Əsas Səhifə > Dünya > Təxirə salınan əks-hücum və Kiyevin gözləntiləri:

Təxirə salınan əks-hücum və Kiyevin gözləntiləri:


12-05-2023, 06:18
Təxirə salınan əks-hücum və Kiyevin gözləntiləri:
Ukrayna Silahlı Qüvvələri (UAF) əks-hücum əməliyyatını təxirə salmalıdır. Çünki qoşunlara hazırlıq üçün daha çox vaxt lazımdır və Kiyev Qərbin hərbi yardımının çatdırılmasını gözləyir. Bu barədə BBC-yə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısının sözlərinə görə, NATO ölkələrində təlim keçmiş Ukrayna briqadaları artıq hücuma hazırdır: “Lakin ordunun hələ də zirehli texnikaya ehtiyacı var və onlar partiyalarla verilir”.

Zelenski əmindir ki, Ukrayna Silahlı Qüvvələri Kiyevin onsuz da malik olduğu imkanlarla irəli gedə və uğur qazana bilər: “Ancaq çox insan itirəcəyik. Hesab edirəm ki, bu, qəbuledilməzdir. Ona görə də gözləmək lazımdır. Hələ bir az daha vaxta ehtiyacımız var”.

Qərb texnologiyası ilə dəstəklənən Ukrayna əks-hücumunun dəqiq nə vaxt başlayacağını Zelenski açıqlamayıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov bir müddət əvvəl bildirib ki, müxtəlif ölkələr Rusiyanın şərtləri ilə Kiyevi mümkün qədər tez danışıqlar masasına oturtmağa çalışırlar.

Bununla yanaşı, CNN telekanalı məlumat yayıb ki, Ukrayna ordusu Baxmut şəhəri ətrafındakı ərazilərin geri qaytarıldığını elan edib. Məlumata görə, Ukrayna ordusu Baxmut istiqamətində əks-hücuma keçib və son əks-hücum zamanı uğur əldə edilib. Məlumata görə, həmçinin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin də Rusiya qoşunlarının öz mövqelərini tərk etdiyini təsdiqləyib.
AYNA
Geri qayıt