracaq, ortada isə real nəticə olmayacaq.

Evgeniy Priqojin onu da anlayır ki, Rusiya müharibənin dayandırıldığını elan etsə belə, Ukrayna dayanmayacaq. Çünki Kiyev müharibənin dayandırılmasını deyil, Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsini istəyir. Priqojinin təkliflərində isə işğal ərazilərini tərk etmək cümləsi yoxdur. Priqojin Ukraynanın Rusiyanın təklifinə razılaşmayacağı halda hadisələrin iki variantda inkişaf edəcəyini proqnozlaşdırıb: “Ya Ukrayna ordusu əks-hücuma keçərək hansısa ərazilərin azad etdikdən sonra müqavimət gücü zəifləyəcək, ya da onların əks-hücumu nəticə verməyərək, biz onları Polşa sərhədinə qədər qovmağa başlayacağıq”. Ancaq Priqojin yazısında muzdluların və Rusiya ordusunun Ukrayna ordusunu Polşa sərhədinə qədər qovacaq enerjisinin və potensilanın qalmadağına da işarə edib.

Priqojinin yazısından hansı nəticə çıxarmaq mümkündür? Birincisi, “Vaqner” muzdluları və Rusiya ordusu irəliyə bilmir və itkiləri artır. İkincisi, Priqojin Ukrayna ordusunun böyük əks-hücum əməliyyatına başlayacağına və bunun Rusiya üçün ağır nəticələri olacağına eyham vurub. Üçüncüsü, Priqojinin təklifi bölgəyə sülh gətirməsə də, Rusiya siyasi elitasında və cəmiyyətində “müharibəni daha nə qədər davam etdirə bilərik” diskussiyalarını genişləndirəcək.

Elxan Şahinoğlu - DİA.AZ
Geri qayıt