Əsas Səhifə > Dünya > Ukrayna Hindistanı seçib
Ukrayna Hindistanı seçib24-04-2023, 11:13 |
Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbarovanın bir müddət əvvəl Hindistana işgüzar səfəri beynəlxalq medianın diqqət mərkəzində olub. Əminə Cabbarova Hindistanın xarici işlər nazirinin müavini Minakşi Lexi və baş nazirin milli təhlükəsizlik üzrə müşavirinin müavini Vikram Misri ilə görüşüb. Dehlidə iki ölkə arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət-iqtisadi, elmi-texniki, sənaye və mədəni əməkdaşlıq üzrə hökumətlərarası Ukrayna-Hindistan komissiyasının işinin bərpası müzakirə edilib. Cabbarovanın sözlərinə görə, görüşlər zamanı o Hindistan hökumətini Ukrayna prezidenti Volodimir Zelenskinin sülh formulunu dəstəkləməyə çağırıb. Kiyev Çinin Rusiya ilə strateji tərəfdaşlığını gücləndirməsindən narahatdır. Çinin Fransadakı səfiri Lou Şaye Fransanın “LCI” telekanalına danışarkən Krımı “rus əsilli” adlandırması Kiyevin Pekinin siyasəti ilə bağlı narahatlığını artırıb. Çin səfiri ümumiyyətlə müstəqilliyini qazanan keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektiv statusunun olmadığını” da bildirib. Çinli diplomatın sözlərinə görə, müstəqilliyini qazanan dövlətlərin “suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə yoxdur”. Çinli səfirin “məntiqinə” görə Ukrayna, Gürcüstan, Azərbaycan və SSRİ-nin tərkibində olan keçmiş respublikaların müstəqilliyi nominal xarakter daşıyır. Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko çinli diplomatın açıqlamalarına sərt reaksiya verib. Ukraynalı diplomatı deyib ki, çinli həmkarının coğrafiya ilə bağlı problemləri var. Ukrayna səfiri çinli diplomatın Pekinin Ukraynanın ərazi bütövlüyünü tanımasıyla bağlı siyasətinə ziddiyət təşkil etdiyini bildirib. Çinin müdafiə naziri Li Şanfunun bir müddət əvvəl Moksvaya iki günlük səfəri zamanı rusiyalı həmkarı Sergey Şoyqu ilə müzakirə aparması, Kreml sahibi Vladimir Putinlə görüşü də Kiyevin diqqətini çəkib. Buna görə də Kiyev Çinin bölgədəki rəqibləriylə əməkdaşlığı gücləndirməyə qərar verib. Bu rəqiblərin başında Hindistan gəlir. Dehli neytral xarici siyasət yürüdür. Pekin Rusiya və Ukrayna arasında vasitəçilik təklif edərkən, Dehli bu məsələlərə qarışmır. Dehli də Pekin kimi müharibənin başa çatmasını istəyir, ancaq bunun üçün xüsusi fəallıq göstərmir. Kiyev Yaponiyanın baş naziri kimi Hindistanın baş naziri Narendra Modinin də Kiyevə səfər etməsini istəyir. Bu səfərin reallaşması problematikdir. Çünki Modi Kiyevə səfər edib Moskvaya getməsə, bu Hindistanın neytrallığının pozulması demək olacaq. Dehli neytrallığının pozulmasını istəmir. Digər tərəfdən Modi həm Kiyevə, həm də Moskvaya səfər edərsə, o Çin lideri Tsi Cinpin kimi müharibənin dayandırılmasıyla bağlı hansısa açıqlamalar verməli, plan təklif etməlidir. Pekinin 11 maddəlik planı var, Dehlinin isə belə bir planı yoxdur. Vaşinqton da Dehlinin Ukraynanın mövqeyini fəal müdafiə etməsini istəyir. Dehli son illərdə ABŞ-la tərəfdaşlığını gücləndirib. Hindistan Rusiyadan müəyyən silah növləri alsa da, ABŞ və Avropa ölkələrinin hərbi texnikasına daha çox maraq göstərir. Buna baxmayaraq, Dehli Moskva ilə də dialoqu davam etdirməyə üstünlük verir. Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Qərbin Hindistanın Ukrayna ilə bağlı mövqeyilə barışmalı olduğunu bildirib: “Avropada elə bilirlər ki, onlara aid problemlərin həll ilə dünya məşğul olmalı, Asiya isə problemlərini özü həll etməlidir”. Bu o deməkdir ki, Dehli Ukrayna müharibəsiylə bağlı sülh çağırışlarından başqa daha fəal siyasət yürütməyəcək. Müharibəyə qədər Ukraynada minlərlə tələbə təhsil alırdı. Müharibə başladıqdan sonra tələbələrin mütləq əksəriyyəti geri qayıtdı. Müharibənin getdiyi şəhərlərin bir qismində hindli tələblərin geri qayıdışı çətinləşmişdi. Onlar üçün ciddi təhlükə yaranmışdı. Dehli Moskva ilə danışıqlar nəticəsində mühasirəyə düşən tələbələrinin geri qayıdışını təmin etdi. Müharibənin bitişi ilə Ukrayna hindli tələbələrin yenidən Ukraynada təhsil almasını istəyərdi. Bunun reallaşması yalnız müharibə bitdikdən sonra mümkündür. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ Geri qayıt |