Əsas Səhifə > Dünya > Müharibə olmasaydı...

Müharibə olmasaydı...


5-05-2023, 11:36
Müharibə olmasaydı...
Vaşinqton Çini rəqib kimi qiymətləndirdiyinə görə bu dövlətlə bağlı ümumiləşdirilmiş siyasətini formalaşdırmağa çalışır. ABŞ və Avropa Çinlə iqtisadi əlaqələrini davam etdirdikləri halda Tayvan ətrafında cərəyan edilən hadisələrdə Pekini ittiham edirlər.
Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel Avropa İttifaqına üzv dövlətlərin hərbi gəmilərinin Tayvan ətrafına göndərilməsi vacibliyini bildirib. Həmin gəmilər Tayvan adası ətrafında patrul xidməti göstərməlidirlər. Borrel Fransanın “Journal du Dimanche” dərgisinə verdiyi Avropanın Tayvan ətrafında fəallaşmasının önəmli olduğunu bildirib. ABŞ hərbi gəmiləri hazırda Tayvan adası ətrafında patrul xidməti göstərirlər.
Jozep Borrel Çinin durdurulması vacibliyini bildirərkən, Avropa İttifaqının iki əsas dövləti – Fransa və Almaniya Pekinlə dialoqu genişləndirməyin tərəfdarıdırlar. Almaniya kansleri Olaf Şoltsun və Fransa prezident Emmanuel Makronun bir müddət əvvəl Çinə səfərləri də bundan xəbər verir. Makron Çindən Fransaya qayıtdıqdan sonra Avropanın Tayvan məsələsində ABŞ-ın siyasətini dəstəkləməməsi vacibliyini bildirdi. Şolts da Tayvana görə Avropanın Çinlə qarşıdurmasının əleyhinədir. ABŞ-ın ən yaxın müttəfiqlərindən Böyük Britaniya da ehtiyatlı mövqenin tərəfdarıdır. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Çinə qarşı “soyuq müharibənin” elan edilməsinin yanlış qərar olacağını vurğulayıb.
Belə olan halda Borrel nədən Avropanın Tayvan adası ətrafında fəallaşması gərəkliyini bildirib? Görünür, Borrel Avropanın ABŞ-dan geri qalmasını istəməyərək patrul gəmilərinin birgə xidmətinə üstünlük verir. Çin Xarici İşlər Nazirliyi Borrelin təşəbbüsünü tənqid edib. Pekinin xəbərdarlığı Brüsseldə mövzuyla bağlı müxtəlif mülahizələrə səbəb olub. Avropalıların bir qismi Tayvanla bağlı Brüsselin ABŞ-Çin qarşıdurmasından məsafə saxlaması gərəkliyini ifadə edib. Bu qrupun fikrincə, diqqəti Ukrayna müharibəsindən yayındırmaq olmaz. Onların fikrincə, Avropanın həm Rusiya, həm də Çinlə mübarizə aparması doğru deyil. Ancaq fərqli düşünənlər də var. Çin Tayvanı ələ keçirərsə, bu ölkənin bölgədə rolu artacaq və Pekin anti-Qərb qüvvələrinin liderlərindən birinə çevriləcək. Bu Brüssel üçün təhlükəli gedişatdır. Avropada Çinin Ukrayna məsələsində mövqeyindən narahatlıq da artır. Çexiyanın yeni prezidenti Petr Pavel ABŞ-ın “Politico” nəşrinə verdiyi müsahibədə Çinin Ukrayna müharibəsindən dividentlər qazandığını bildirib: “Pekin müharibənin bitməsində maraqlı deyil. Çünki müharibə davam etdikcə Rusiyanın Çindən asılılığı artır. Bu Pekinin maraqlarına cavab verir”. Həqiqətən müharibə olmasaydı, Çin Rusiyadan ucuz neft və qaz ala bilməyəcəkdi. Ukrayna müharibəsi Qərbi də yorur ki, bu da Çinin maraqlarına cavab verir.
“Atlas” Araşdırmalar Mərkəzi
DİA.AZ

Geri qayıt