Əsas Səhifə > Dünya > Siyasi savaş pikə doğru: ilkin ehtimallar formalaşıb, amma...

Siyasi savaş pikə doğru: ilkin ehtimallar formalaşıb, amma...


2-05-2023, 14:02
Siyasi savaş pikə doğru: ilkin ehtimallar formalaşıb, amma...
Məlum olduğu kimi, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd – ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İnce, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparır.

Aprelin 27-dən etibarən xaricdə yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkilərində səsverməsi başlayıb. Türkiyə Yüksək Seçki Qurumunun (YSK) qərarına əsasən, Türkiyənin 75 xarici ölkədəki diplomatik nümayəndəliklərində 156 seçki məntəqəsi fəaliyyətə başlayıb. Sərhəd məntəqələrində, aeroportlarda və dəniz limanlarında xaricə gedən vətəndaşların səsverməsi üçün 4,6 min məntəqə quraşdırılıb.

Ümumilikdə Türkiyə xaricində 3,6 milyondan çox vətəndaş səs verə bilər. Xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermə prosesi mayın 9-na qədər davam edəcək, sonra bütün bülletenlər sayılaraq YSK-ya göndəriləcək.

Göründüyü kimi, qardaş ölkə tarixi siyasi hadisənin astanasındadır. Bütün dünyanın nəzəri bu ay Türkiyədə keçiriləcək seçkilərə yönəlib. Seçki marafonu Azərbaycanda da maraqla izlənilir. Hamını düşündürən sual budur: may ayı Türkiyənin siyasi həyatında hansı dəyişikliklərə səbəb olacaq?

DİA.AZ-ın məlumatına görə, türkiyəli siyasi şərhçi Aydın Sezer AYNA-ya şərhində deyib ki, hazırda əsas diqqət prezident seçkilərinə yönəlib, parlament seçkiləri nisbətən arxa plana keçib: “Seçkilər öncəsi keçirilən sorğular əsas rəqiblər – Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıcdaroğlunun şanslarının təxminən bərabər olduğunu göstərir. Bəzi sorğularda isə Kılıcdaroğlu üstünlük qazanır. Digər yandan Muharrem İnce də sosial elektorata malikdir. İnce amili də nəticələrə təsirsiz ötüşməyəcək. Düzdür, İncenin qalib gəlmək şansı azdır, lakin o, qalibin müəyyən olunmasında həlledici söz sahibi olacaq”.

“Hesab edirəm ki, prezident seçkilərinin taleyi ikinci turda həll olunacaq. İkinci turun isə mayın 28-də keçiriləcəyi gözlənilir. May ayı Türkiyənin siyasi həyatında qaynar və həlledici ay olacaq. Türkiyənin gələcək daxili və xarici siyasətinə aydınlıq gələcək. Türkiyə seçiciləri öz gələcək rəhbərini seçəcək və taleyüklü qərarını elan edəcəklər”, - deyə həmsöhbətimiz bildirib.

Sezerin fikrincə, Ərdoğanın sağlığı ilə bağlı spekulyasiyalar onun şanslarının zəiflədilməsinə xidmət edir: “Məlumdur ki, bəzi xarici qüvvələr hər vəchlə Ərdoğanın seçkilərdə məğlub olmasına çalışır. Buna səbəb Ərdoğanın onların dediyi ilə oturub-durmaması, müstəqil xarici siyasət yürütməsidir. Onlar Ərdoğanın məğlubiyyəti üçün bütün imkanlarını işə salacaqlar. Açıq şəkildə etiraf etmək lazımdır ki, Kılıcdaroğlunun şansları yüksəkdir və nəhayət, 20 ildən sonra onun prezident seçilmək şansı yaranıb. Seçkilərin taleyinə Türkiyə seçiciləri aydınlıq gətirəcəklər”.

DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair AYNA-ya açıqlamasında söyləyib ki, seçkilərə az vaxt qalsa da, indidən nəticələr barədə danışmaq tezdir: “Hər şey mümkündür. Türkiyədə seçkilərin nəticələrinə təsir edən amillər çoxdur. Burada etnik, dini və digər amillər mühüm rol oynayır. Etnoslar və dini inanclar Türkiyə cəmiyyətinin gerçəkliyidir. Bu amil, heç şübhəsiz, bu seçkilərə təsirsiz ötüşməyəcək”.

“Rəcəb Tayyib Ərdoğan və komandası Türkiyə üçün çox işlər görüb. Türkiyənin müstəqil xarici siyasət yürütməsində, aparıcı diplomatik oyunçulardan birinə çevrilməsində onun rolu böyükdür. Türk seçiciləri bu xidməti nəzərə alacaqlar. Kılıcdaroğlu da şanslı namizəddir. Muharrem İnce də həmçinin. Hətta Sinan Oğan da. Düzdür, İnce və Oğan prezident seçkilərində qalib gəlməyəcəklər. Lakin ikinci tur gözlənilir. İkinci turda onların şansı yüksəkdir”, - deyə Hüseynli vurğulayıb.

DİA.AZ bildirir ki, AYNA-nın digər həmsöhbəti, azərbaycanlı politoloq Xəqani Cəfərli bu yarışdan Kamal Kılıcdaroğlunun qalib çıxacağını düşünür: “Sosioloji sorğular da bunu təsdiq edir. Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğanın öz mövqelərini qorumaq imkanı, Kılıcdaroğlunun qalib gəlmək ehtimalından daha aşağıdır”.

“Türkiyə böyük bir siyasi hadisənin astanasındadır. Artıq gerisayım başlayıb və hər ötən gün Kılıcdaroğlunu qələbəyə daha da yaxınlaşdırır. Bütün hallarda seçki öncəsi siyasi mübarizə şiddətlənir”, - deyə o bildirib.

Analitik may ayının Türkiyənin siyasi həyatında həlledici ay olacağını diqqətə çatdırıb: “Hətta seçkilərin taleyi ikinci turda həll olunsa belə, bu da may ayının sonunda baş verəcək. Təbii ki, siyasətdə hər şey mümkündür. Tamamilə gözlənilməz nəticələr və sürprizlər də ortaya çıxa bilər. Lakin normal məntiqlə təhlil etdikdə aydın görmək olur ki, Kılıcdaroğlunun şansı daha yüksəkdir. Yəqin ki, CHP lideri seçki yarışmasının favoriti olacaq”.

Geri qayıt