Əsas Səhifə > Dünya > Kim daha uğurlu seçki kampaniyası aparır?
Kim daha uğurlu seçki kampaniyası aparır?8-05-2023, 15:13 |
Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri Azərbaycanda da diqqətlə izlənilir. Hazırda seçkiöncəsi namizədlər müxtəlif təbliğat kampaniyalarından və seçki texnologiyalarından istifadə edirlər. Qeyd edək ki, marketinq və PR alətlərindən müxtəlif məqsədlər üçün, eləcə də siyasətdə və seçkilərdə geniş istifadə olunur. Müasir dövrdə seçki taktikaları, namizədlərin təbliğatının forma və platformaları da dəyişib, yeni şərtlərə uyğunlaşıb. Araşdırma, hazırlıq, strateji planlama, kommunikasiya, icraat, dəyərləndirmə mərhələlərindən ibarət olan seçki prosesi sona yaxınlaşdıqca rəqiblərin seçki kampaniyalarını necə həyata keçirdikləri, hansı fərqli texnologiyalardan istifadə etdikləri ciddi müzakirə mövzusudur. İqtidar və müxalifət: kim nə cür siyasi texnologiyadan istifadə edir, hansı cinah hansı üsula əl atır və tərəflərin üz tutduğu metodologiyalardan daha uğurlusu indidən sezilirmi? DİA.AZ-ın məlumatına görə, Türkiyəli seçki texnoloqu Murat Aşkın AYNA-ya açıqlamasında deyib ki, müxalif qüvvələr üçün təbliğat daha asandır: “Çünki onlar rəqibin zəif nöqtələrindən məharətlə istifadə edirlər. Bu mənada altı aparıcı müxalifət partiyasını öz ətrafında birləşdirən “Millət İttifaqı” AKP iqtidarının səhvlərindən, zəifliklərindən ciddi şəkildə istifadə etdi”. “Marketinq və PR kampaniyalarının seçkilərdə rolu böyükdür. Lakin söhbət prezident seçkilərindən gedirsə, burada iki şanslı namizəd var və onları demək olar ki, bütün Türkiyə tanıyır. Siyasi fəaliyyətləri barədə də ətraflı məlumata malikdir. Bu mənada daha çox namizədlərin bu günə qədər olan fəaliyyətinə xüsusi diqqət ayrılır”, - deyə həmsöhbətimizbildirib. Onun sözlərinə görə, “Cümhur İttifaqı” Türkiyənin müstəqil xarici siyasət yürütməsini, dünyanın aparıcı diplomatik oyunçularından birinə çevrilməsini önə çəkir: ““Millət İttifaqı” isə bəyan edir ki, məhz bu siyasət Türkiyəni Qərbdən qoparıb və Avropanın bir parçası olmaqdan məhrum edib. Türkiyədə baş verən son zəlzələ zamanı tikililərin keyfiyyətsiz olması səbəbindən xeyli sayda insanın həyatını itirməsi Ərdoğan komandası üçün sarsıcıdı zərbə oldu”. Aşkın “Millət İttifaqı”nın daha fəal seçki kampaniyası apardığı düşüncəsindədir: “Kılıcdaroğlu və komandası bəyan edir ki, onlar hakimiyyətə gələcəyi təqdirdə geniş islahatlar aparacaqlar. Bu sırada korrupsiyadan əldə edilən və xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan gəlirlərin ölkəyə gətirilməsi və bu çərçivədə “Aktivlərin Bərpası İdarəsi”nin yaradılması, belə halların aşkar edildiyi Dövlət-Özəl Tərəfdaşlıq layihələri üzrə podratçı şirkətlər, onların tərəfdaşları, məsul şəxslər barəsində hüquqi prosedurlar başlanılacağı, dəymiş zərərin geri alınması, heç kimin bir yerdən çox maaş almayacağı və s. xüsuslar Türkiyə vətəndaşları üçün cəlbedicidir. “Cümhur İttifaqı” isə ənənəvi siyasətin davam edəcəyini bildirir. Bütün hallarda türkiyəli seçicilər ayıqdır və yekun qərarı məhz onlar verəcəklər”. DİA.AZ bildirir ki, Türkiyədəki seçkiləri AYNA-ya şərh edən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TUİB) sədrinin müşaviri Rakıp Sarının sözlərinə görə, namizəddə, siyasətçidə ən vacib faktor ritorikadır: “Ritorika ünsiyyət üslubudur. Buna insanları inandırmağa yönəlmiş dil ustalığı da deyə bilərik. O, qucaqlayıcıdır, yumşaldıcıdır, təsirlidir, gündəmdir, qarışıqlıq yarada bilər. Bir çox siyasilərin mütaliəsinin az olması yerli camaatdan uzaq düşməsinə, onları tam başa düşməməsinə və nəticədə də onlarla emosional bağ qura bilməməsinə səbəb olur. Siyasətçi hər şeydən öncə çox gözəl danışmağı bacarmalıdır”. “Açıq şəkildə etiraf etmək lazımdır ki, Türkiyədə bu baxımdan ən şanslı namizəd Rəcəb Tayyib Ərdoğandır. Onun və komandasının bu günə qədər keçirilən çoxsaylı seçkilərdə qələbə qazanmasında başlıca şərtlərdən biri də budur. Ərdoğan natiqdir, təqdimat və inandırma qabiliyyətinə malikdir”, - deyə müsahibimiz söyləyib. Onun fikrincə, seçkilər “Cümhur İttifaqı”nın qələbəsi ilə başa çatacaq: “Düzdür, buna qədər hakim partiya seçkilərdə rahat qələbə qazana bilirdi. Bu dəfə isə gərgin rəqabət olacaq. Müxalifət parlamentdə daha çox millət vəkili ilə təmsil olunacaq. Lakin seçkilərin favoriti Rəcəb Tayyib Ərdoğan və “Cümhur İttifaqı”dır. Ədroğanın şəxsi xüsusiyyətləri onun qələbəsini qaçılmaz edəcək”. “Bəzən “Millət İttifaqı”nın şansının yüksək olduğu iddia olunur. Bu, belə deyil. Sadəcə görüntüdür. Müxalifət daha çox iqtidarın səhvləri üzərində üstünlük qazanmağa çalışır. İqtidarın isə uğuru onun fəaliyyətidir”, - deyə Sarı fikrini tamamlayıb. Geri qayıt |