Əsas Səhifə > Dünya > Daha bir problem minalardır: partlayıcı qurğular suda qalır və bütün canlılar üçün böyük təhlükə yaradır...

Daha bir problem minalardır: partlayıcı qurğular suda qalır və bütün canlılar üçün böyük təhlükə yaradır...


10-06-2023, 08:01
Daha bir problem minalardır: partlayıcı qurğular suda qalır və bütün canlılar üçün böyük təhlükə yaradır...
İşğal, atəşlə davamlı terror, indi də genişmiqyaslı daşqın... Xerson əhalisinin rusların Kaxovka Su Elektrik Stansiyasını (SES) partlatmasından sonrakı həyatı, xilasetmə əməliyyatı, insanların və heyvanların təxliyəsi, insanların hazırda ən çox nəyə ehtiyacı olduğunu UNİAN araşdırıb. AYNA faciə ilə bağlı reportajı istinadla təqdim edir:

Xerson vilayəti rus işğalçılarından əziyyət çəkməkdə davam edir. “Dünyanın ikinci ordusu” ötən ilin noyabrında “xoşməram jest” edərək Ukrayna regional mərkəzindən geri çəkildikdən sonra işğalçılar “münasibətlərin” yeni mərhələsinə başlayıblar – minaatanlardan və artilleriyadan atəşə tutmaq öz yerində... Və bu, Xersonun yerli sakinləri üçün son sınaq deyildi. Xersonlular Dnepr çayının sağ sahilində rusların Kaxovka SES-də törətdiyi terror aktının nəticələrini ilk hiss edənlərdən oldu. Məlumata görə, Xersonun bəzi ərazilərində suyun səviyyəsi 5 metrdən çox olub.

Ukrayna Qızıl Xaç Cəmiyyətinin Xersondakı Dnepr rayon təşkilatının rəhbəri Nataliya Şatilova-Poqasiy şəhərin su basmış ərazilərinin Ostriv, Riçport və Korabelnı, habelə Antonivka, Sadove şəhər icmasının yaşayış məntəqələri olduğunu deyib.

Bununla belə, könüllülər deyir ki, bu vəziyyət bir daha Xerson əhalisinin mütəşəkkil və həmrəy olduğunu təsdiqlədi: “Könüllülər, qayğıkeş Xerson sakinləri haradansa qayıqlar tapırlar, həyətləri, evləri yoxlayırlar, insanları axtarırlar. Bəzi yerlərdə qocalar və hərəkət qabiliyyəti məhdud insanlar, həmçinin bağlı ev heyvanları qalıb. İnsanlar maşınları ilə, qayıqları ilə, yəni ki, kimin nəyi varsa, köməksiz insanları xilas edirlər”.

Qadının sözlərinə görə, hadisə baş verən gün səhər su məntəqələrə tez gəlməyib, insanlar arasında xüsusi çaxnaşma olmayıb: “Mağazalarda növbə yox idi, şəhər camaatı artıq heç nə almırdı. Hər şey normal işləyirdi, su basmış ərazilərdən gələnlərin yerləşdirilməsi üçün yerlər hazırlanırdı. Təxliyyə həm Xersonun daha təhlükəsiz bölgələrində, həm də digər şəhərlərdə, xüsusən Nikolayev və Odessada həyata keçirilib”.

Nataliya xanım qeyd edir ki, “evakuasiya edilmiş insanlar yataq yerləri və hər cür şəraiti olan xəstəxanalarda və ya təhsil müəssisələrində hazırlanmış sığınacaqlarda yerləşdirilib”.

Lakin iyunun 6-da axşama yaxın vəziyyət dəyişməyə başlayıb: "Su gəlib-gedirdi. Evləri çox aktiv şəkildə su basmağa başladı. Ona görə də əvvəlcə təxliyyə olunmaq istəməyənlər axşam saatlarında evlərini tərk etməyə başladılar. Xilasetmə əməliyyatı davam edir, bizim könüllülər insanları evlərindən çıxarır, xilas edir və ev heyvanlarını aparırlar”.

Nataliya xanımın sözlərinə görə, zərərçəkmiş Xerson əhalisinin “fast food”a, quru paltara, alt paltarları, yastıqlar, adyallar, döşəklər, gigiyena vasitələri, dəsmallar, silindrli qaz sobaları, birdəfəlik qablar və dərmanlara ehtiyacı var.

"Daşqın həm təmizləyici qurğuları, həm də qəbiristanlıqları yuyub aparır. Düşünürəm ki, Dnepr çayı və qrunt suları çirklənəcək. Bu ekoloji vəziyyəti pisləşdirir. Sabah nə olacağını bilmirik”, - könüllü deyir.

İnsanların təxliyəsi ilə məşğul olan digər yerli könüllü Yuliya Smirna bildirib ki, şəhərin su basmış ərazilərində kommunikasiya yoxdur. Bununla belə, Xersonun əksər hissəsində işıq, qaz və su var.

O qeyd edir ki, çayın yaxınlığında yerləşən ərazilər çox tez su altında qalıb: “Çərşənbə günü məntəqələrin çoxunu su basdı, su hələ də gəlməkdədir. Amma nədənsə xəbərlərdə bu barədə artıq heç bir məlumat yoxdur”.

Yuliya xanımın sözlərinə görə, Xerson əhalisi ilk dəfə belə böyüklükdə sellə üzləşməsinə baxmayaraq, imkanı olan hər kəs kömək etməyə başlayıb. Onlar tez və mütəşəkkil şəkildə hərəkət etdilər. Şəhərdə küçələrdə asayişə nəzarət edən hüquq-mühafizə orqanlarının əməkdaşları və əsgərlər var.

"İlk növbədə, evlərdə qalan insanları xilas etməliyik. Çünki təəssüf ki, hadisə baş verən gün hamı evini tərk etmədi. İndi biz insanları xilas edirik, sonra onların nəyə ehtiyacı olduğunu anlayacağıq", - deyə bildirib: "İindi bəlkə də evində qalan kimsə var və o, acından ölür. Xersondan başqa şəhərlərə evakuasiya edən çoxlu avtobuslar var. Mənzillə təmin etməyə hazır olan çoxlu sayda insan var. Bununla bağlı hələ heç bir problem yoxdur. Amma hələ evakuasiya bitməyib.Biz bu fəlakətin miqyasını hələ də anlamırıq...”.

Juliya və digər könüllülər Riçport bölgəsində olub, insanları xilas ediblər. Qadın qeyd edib ki, Rusiya işğalçılarının daim atəşə tutmasından əziyyət çəkən Ostriv mikrorayonunda vəziyyət çox gərgindir: “Yardım gözləyən çoxlu şəhər əhalisi var. Könüllülər çərşənbə axşamı ora çatmağa çalışdılar, lakin güclü su axını səbəbindən hərbçilər könüllüləri əraziyə buraxmadılar”.

"Xersonda qayıqlarla bağlı böyük problem var. Rusiya ordusu sol sahilə keçəndə xersonluların su nəqliyyatı vasitələrini əlindən aldı və ya məhv etdi. Qayıqlar hərbçilər, xilasedicilər, könüllülər üçün lazımdır. Təəssüf ki, maşınla hər yerə çata bilmirsən”, - Yuliya xanım deyib.

Daha bir problem isə minalardır. Partlayıcı qurğular suda qalır və bütün canlılar üçün böyük təhlükə yaradır...
//AYNA//
Geri qayıt