Əsas Səhifə > Dünya > Moskva sağalır, yoxsa ağrısını gizlətməyə çalışır?

Moskva sağalır, yoxsa ağrısını gizlətməyə çalışır?


23-06-2023, 12:27
Moskva sağalır, yoxsa ağrısını gizlətməyə çalışır?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vahid Rusiya” Partiyasının iclasında çıxışı zamanı Qərblə qarşıdurmanın ölkəsi üçün yeni imkanlar açdığını bəyan edib. Deyib ki, Rusiyanın Qərb dövlətləri ilə qarşıdurması digər ölkələrlə əməkdaşlıq, o cümlədən Qərbin nəzarətindən kənarda olan müxtəlif sahələrdə əməkdaşlıq mexanizmlərinin formalaşması üçün yeni imkanlar yaradıb.

“Biz xarici maraqlara xidmət edən mexanizm və sxemlərə inteqrasiya etməyəcəyik, xarici siyasət gündəmini müstəqil şəkildə formalaşdırırıq. Beynəlxalq aləmdəki işimizdə biz BMT Nizamnaməsində yer alan, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına bütünlükdə və bütün qarşılıqlı əlaqədə riayət etməklə, ilk növbədə öz prioritetlərimizə diqqət yetiririk. Biz əməli addımlarımızı çoxqütblü dünya nizamının qurulmasını təşviq etmək vəzifəsi ilə ölçəcəyik. Yeni xarici siyasət konsepsiyasında dost olmayan dövlətlərlə qarşıdurma tarixi Qərbdən kənarda olan, yaxın xaricdəki tərəfdaşlarla, Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikası ölkələri ilə əməkdaşlıq üçün yeni imkanlar açıb”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra ABŞ və müttəfiqləri Rusiyaya qarşı çoxvektorlu sanksiyalar tətbiq edib. Qərb-Rusiya qarşıdurması müharibənin başlaması ilə açıq müstəviyə keçib və kollektiv Qərb Ukraynanı Moskvaya qarşı silahlandırır. Müharibə yeni başlayanda anti-Qərb koalisiyasına daxil olan qüvvələr Rusiyanın qısa müddət ərzində Kiyevi ələ keçirəcəyini, Ukraynada öz hakimiyyətini formalaşdıracağını, Qərb koalisiyasına aid dairələr isə Moskvanın təslim olacağını bəyan edirdilər.

Lakin göründüyü kimi, vəziyyət heç bir tərəfin tam proqnozlaşdırdığı formada deyil. Belə bir şəraitdə Lavrovun son açıqlaması ciddi müzakirələrə səbəb olub. Və sua yaranır: həqiqətənmi, Ukrayna və onun timsalında Qərblə savaş Rusiyanın əlini gücləndirib?

DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov AYNA-ya açıqlamasında deyib ki, Rusiyanın Ukraynaya qarşı hücumları dərinləşən Qərb və anti-Qərb kontekstində ortaya çıxıb: “Şübhəsiz ki, Qərb Ukraynaya dəstək verməsəydi, bu müharibə də başlamayacaqdı. Tarixə ekskurs etsək, görərik ki, Moskva NATO-nun onun sərhədlərinə yaxınlaşmasından təşviş keçirirdi və bununla bağlı konkret təminat tələb edirdi. O zaman Moskvada düşünürdülər ki, qısa müddətə Ukraynanı məğlub edəcəklər. Bundan sonra isə növbəti planlar işə düşəcəkdi. Əsas ssenari Ukraynada hakimiyyəti dəyişmək və Rusiyaya yaxın qüvvələri iqtidara daşımaq idi. Buna inandığına görə də, Moskva əmin hərəkət edirdi”.

“Lakin ABŞ və Qərbin dəstəyi əhəmiyyətli oldu və bu da nəticə etibarilə müharibənin uzanmasına gətirib çıxardı. Ukrayna Rusiyanın nəzarətinə keçməklə barışmaq istəmir, Qərb də ona hərtərəfli dəstək verir. Bu dəstək həm siyasi, həm də silah təchizatı mənasında davam edir. Hesab edirəm ki, bu müharibə hələ bir müddət davam edəcək. Çünki tərəflərin heç biri məğlubiyyətlə barışmaq niyyətində deyil”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Lavorvun da söylədiyi kimi, Rusiya-Ukrayna müharibəsi Qərb və anti-Qərb qüvvələri arasında ziddiyəti daha da artırıb: “Bu müharibədən sonra dünyada siyasi qütbləşmə meylləri artıb. Faktiki olaraq ortada iki əsas tərəf var və əksər dövlətlər də bunlardan birini seçir. Azsaylı ölkələr mövcuddur ki, müstəqil və balanslaşdırılmış siyasət yürüdür. Bu sırada Türkiyənin, Azərbaycanın və digər dövlətlərin adlarını çəkmək olar”.

“Biz anlayırıq ki, bu müharibə Qərb-Rusiya qarşıdurmasıdır, sadəcə Ukrayna ərazisində baş verir. Hesab edirəm ki, bu, siyasətçilərin - həm Rusiya, həm də Ukrayna dövlət başçılarının böyük səhvidir. Hər halda onlar elə etməli idilər ki, müharibə olmasın. Bəziləri qeyd edirlər ki, müharibə qaçılmaz idi. Amma bir çox siyasətçilər anlayırlar ki, bu, oyundur”, - deyə Zülfüqarov vurğulayıb.

DİA.AZ bildirir ki, politoloq Zərdüşt Əlizadə isə fərqli düşünür. O, AYNA-ya şərhində söyləyib ki, Lavrovun açıqlaması boğazdan yuxarı fikirlərdir: “Suda boğulan saman çöpündən yapışdığı kimi, Lavrov da yerli və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Rusiya bu müharibədən nə qazanıb ki?! 200 mindən artıq rus hərbçi həlak olub”.

“Şimal qonşumuz dərin iqtisadi böhrana, daxildən kütləvi etirazlara hamilədir. Vladimir Putinin səfərbərlik qərarı effekt vermədi. Çünki ruslar Ukraynaya qarşı döyüşmək istəmirlər. Müharibədə üstünlük Ukraynanın tərəfinə keçməkdədir. Dünya gücləri Ukraynanın arxasındadır. Burada hansı qələbədən və ya üstünlükdən danışmaq olar ki?!”, - deyə analitik qeyd edib.

Əlizadə xatırladıb ki, Rusiya onsuz da hər zaman anti-Qərb dövlətləri ilə birlikdə olub: “Bu müharibədən sonra bu ziddiyət daha da artıb. Amma bu ziddiyətin artması, dünyada siyasi qütbləşmənin dərinləşməsi uğur deyil. Gör Kreml nə günə qalıb ki, bunu da özü üçün uğur sayır. Hadisələrin gedişatı əminliklə söyləməyə əsas yaradır ki, Rusiya bu döyüşdən məğlub ayrılacaq”.

Geri qayıt