Əsas Səhifə > Dünya > Dialoq aşağı səviyyədədir
Dialoq aşağı səviyyədədir5-06-2023, 11:22 |
Vaşinqtonla Pekin arasında dilaoq yaxın tarixin ən aşağı səviyyəsindədir, rəsmilərin qarşılıqlı səfərləri azalıb. Sinqapurda iyunun əvvəlində keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq konfransda ABŞ və Çinin müdafiə nazirləri Llyod Ostinlə Li Şanqfu şam yeməyində qısa fikir mübadiləsi aparıblar. Halbuki, daha əvvəl müdafiə nazirlərinin geniş fikir mübadiləsi aparacaqları anons edilmişdi. Olmadı. Çin müdafiə naziri görüş keçirməkdən imtina edib. Çin müdafiə naziri amerikalı həmkarıyla telefonla danışmağı da bir neçə dəfə rədd edib. “Şanqri-La Dialoqu” Asiya və Sakit okean regionu ölkələrinin müdafiə nazirlərinin ənənəvi görüş və müzakirə formatıdır. Tədbirə Avropadan da qonaqlar dəvət edilib. Vaşinqton bu konfrans vasitəsilə Pekinlə dialoqu bərpa etmək istəyirdi. Pekin rədd cavabı verib. Məsələ burasındadır ki, ABŞ-ın Çinin müdafiə naziri Li Şanqfuya qarşı sanksiyaları mövcuddur. Vaşinqtonun bu sanksiyaları Çinin müdafiə nazirinin Rusiyadan hərbi təyyarələr və C-400 raket komplekslərinin alışıyla bağlıdır. Çinin müdafiə nazirinə qarşı sanksiya qərarı Donald Trampın prezidentliyi dövründə qəbul olunub. Co Bayden bu qərarı ləğv etməyib. “Reuters” agentliyinin məlumatına görə, Sinqapurdakı toplantıda 20 ölkənin təhlükəsizlik xidmətinin yüksək rütbəli təmsilçiləri arasında qapalı şəraitdə görüş də baş tutub. Tərəflər mövcud təhlükələri müzakirə ediblər. Qapalı görüşdə Çin təmsilçisi iştirak etsə də, təhlükəsizlik məsələlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb. Çində ingilis dilində nəşr olunan “South China Morning Post” qəzetində yayımlanan məqalədə hazırki şərtlər altında iki ölkə arasında danışıqların mümkün olmayacağı vurğulanıb. Doğrudur, kiçik ranqlı diplomatlar arasında təmaslar qeydə alınır, ancaq liderlər və nazirlər görüşmürlər. Pekin təmasların başlaması üçün Vaşinqtonun Çinə qarşı sanksiyaların ləğvini vacib sayır. Bundan başqa Pekin Vaşinqtonun bölgədə hərbi bloklar yaratmasından narahatdır. Bunlardan biri AUKUS-dur. ABŞ, Böyük Britaniya və Avstraliyanı birləşdirən bu blok bölgədə birgə hərbi təlimlərin sayını artırıb. Pekin hesab edir ki, bu fəallıq Çinə qarşı yönəlib. Bu arada, Pekin Çin şirkətlərinə ABŞ istehsalı olan “Micron” yarımkeçiricilərinin alınmasını qadağan edib. Pekin hesab edir ki, həmin yarımkeçiricilər Çinin təhlükəsizliyi üçün təhdiddir. Vaşinqton Pekinin Ukrayna və Tayvan siyasətindən narahatdır. Bu narahatlıq ortadan qaldırılmayana qədər Vaşinqtoun Çinə qarşı sanksiyalarını yumşaldacağı problematikdir. Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini pisləmir, əksinə Rusiyanın “maraqlarının” nəzərə alınması vacibliyini bildirir. Çin lideri Tayvanı ələ keçirmək siyasətindən də əl çəkməyib. Əslində Tayvanla münaqişə birinci növbədə Çinin maraqlarına ziddir. Çinin Rusiya ilə ticarət mübadiləsi 190 milyared dollar olduğu halda Tayvan adasıyla ticarət mübadiləsinin həcmi 200 milyard dollardır. Yəni Çinin “müstəqilliyini” tanımadığı ada ilə ticarət mübadiləsinin həcmi yaxın dostu və tərəfdaşı olan ölkə ilə ticarət mübadiləsinin həcmini ötür. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ Geri qayıt |