Əsas Səhifə > Dünya > Telefon zəngi nəyi dəyişib?
Telefon zəngi nəyi dəyişib?1-05-2023, 11:32 |
Dünya mətbuatı Ukrayna prezidenti Volodimir Zelenskinin Çin lideri Tsi Cinpinlə telefon danışığının nəticələrini əvvəlkitək analiz etməyə çalışır. ABŞ-ın məşhur “The Washington Post” dərgisində yayımlanan məqalədə Çin liderinin Kiyevə zəng etməklə özünü sülhpərvər kimi göstərməyə çalışıldığı bildirilib. Birincisi, Tsi Cinpin Volodimir Zelenskiyə zəng etməklə Qərblə münasibətlərin normallaşdırılmasına çalışır. Çünki Vaşinqton və Brüssel Pekindən Rusiya-Ukrayna müharibəsiylə bağlı konkret mövqe ortaya qoymasını istəyir. İkincisi, Tsi Cinpin Rusiyaya iki günlük səfərindən və Kreml sahibi Vladimir Putinlə görüşündən sonra Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə təmas qurmalı idi. Bununla Pekin hər iki tərəflə dialoqun olduğunu göstərməli idi. Pekinin müharibənin dayandırılmasıyla bağlı 12 maddəlik planı da bunu diqtə edir. Digər tərəfdən Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvüdən biri kimi də fəallığını bir qədər artırmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 daimi üzvü bu və ya digər şəkildə Ukrayna müharibəsinə cəlb olunub, bircə Çin məsafə saxlamağa çalışırdı, ancaq sonda Pekin də fəallaşmaq məcburiyyətində qaldı. Tsi Cinpin müharibənin yalnız 400-cü günü Kiyevə zəng edib. Buna qədər Tsi Cinpin Volodimir Zelenski ilə təmasdan yayınıb. “Politico” nəşrində yayımlanan məqalədə Çinin Rusiyaya silah və hərbi texnika verməkdən çəkindiyi bildirilib. Pekin Qərbin sanksiyalarından ehtiyat edir. Buna baxmayaraq, Çin Rusiya ilə əməkdaşlığı genişləndirməyə qərar verib. Pekin vasitəçi təşəbbüslərini gücləndirməklə bu sahədə Qərbi əvəzlələməyə çalışır. Pekinin İranla Səudiyyə Ərəbistanını barışdırması buna nümunədir. Bu iki dövlət arasında danışıqlar Pekində gedirdi. Tsi Cinpin Moskva və Kiyevlə təmaslara baş vurmaqla Ukraynadakı müharibənin dayandırılması üçün də fəallığını artırıb. Ancaq Qərb Pekinə vasitəçi olmağa imkan verməyəcək. Pekin “müharibə dayandırılmalıdır” desə də, Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi vacibliyini bildirmir. Bunsuz müharibə dayandırılmayacaq. Pekin Ukraynanın ərazi bütövlüyünü tanısa da, Rusiyanın işğal etdiyi ərazilərlər bağlı mövqe bildirməkdən çəkinir. Kiyev də Pekinin bu şəkildə vasitəçiliyini qəbul etməyəcək. Buna baxmayaraq, Ukrayna prezidenti Volodimir Zelenski Çin lideri Tsi Cinpinlə dialoqunu davam etdirəcək. Bu Zelenskiyə ona görə lazımdır ki, Pekin tamamilə Kremlin yanında yer almasın və Çin Rusiyaya həri texnika satmağa qərar verməsin. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ Geri qayıt |