Əsas Səhifə > Dünya > Putin MDB-ni qoruya bilmir:

Putin MDB-ni qoruya bilmir:


16-05-2023, 00:09
Putin MDB-ni qoruya bilmir:
Gürcüstan və Ukraynadan sonra Moldova da Müstəqil Dövlətlər Birliyindən ayrılacaq.

Qeyd edək ki, bu yaxınlarda Moldova MDB Assambleyasından çıxmaq barədə qərar qəbul edib. Artıq bununla bağlı prosedur başlanılıb.

Moldova parlamentinin spikeri İqor Qrosunun sözlərinə görə, Moldovanın MDB-yə üzvlüyü onun ərazi bütövlüyünün və suverenliyinin təminatı istiqamətində heç bir mühüm və həlledici nəticəyə gətirib çıxarmayıb. İqor Qrosu mətbuata açıqlmasında qeyd edib ki, Moldovanın MDB strukturlarında olması ona Dnestryanı münaqişəsinin həllinə, hətta ən çətin dövrlərdə iqtisadi embarqolardan xilas olmasına müsbət töhfə verməyib.

“MDB-də olmaq bizi enerji şantajından, müstəqilliyimizə və suverenliyimizə qarşı təhdidlərdən və düşmən bəyanatlarından xilas etməyib”, -deyə Qrosu bildirib.

Xatırladaq ki, 2008-ci ildən bəri MDB-dən qopmalar prosesi müşahidə edilir. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana təcavüzündən və 2014-ci ildə Ukraynada Maydan hadisələrindən sonra rəsmi Tiflis və Kiyev MDB-ni tamamilə tərk etdi. İndi isə Moldova bu təkşilatdan ayrılmağa hazırlaşır. Moldovanın da bu istiqamətdə addım atmağa başlaması artıq MDB-nin dağılması prosesinin sürətləndiyinə dəlalət verir.

Moldovadan sonra daha hansı ölkə MDB-dən ayrılacaq? Həqiqətənmi, MDB-nin postsovet regionunda heç bir siyasi və iqtisadi əhəmiyyəti qalmayıb?

Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyev açıqlamasında qeyd edib ki, yaxın gələcəkdə MDB-nin tarixə qərq olacağına heç bir şübhə yoxdur:

“İlk növbədə Gürcüstan, daha sonra Ukrayna MDB-dən ayrıldı. İndi isə Moldovanın bu təşkilatdan ayrılması gözlənilir. Çünki Moldovanın indiki hakimiyyəti Ruminiya və Avropa meyilli siyasət yürüdür. Doğrudur, Rusiya Moldovanın münaqişəli bölgəsi Dnestryanı ərazisində öz ordusunu saxlamaqla, hətta vaxtaşırı burada siyasi vəziyyəti gərginləşdirməklə bu ölkəni öz əlində saxlamağa çalışır. Amma Rusiya bu siyasətini axıra qədər yürüdə bilməyəcək. Moldova Rusiyanın təsirindən tam xilas olub Qərbə tərəf inteqrasiya edəcək.

O ki qaldı Moldovanın MDB-dən ayrılması istiqamətində atdığı addımlarına, bu, təşkilatın tədricən dağılmağa doğru getdiyini görsədir. MDB-yə üzv olan ölkələrin sayı on iki idi, iki ölkə ayrıldıqdan sonra 10-a düşdü. Əgər Moldova təşkilatı tərk edəcəksə, proses sürətlənəcək. Postsovet regionunda prosesləri nəzərdən keçirib analiz etsək, MDB-nin heç bir əhəmiyyətinin qalmadığını görərik. Əlbəttə, Rusiya bu və ya digər formada MDB-nin siyasi önəmini qorumaq üçün əlindən gələni edir”.

C.Nuriyevin fikrincə, Moskvanın bütün çabaları uğursuzluğa düçar olacaq:

“Rusiyanın həm Azərbaycana, həm Mərkəzi Asiyanın türk dövlərinə qarşı mövqeyi MDB-nin daha da gözdən salınmasına səbəb olur. Rusiyanın yanında qalacaq yeganə ölkə Belarus ola bilər. Rusiyanın imperiya siyasəti postsovet ölkələrini ondan uzaqlaşdırır. Ona görə də MDB-nin uzunmüddət saxlanılması qeyri-mümkün olacaq. Hesab edirəm ki, bir neçə il ərzində MDB tamamilə dağılacaq”.

Politoloq Moldovadan sonra Ermənistan və Qazaxıstanın MDB-dən ayrılacağını ehtimal edib:

“Moldovadan sonra Ermənistanın MDB-ni tərk edəcəyini gözləyirəm. Əgər Qərb Ermənistanda öz adamı – Paşinyanın hakimiyyətini qoruya bilsə, bu istiqamətdə addımları müşahidə edəcəyik. Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra Paşinyan Rusiyayönümlü daxili düşmənlərini və rəqiblərini yavaş-yavaş aradan qaldıracaq. Belə olan halda Ermənistan siyasi və iqtisadi cəhətdən rahatlıqla Rusiyanın təsirindən xilas ola biləcək”.

Geri qayıt