Əsas Səhifə > Dünya > “Real danışıqlar” mümkündürmü?

“Real danışıqlar” mümkündürmü?


17-05-2023, 11:56
“Real danışıqlar” mümkündürmü?
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “CBS News” kanalına müsahibəsində deyib ki, Ukrayna və Rusiya arasında “real danışıqlar” ilin sonuna qədər mümkündür. Bəs vasitəçi kim olacaq? Kissincer Çini təklif edib.
Kissincer nəyə istinadən Pekinin vasitəçi ola biləcəyini deyib? Görünür, Pekinin son zamanlar artan rolu buna dəlalət edir. İranla Səudiyyə Ərəbistanın barışmasında da əsas vasitəçi Pekin oldu. Pekin özü də Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq istəyir. Ancaq bunun üçün zəmin yoxdur. Pekin Moskva ilə strateji tərəfdaşlığı gücləndirərkən Kiyevlə münasibətlərdə məsafə saxlayır. Doğrudur, Pekin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq işğalı pisləmir və torpaqların Ukraynaya geri qaytaraılması vacibliyindən danışmır. Bu olmadan isə sülhü təmin etmək mümkün deyil.
Kissincerin Çinlə bağlı müsbət açıqlamasına baxmayaraq, Vaşinqton və Brüssel Çinin Ukrayna ilə Rusiya arasında vasitəçiliyini qəbul etmirlər. Ukraynaya əsas dəstək verən Vaşinqton və Brüsseldir. Kiyev bu iki mərkəzin rəyi ilə hesablaşmaq məcburiyyətindədir. Ukrayna prezidenti Volodimir Zelenski Çin lideri Tsi Cinpinlə telefon danışığında sadəcə bu qənaətə gəlib ki, Çin Rusiyaya silah və hərbi texnika satmayacaq. Ancaq Vaşinqton və Brüsselin Pekinin bu vədi yerinə yetirəcəyinə inamı azdır.
Bu arada, Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib ki, Avropa İttifaqı Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə, Pekin öz maraqlarını qoruyacaq. Bu o deməkdir ki, Pekin də Avropa İttifaqı ölkələrinə qarşı sanksiyalar qəbul edəcək.
Pekin hesab edir ki, Vaşinqton ABŞ və Çin liderlərinin Bali adasında əldə edilən müsbət impulsu pozub. Bunu Çinin xarici işlər naziri Sin Qan ABŞ-ın bu ölkədəki səfiri Nikolas Börnslə görüşdə də deyib. 2020-ci ilin noyabrında Çin lideri Tsi Cinpin və ABŞ prezidenti Cozef Bayden İndoneziyanın Bali adasında “G-20” sammiti çərçivəsində uğurlu danışıqlar aparmışdılar. Pekin bu danışıqlardan sonra münasibətlərin normallaşacağına ümid edirdi. Olmadı. Pekin hesab edir ki, Bayden keçmiş prezident Donald Trampın siyasətinə qayıdıb. Çinlə münasibətlərin ən gərgin dövrü Donald Trampın prezidentliyi dövrünə təsadüf etmişdi.
Pekinin Vaşinqtonla münasibətləri normallaşdırması çətin olacaq. Pekin çalışır ki, eyni vəziyyət Avropa-Çin münasibətlərində yaranmasın. Ancaq bu Pekinin istəyindən asılı deyil. Brüssel Çinlə bağlı yeni strategiya hazırlayır. “Financial Times” qəzetində yayımlanan məqalədə Avropa İttifaqının Rusiyaya elektron avadanlıqlar tədarük edən Çinin yeddi şirkətinə qarşı sanksiyalar tətbiq edə biləcəyi yazılıb. Nəşrin məlumatına görə, mikroçiplər, yarımkeçiricilər və digər elektron məhsullar istehsal edən şirkətlərə məhdudiyyətlər qoyula bilər. Bunlar Avropa İttifaqının Çinlə bağlı siyasətini sərtləşdirməsinə yol açacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
DİA.AZ

Geri qayıt