Əsas Səhifə > Dünya > Özbəklər nəyə “hə” dedilər:
Özbəklər nəyə “hə” dedilər:5-05-2023, 14:02 |
Özbəkistanda konstitusiya dəyişiklikləri məqsədilə keçirilən referendum başa çatıb. Ölkənin Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayıb. Rəsmi məlumata görə, vətəndaşlar konstitusiya dəyişikliklərini dəstəkləyiblər. Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum ölkə Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə baş tutub. Ölkənin əsas qanununa edilən əsas əlavələrdən biri ölkə Prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə uzadılması ilə bağlıdır. Hazırkı dövlət başçısı Mirziyoyevin səlahiyyətləri sıfırlanacaq, yəni 2026-cı ildə o, üçüncü dəfə namizədliyini irəli sürə biləcək. Bundan əlavə, dəyişikliklərə əsasən, Özbəkistan sosial dövlət elan edilir. Qeyd edək ki, sosial dövlət vətəndaşların rifahını başlıca vəzifə qəbul edən dövlət anlayışı olub, iqtisadi və sosial əmin-amanlığın qorunması və irəli çəkilməsində dövlətin əsas rol oynamasını təklif edir. Bu sistem sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi quruluşdur. Bu modelə görə dövlət vətəndaşların firavan həyat şəraitinin yaradılmasında əsas məsuliyyət daşıyan subyektdir. Azərbaycanın sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov mövzu ilə bağlı AYNA-ya müsahibəsində Özbəkistanda keçirilən konstitusiya referendumu, sosial dövlət modeli və digər mövzular ətrafında danışıb. DİA.AZ onunla söhbəti təqdim edir: - Özbəkistan son konstitusiya dəyişiklikliyindən sonra özünü sosial dövlət elan etdi. Sosial dövlət modeli özündə nəyi ehtiva edir? - Sosial dövlət modeli üçün bir sıra ənənələr mövcuddur. Misal üçün, hər hansı ölkədə müharibə baş veribsə və həmin dövlət sosial dövlətdirsə, o zaman dövlət müharibə qurbanlarının ailələrinə və iştirakçılarına sosial dəstəyi öz üzərinə götürür. Eləcə də aztəminatlı ailələrin problemlərinin həllini də öz üzərinə götürür. Yəni, hər hansı vətəndaş qrupunun dövlətin maliyyə dəstəyinə ehtiyacı varsa, hökumət onu həyata keçirir. Əgər dövlət özünü sosial dövlət elan edirsə, bu problemlərin hamısını həll etməyə məsuldur. Dünyada belə nümunələr mövcuddur. Almaniya sosial dövlətdir. Orada vətəndaşlara, habelə miqrantlara belə, dövlətin maliyyə dəstəyi həyata keçirilir. ABŞ-da isə fərqli situasiyadır. Amerikada hər adam dövlət dəstəyini əldə edə bilmir. Ələlxüsus da miqrantlar bu dəstəyi ala bilmir. Azərbaycan da sosial dövlətdir. Postsovet məkanında sosial dövlət olaraq öz liderliyini qoruyur. Azərbaycanda sosial layihələrə böyük diqqət ayrılır. Ehtiyacı olan vətəndaşlar mənzillərlə təmin edilir. Hansı ki, bu, dünyanın çox az ölkəsində həyata keçirilir. Torpaqlarımızın azadlığı uğrunda şücayət göstərmiş şəhid ailələri və qazilərimizə xüsusi etimad göstərilir. Lakin sosial dövlət o demək deyil ki, hər bir problem dövlət tərəfindən tənzimlənməlidir. - Belə çıxır ki, Özbəkistanda bu günə qədər sosial layihələr həyata keçirilməyib? Bunu konstitusiya ilə tənzimləməyə nə zərurət var idi ki? - Sosial dövlət modelini konstitusiya ilə tənzimləmək hər bir dövlətin öz seçimidir. Görünür, buna getmək üçün müəyyən situasiya yetişib. Özbəkistanda sosial dövlət artıq rəsmiləşdi və bundan sonra hökumət sosial problemlərə xüsusi diqqət ayırmalıdır. Vətəndaş konstitusion hüquqlar əldə edir ki, dövlətdən dəstək ala bilsin. Yəqin ki, Özbəkistan hökuməti bununla bağlı araşdırmalar aparıb. Yekunda o qənaətə gəlib ki, sosial dövlət modelini konstitusiya quruluşuna çevirmək lazımdır. Bundan sonra büdcə müzakirələri, dövlət ayırmaları zamanı bu amil xüsusi nəzərə alınacaq. Özbəkistan dövləti buna gedirsə, deməli, buna xüsusi zərurət hiss edib. - Sosial dövlət modelinə keçid edən dövlətlərin əsas fərqliliyi nədir? Hansı mexanizmlər sosial dövlət modelləri üçün xarakterikdir? - Normal məbləğdə pensiyaların, məvaciblərin, təqaüdlərin, yardımların verilməsi sosial dövlətlər üçün xarakterikdir. Bu, təkcə birbaşa maliyyə yardımlarının deyil, ərzaq, dərman və digər formada yardımların da həyata keçirilməsini nəzərdə tutur. Habelə təhsil, səhiyyə xərcləri zamanı güzəştlər nəzərə alınır. Bu, əslində normal bir şeydir. Sosial dövlət modeli özündə xeyli məqamları ehtiva edir. Bunu sıralamaq üçün günlərlə müzakirələr aparmaq olar. Əslində hər bir dövlət sosial dövlət modelinə fərqli yanaşır. Burada ölkənin mövcud durumu, reallıqları, mentaliteti və s. fərqliliklər nəzərə alınır. - İddialar mövcuddur ki, sosial dövlət modeli sadəcə bir bəhanəydi və konstitusiya dəyişikliyinin əsas məqsədi Mirziyoyevin hakimiyyətinin uzunömürlüyünü təmin etmək idi… - Konsitusiya dəyişikliyi təkcə sosial dövlət modelini nəzərdə tutmur. Burada Prezidentin səlahiyyət müddətinin uzadılması, 2026-cı ilə qədər olan fəaliyyətini sıfırlanması və s. məqamlar da yer alır. Eləcə də digər nüanslar referenduma çıxarılan dəyişikliklərdə öz əksini tapıb. Bu, özbək xalqının seçimidir və nəticələr göstərir ki, özbəklər bu dəyişikliklərin lehinədir. Əslində Şərq menatliteti Avropa mentalitetindən xeyli fərqlənir və bunu nəzərə almaq lazımdır. Bu regionun öznüməxsus xüsusiyyətləri var. Bu baxımdan Qərblə Şərqi eyni tərəziyə qoymaq olmaz. Onlar arasında tarixi fərqlər olub, var və olacaq. İdarəçilik fərqləri də var və buna təbii yanaşmaq lazımdır. Mən burada qeyri-adi və təəccüblü bir şey görmürəm. Geri qayıt |