Əsas Səhifə > Dünya > Diplomatiyanın təntənəsi əvəzinə biabırçılıq:

Diplomatiyanın təntənəsi əvəzinə biabırçılıq:


4-05-2023, 06:41
Diplomatiyanın təntənəsi əvəzinə biabırçılıq:
BMT Baş Assambleyası Rusiya Federasiyasının təcavüzkar adlandırıldığı “BMT və Avropa Şurası arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edib. Hindistan və Çin əvvəllər Rusiyanın hərəkətlərini mənfi qiymətləndirən sənədlərə səsvermədə bitərəf qalırdılar, amma indi qətnamənin lehinə ilk dəfə səs veriblər. Qətnaməni KTMT üzvləri olan Ermənistan və Qazaxıstan, eləcə də Rusiyaya dost Braziliya da dəstəkləyib (baxmayaraq ki, bu yaxınlarda Braziliya Prezidenti müharibəni dayandırmaq üçün Krımı Rusiyaya verməyi təklif edib).

Qətnamənin 9-cu bəndinə əsaslanaraq, doğrudan da demək olar ki, bu ölkələr de-fakto və de-yure Rusiyanın təcavüzkar adlandırılması ilə razılaşıblar. Lakin ilk növbədə, bütün sənədin mətninə baxmaq lazımdır. Xüsusilə, söhbət ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığından gedir. Bunu Çin özünün qondarma sülh planının ilk bəndi kimi irəli sürür. Necə ola bilər ki, bir tərəfdən bu prinsip Çin planının mərkəzində dayansın, amma onun lehinə səs verməsin? Bu, çox acınacaqlı mövqe olardı.

Hindistana gəlincə, məsələn, Çinlə çoxdankı ərazi mübahisələri var. Və o hesab edir ki, onlar həll olunmayana qədər bu ölkə ilə normal münasibətlər olmayacaq. Bu həm də Hindistanın ona uyğun gəlməyən status-kvo ilə kifayətlənməyəcəyinə açıq işarədir.

Yaxşı, KTMT-nin üzvü olan Qazaxıstan bu qətnaməyə niyə səs verdi? Çünki Rusiyada rəsmi olaraq Şimali Qazaxıstanın Rusiya ərazisi olduğunu deyirlər. Qazaxıstan belə bir qətnamədən necə çəkinə bilər? Astana anlayır ki, sabah rus qoşunları ərazilərinin üçdə birini işğal edə bilər.

Beləliklə, biz bütün bu ölkələri səsverməyə vadar edən yaxşı maddələrlə dolu bir qətnamə gördük. Bunun Ukraynanın mövqeyini nə dərəcədə əks etdirməsi isə tamam başqa sualdır.

Düşünmürəm ki, Çin indi özünü ABŞ-ın qucağına atsın və ya Ukraynayönümlü mövqe üçün lobbiçilik etməyə başlasın. Bunu güman etmək çox sadəlövhlük olardı. Başqa bir sual, eyni Ermənistana və ya Qazaxıstana səs vermənin nə ilə nəticələnəcəyidir. Təbii ki, Rusiyada bu İrəvan və Astananın mövqeyi birmənalı qarşılanmayacaq və güman etmək olar ki, rus təbliğatçıları sabah Qazaxıstana hücum etmək lazımdır deyə qışqırmağa başlayacaqlar.

Lakin xatırlamaq lazımdır ki, BMT Baş Assambleyasının qətnaməsi hüquqi deyil, siyasi aktdır. Qətnamədə deyilir ki, dünya ictimaiyyəti bu və ya digər problemə belə baxır. Hüquqi cəhətdən məcburi prinsipə malik olan qətnamələr müstəsna olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilir. Ona görə də aprelin 26-nı Hindistan və Çin tərəfindən Rusiya təcavüzünün “Ümumdünya Tanınması Günü” elan etmək hələ tezdir.

Lakin aprel ayı - Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi ayında bu ölkənin nüfuzunun nə qədər aşağı düşdüyünü göstərdi. Rusiya Federasiyasının hər zaman ümid bəslədiyi rus diplomatiyasının təntənəsi əvəzinə diplomatik biabırçılıq yaşandı. İclaslardan birinə sədrlik edən Sergey Lavrov onu sona qədər görməyə və amerikalıların, britaniyalıların və başqalarının ona söylədiyi hər şeyi dinləməyə məcbur oldu, baxmayaraq ki, o, adətən belə müzakirələrdən qaçır.

İndi işğalçı ölkə öz vassalları ilə tək qalıb: Belarus, Suriya, Şimali Koreya və Nikaraqua. Bunlar həmin ölkələrin rejimlərini Moskvanın maliyyələşdirdiyi yaramaz dövlətlərdir, müvafiq olaraq, yalnız Rusiya Federasiyasının göstərişi ilə də qətnamənin əleyhinə səs verdilər.

Rusiya artıq tamamilə təcrid vəziyyətindədir. Bu, BMT Baş Assambleyasında səsvermənin müsbət nəticəsidir.

Müəllif: Vladimir Oqrızko - Ukraynanın keçmiş xarici işlər naziri, Rusiya Araşdırmaları Mərkəzinin rəhbəri.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Geri qayıt