Əsas Səhifə > Dünya > Çin ipində oynayan mehriban düşmənlər:
Çin ipində oynayan mehriban düşmənlər:23-06-2023, 15:48 |
İranla Səudiyyə Ərəbistanı Çinin vasitəsilə barışdıqdan sonra ikitərəfli münasibətləri keçmişi yaddan çıxarıb, gələcəyə baxmaq prinsipi ilə qurmağa başladılar. Ancaq strateji “beyin hüceyrələri”ndə keçmişin izləri dərin izlər buraxıb, Tehranla Ər-Riyad bir-birinə qarşı jestlər etsələr də, ölkələrin xarici siyasət doktrinası dəyişməz olaraq qalır. Bu doktrinanın dəyişəcəyi gözləntilərinə qapılmaq da mənasızdır, sadəcə olaraq, situativ gedişatlar iki dövləti bir-birinə yaxınlaşdırır. Çin özünün ekspansiya siyasətini həmin yaxınlaşmanın arasına yerləşdirərək maraqlarını böyüdür, İranla Səudiyyə Ərəbistanı da Pekinin boy atan ağaclarının qol-budaqlarından yapışaraq irəliyə getməyi hədəfləyirlər. Hədəflərə çatmaq üçün Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Tehrana səfər edərək Prezident İbrahim Rəisi və iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşlər keçirdi. Onun ayağı İran torpaqlarına dəyər-dəyməz Tehranın xarici siyasətindəki radikallığın qülləsi olan SEPAH ölkədəki aksiyaları təşkil edən 20 ölkə içərisində Səudiyyə Ərəbistanının olduğunu da iddia etdi. Bu açıqlamanın müəllifi SEPAH-ın kəşfiyyat rəisi Məhəmməd Kazemidir, elə bununla da göründü ki, keçmiş gələcək siyasət üçün önəmli faktor olaraq qalır. İran diplomatiyası üzərinə nizə qaldıran SEPAH üçün normal münasibətlər anlayışı yoxdur, o, öz enerjisini radikal yanaşmalardan və bununla bağlı anlayışlardan alır. SEPAH gücünü sövdələşmələr və İran siyasətindəki səlahiyyətlərin mənimsənilməsi ilə qurduğu imperiya əsasında formalaşdırır. Buraya nəhəng biznes şəbəkəsindən tutmuş qara-qura işlərə qədər böyük bir areal daxildir. Fərhanın Tehrana səfəri zamanı Əmir-Abdullahianla mətbuat konfransı zamanı insidentin yaşanması xəbərləri də yayılıb, bu qalmaqal, həqiqətən, baş veribsə, səbəbi yenə SEPAH-dır. “Iran International” yazır ki, iyunun 17-də Fərhanla Əmir-Abdullahian arasında danışıqların yekununda keçiriləcək mətbuat konfransının yeri qəfil dəyişdirilib. İran XİN otağın dəyişdirilməsinin səbəbini texniki problemlə əlaqələndirir. Hərçənd, sosial şəbəkələrdə müzakirə gedir ki, Səudiyyə Ərəbistanının nümayəndə heyəti SEPAH-ın Qüds Qüvvələrinin həlak olan komandanı Qasım Süleymaninin portretinin asıldığı məkanda media önünə çıxmaqdan imtina edib. Görünür ki, İranda SEPAH başda olmaqla Səudiyyə Ərəbistanına qarşı istehzalı mövqenin dirçəlməsində maraqlı olanlar var. Səudiyyə Ərəbistanından olan nümayəndə heyətinin həssaslığı nəzərə alınmayaraq Qasım Süleymaninin portretinin asılması da elə radikal qüvvələrin əl işi kimi görünür. İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə keçmiş düşmənçiliyə eyham vuran baxışlar qalacaq, Fərhanın Tehrana səfəri regionda sülh yolunda inkişaf kimi qiymətləndirilsə də, tərəflərin Yəmənlə bağlı baxışları dəyişmir. Hərçənd, sülhdən danışmaq da yersizdir, uzun müddətdir Yəməndə bir-birinə qarşı proksi müharibə aparan İranla Səudiyyə Ərəbistanı əks tərəfləri dəstəkləməyə davam edəcəklər. Yəni münasibətlər “mehriban düşmən” müstəvisində qalacaq, diplomatik münasibətlər bərqərar olsa da, strateji yanaşmalardakı bazalardan əl çəkilməyəcəyini görmək mümkündür. Çin üçün də mütləq barışıq lazım deyil, idarəolunan nizamlanma prosesi onun genişlənmə siyasəti üçün kifayət edir - ən azından, indi üçün. Çünki Çin ABŞ-nin Yaxın Şərq siyasətindəki axsamalardan dolayı qlobal nizama alternativ baxış təqdim etməyə çalışır. Buna görə də İranla Səudiyyə Ərəbistanı arasında mübahisələr qalsa da, onları bir araya gətirən formullar Çin üçün diplomatik qələbə sayıla bilər. Çin-Səudiyyə Ərəbistanı-İran üçbucağındakı diplomatiya Cənubi Qafqaz regionunda da təsirlər yaratmaqdan uzaqda deyil. Nəzərə almalıyıq ki: - Səudiyyə Ərəbistanı Azərbaycanın dəstəkçisidir, Ermənistanla münasibətləri yoxdur; - Çin Azərbaycanın və Gürcüstanın geoiqtisadi önəmlərindən pay götürməyi davam etdirmək niyyətindədir; - İran Ermənistanı strateji müttəfiqi kimi görür, Gürcüstanda proksi qüvvə formalaşdırmağa cəhd edir; - İran Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyətinə maneə yaratmaq istəyir. İranın Cənubi Qafqaz siyasəti Səudiyyə Ərəbistanından fərqli olaraq daha dinamikdir və aktual gündəliyə söykənir, ona görə də Tehran çalışacaq ki, Çini öz tərəfinə çəksin. Səudiyyə Ərəbistanı isə Azərbaycan-Türkiyə müttəfiqliyindən əldə edəcəyi dividendləri Ermənistanın və İranın maraqları naminə xərcləməkdə maraqlı deyil. İstənilən vəziyyətdə, Cənubi Qafqaz platforması İranla Səudiyyə Ərəbistanındakı münasibətlərin normallaşması fonunda yeni ssenarilərə hazırlaşmalıdır. Aqşin Kərimov - DİA.AZ Geri qayıt |