Əsas Səhifə > Dünya > İki NATO ölkəsi arasında gərginlik: Avropa üçün təhdid

İki NATO ölkəsi arasında gərginlik: Avropa üçün təhdid


10-05-2023, 17:47
İki NATO ölkəsi arasında gərginlik: Avropa üçün təhdid
Rusiya-Ukrayna müharibəsinin Transatlantik məkanda yaratdığı çatlardan biri Polşa-Almaniya gərginliyidir.
Polşada Almaniya əleyhinə rəsmi və qeyri-rəsmi ritorika Berlinin Moskva saatına uyğunluq təşkil edən siyasətinə görədir.
Yəni Polşada hesab edirlər ki, Almaniya NATO-nun Rusiyaya qarşı çağırış və birgə müdafiə səylərinə həlledici dəstək vermir və əqrəblərini Kremlə tərəf əyir.
Polşadakı ritorikanın tarixi aspektləri də var, rəsmi Varşava bildirir ki, Almaniya İkinci Dünya müharibəsində Polşaya yaşatdığı əzablara görə təzminatı tam həcmdə ödəmir.
Polşa siyasətçiləri Varşavanın Almaniyanın təzminat ödənişlərinin təxminən 15 faizini aldığını deyirlər.
Ancaq Polşa bu transferləri tez-tez xatırlatmır, bunun əvəzinə diqqəti Almaniyanın təhlükəsizlik mühiti üçün zərərli hesab etdiyi mövqelərə yönəldir.
Üstəgəl, Polşa mediasında Almaniyanı müxtəlif epitetlərlə bəzəyən yazılar dərc olunur, görünür ki, Varşavanın təzminatla bağlı iradları ümumi kampaniyanın yalnız bir komponentidir.
Ümumiyyətlə, Polşanın ritorikaları daha sərtdir - elə Ukraynaya qarşı da – üzdə olanlar və olmayanları təhlil etsək, bu nəticəyə gələrik.
Almaniya ilə Polşanın çox fərqli siyasi dalğa uzunluğunda olması onların bir-birinə etibarını azaldır. Bu, Transatlantik prioritetlərə mənfi təsir göstərir və NATO qarşısında duran geosiyasi çağırışlara cavab verməkdənsə onu zəiflədən mənbələrdən birinə çevrilir.
Deməli, Ukraynadakı münaqişə uzandıqca Avropanın təhlükəsizlik məsələsi ilə bağlı mövqelər də davamlı dəyişikliyə məruz qala bilər.
Rusiya ilə bağlı ikinci sürüşkən mövqe göstərən NATO ölkəsi Fransadır, mümkündür ki, Berlinin Moskvaya olan loyal münasibəti Parisin ürəyincədir.
Fransanın və Almaniyanın Rusiya təcavüzünə qarşı Ukraynanın qarşısında ürəkdən öhdəlik götürməməsi təhlükəsizlik üzrə aspektlərdə həssas çağırışlar formalaşdırır.
Görünür ki, Almaniya və Fransanın Ukraynada “istənilən qiymətə” atəşkəs arzulaması NATO üzrə fikir ayrılıqlarını körükləyəcək.
Polşanın narahatlıqlarının anlaşılan tərəfləri də çoxdur, çünki hesab edilir ki, Rusiya Ukraynada qalib gəlsə, Polşanın təhlükəsizlik sferası incə ip üzərinə qoyulacaq.
İkinci yandan, Polşa bu mövqeyini əsaslandırmaq üçün Rusiya ilə Çinin yaxınlaşmasının Avropa üçün yarada biləcəyi təhlükələr barədə tezislərini arqumentləşdirə bilər.
Həqiqətən də, sual yaranır ki, Çin Rusiyaya həlledici dəstək versə, bu, Mərkəzi və Şərqi Avropada nizam və sabitliyin pozulmasında necə hərəkətverici qüvvə olacaq.
NATO-nun daxilindəki intizamın və Avropanın təhlükəsizlik mühitinin Rusiyanın xeyrinə korlanması Ukraynadakı müharibənin gedişatından asılı olaraq qalmaqdadır.
Hərçənd ki, NATO olmasa belə, Ukraynadakı müharibənin Avropa İttifaqı modelinə dağıdıcı təhdidləri gündəmdə ağır çəkiyə malikdir.
Mövzu burada təkcə Rusiya üzərində fokuslanmır, Çin amilinin yeni nizamdakı tuta biləcəyi mövqelərə vurğular ediləcək.
Nəticə olaraq hesab edirik ki:
- Almaniya-Polşa münasibətləri, bir çox sahədə, o cümlədən iqtisadi cəhətdən güclü tərəflərinə baxmayaraq, siyasi baxımdan pis vəziyyətdədir;
- Bunun səngiməsi çətindir, hətta mümkündür ki, gərginliyin miqyası genişlənsin;
- Bunun NATO və Avropanın təhlükəsizliyi üçün mənfi nəticələri var.
Aqşin Kərimov - DİA.AZ

Geri qayıt