Əsas Səhifə > Dünya > Ermənistan çevriliş ərəfəsində: Paşinyan “taym-aut” götürür?
Ermənistan çevriliş ərəfəsində: Paşinyan “taym-aut” götürür?23-05-2023, 00:07 |
Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlunun qaçırılması ilə bağlı məsələ böyüyür. Belə ki, Aşot Paşinyanı qaçırmağa çalışan Qayane Akopyan adlı qadın həbs olunub. O, 44 günlük Vətən müharibəsində oğlu ölənlərdən biridir. Buna görə də Baş nazirə qarşı etirazlar başlayıb. Hətta Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da buna görə Nikol Paşinyana etiraz edib: “Oğlunu döyüş meydanında itirmiş ananın həbsi hətta gündüz vaxtı İrəvanın mərkəzində vətəndaşın üzünə tüpürən parlament sədri Alen Simonyanın iyrənc əməlindən də böyük biabırçılıqdır. Bu iki hal onu göstərir ki, hakimiyyətin hədsizliyi sərhəd tanımır. Belə davam edərsə, ölkəmizi daha acınacaqlı, hətta dağıdıcı bir perspektiv gözləyir”. Qeyd edək ki, proseslərin gedişatının Ermənistanda çevrilişə belə gətirib çıxaracağı ehtimal olunur. Xüsusilə, Ter-Petrosyanın son çıxışının bu ehtimalı daha da gücləndirdiyi deyilir. DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Tural Əliyev bildirib ki, Levon Ter-Petrosyan Nikol Paşinyanın mənəvi atası sayılır: “Yəni onun hakimiyyətə gəlməsində böyük rol oynamış şəxslərdən biridir. Əgər bu gün Levon Ter-Petrosyan Paşinyan hakimiyyətinə qarşı açıqlama verirsə, deməli, nə isə anlaşılmazlıq var və yollar ayrılıb. Buna səbəb Paşinyanın vəd etdiyi yolla deyil, digər yolla getməsi də ola bilər. Həmçinin, itkin düşən və ölən əsgərlərinin analarının aksiya keçirməsinin də bir mərkəzdən idarə olunduğunu düşünürəm. Buradakı məqsəd həssas təbəqədən istifadə edərək, cəmiyyətin digər təbəqələrini də bura cəlb etməklə Paşinyanı devirmək üçün hərəkat başlatmaqdır. Təbii ki, revanşist qüvvələr də bu işin içindədir”. Politoloq hesab edir ki, Nikol Paşinyanın devrilməsi üçün iki variant ola bilər: “Bu, hakimiyyətin özünün də oynadığı bir oyun ola bilər. Çünki bütün bunlar hazırda gedən sülh danışıqlarını pozur. Paşinyan hakimiyyəti daxildə problemlərin yaşandığını əsas gətirərək, “taym-aut” götürmək istədiyini deyə bilər. Yəni bu da hesablanmış ola bilər. İkincisi isə bunun əksi olan variantdır. Belə bir sülh müqaviləsinin imzalanması Paşinyan hakimiyyəti üçün mənfi nəticələr doğura bilər. Düşünürəm ki, ondan da istifadə edərək bütün təbəqələri toplayaraq Paşinyanı devirə bilərlər. Ümumiyyətlə, bu iki istiqamətdə iş aparıla bilər ki, bu da qarşıda imzalanması gözlənilən sülh müqaviləsi ilə bağlıdır”. Geri qayıt |