Əsas Səhifə > Dünya > Pəhləvini İsrailə aparan GÜC: Ssenari necə yazılır?

Pəhləvini İsrailə aparan GÜC: Ssenari necə yazılır?


18-04-2023, 17:13
Pəhləvini İsrailə aparan GÜC: Ssenari necə yazılır?
ABŞ-də yaşayan sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin İsrailə səfəri kartların açıq oynanıldığını göstərir.
Bu səfər İran rejiminin daxildə və xarici ölkələrdəki zorakılıq alovunu, regionda qeyri-sabitlik yaratmaq səylərini gücləndirdiyi vaxta təsadüf edir.
Beləcə, Pəhləvinin Holokostu Anma Günündə İsrailə gedərək Baş nazir Benyamin Netanyahu ilə görüşünün üzərinə çəkilən sirr pərdəsi qaldırılır.
Təbii ki, Holokostla bağlı İsrailə dəstək simvolik örtükdür və işin altından Pəhləvinin İranda rejimi dəyişdirmək cəhdləri üçün tuta biləcəyi mövqe dəqiqləşdirmələri çıxır.
Siyasətdə çərxi-fələyi döndərən fiqurlar hazırlanarkən onların kütləni ələ almaq üçün situasiyaları idarə edə bilmək bacarıqlarını yoxlayırlar.
Ancaq Rza Pəhləvi yeni fiqur deyil, üstəgəl İranda şahlıq rejiminin və onun mirasının alovlu tərəfdarları da yoxdur, ancaq alternativ fiqur kimi yenə Pəhləvi meydanda tutulur.
İnandırıcı deyil ki, Pəhləvini hakimiyyət zümrəsində hansısa bir kürsünün “sahibi” kimi hazırlayırlar, yox, o, sadəcə, psixoloji üstünlük üçün lazımdır.
Pəhləvi vasitəsilə şahlıq rejimindəki hüquq və azadlıqlar haqqında nostalji hisslər coşdurulur, indiki molla rejiminin məntiqini dağıtmaq üçün istifadə edilir.
Ancaq İrandakı etiraz aksiyalarının motivində keçmiş günlərə qayıtmaq deyil, ölkəni teokratik rejimin buxovundan qurtarıb daha irəliyə aparmaq dayanır.
Bunlar etirazçıların səmimi hisslərini ifadə edən hissələrinə aiddir, lakin aksiyalar həm də SEPAH və xarici qüvvələr tərəfindən də qızışdırılır.
Yəni etirazların təşkili, onların idarə edilməsi, “qırmızı xət”lərin müəyyən olunması hələ Pəhləvinin hakimiyyətə hazırlanması demək deyil.
Ancaq İranın tanınmış xadiminin İsrailə ilk açıq səfəri bəzi mətləbləri açır, məsələn, Təl-Əviv oğul Pəhləviyə sərmayə qoymağı nəzərdən keçirə bilər.
Bu, daha çox ABŞ-nin təklifi və ssenarisi kimi qavranılır və böyük ehtimalla Vaşinqton İsraillə Rza Pəhləvi arasındakı bağlantını qurmaqla özünün beynəlxalq siyasətdəki insan hüquqları mövzusunu inkişaf etdirir.
İsrailin üzərinə düşən vəzifə Pəhləvi fiqurunu cilalamaqdır, onun potensialını təftiş etmək və bundan sonra gəldiyi qərarları ABŞ-yə açıqlamaqdır.
İsrail Pəhləvinin hakimiyyətə gətirilməsində maraqlı deyil, ola bilsin ki, ona İranla müharibə perspektivi kontekstində mövqe seçmək barədə düşünür.
İndi Pəhləvi qarşısında təlimat qoyulacağı gözləniləndir və bunu üç istiqamət üzrə təsvir etmək olar.
1. ABŞ Pəhləvini İrandakı etirazçıları bir nöqtədə birləşdirmək üçün yetişdirir;
2. İrandakı etirazlar ABŞ-nin yararına işləyən formada yönləndirilir;
3. İsrail daxili qarışıqlıqlardan istifadə edərək İranın hərbi obyektlərini atəş altında saxlayır.
Bu ssenaridə Pəhləvi həmçinin İranda İsrailə qarşı ictimai əhvali-ruhiyyəni ölçən indikator kimi də çıxış etməlidir.
PROQNOZ:
Pəhləvi kartının kozıra çevriləcəyi inandırıcı deyil, çünki İrandakı etirazların motivində sonuncu şahın oğluna istinadlar yox dərəcəsindədir.
İran Pəhləvinin İsrailə səfərinə cavab verəcək, bunun səsi Livan, Suriya və Fələstin cəbhələrində çıxacaq.
Hətta ehtimal etmək olar ki, İran İsrailin daxilində də aktlar planlaşdırsın.
İranın cavab verəcəyi coğrafiya ABŞ və Avropanı da əhatə edə bilər, çünki Tehran Qərbdə molla rejiminə dissident olanların aradan götürülməsinə çalışır.
Aqşin Kərimov - DİA.AZ

Geri qayıt