Əsas Səhifə > Dünya > Putin BÖYÜK TƏMİZLƏMƏ fürsəti əldə etdi

Putin BÖYÜK TƏMİZLƏMƏ fürsəti əldə etdi


25-06-2023, 06:09
Putin BÖYÜK TƏMİZLƏMƏ fürsəti əldə etdi
Priqojinin geri çəkilməsi baş verənlərlə bağlı cavabı proseslərin inkişafında ortaya çıxacaq sual yaradır: bu qiyam idi, yoxsa Putinsiz Rusiyanın necə olacağını ictimai rəyə nümayiş etdirmək üçün səhnələşdirilmiş oyun?!

“Vaqner”lə Rusiya ordusu arasında iki aya yaxındır davam edən qarşıdurma, Putinin Müdafiə Nazirliyini dəstəkləməsi, Priqojinin indiyə qədərki etiraz çıxışları, ümumiyyətlə Ukrayna cəbhəsindəki uğursuzluqlar fonunda Rusiyada yaşananlar baş verənlərin spontan qiyam olduğunu göstərir. Və Lukaşenkonun vasitəçiliyi ilə qiyamın qarşısı alındı, Putin də Ukraynada çətin vəziyyətin olduğu vaxtda “xain” elan etdiyi Priqojinlə hesablaşmanı sonraya saxlayır.

Hərçənd, açıq qalan məqamlar şübhələrə də yol açır:

- “Vaqner”in maneəsiz hərəkət etməsi: Kremlin çevriliş təhlükəsinə qarşı cavabı daha sərt olmalı idi, xüsusilə Putinin Qroznı və Dubrovka əməliyyatını xatırlayarkən;
- Priqojin də anlayır ki, Putin onu xain elan edəndən sonra bağışlamayacaq və geri çəkilmək ölümünə razı olmaq deməkdir;
- Ən mühüm məqam Putinin xalqa müraciətinin mətnidir: 1917-ci ili xatırladır və bildirir ki, “istənilən daxili xaos dövlət və millətin varlığına ölümcül təhlükədir, xəyanət edən, silahlı qiyam edənlər cavab verəcək”;

Və Putin bununla təkcə “Vaqner”i yox, bundan sonra onun hakimiyyətinə qarşı istənilən təhlükəni “dövlət və xalqa qarşı təhdid” kateqoriyasına daxil edir, bunu real mənzərə ilə ictimai rəyə nümayiş etdirir, həm də “Putinsiz Rusiyanın necə ola biləcəyini” göstərir.

Bu məqamlar qiyamın əslində səhnələşdirilmiş olduğu versiyasını ön plana çıxarır. Lakin bu, Putin-Priqojin razılaşmasından daha çox, Putinin “idarəolunnan xaos” planı kimi görünür. Rusiyanın imperiya siyasətinin əsas prinsipi bəllidir: tərəfləri döyüşdürmək və “hakim” rolunda daim özündən asılı vəziyyətə salmaq; “Vaqner”lə Müdafiə Nazirliyi arasındakı uzunmüddətli çəkişmə də Putinin bütün tərəflərin ondan asılılığını saxlamağa hesablanmış gedişi ola bilər;

Bu baxımdan, Priqojini qiyama qədər gətirib çıxaran proses Putinin özünün oyunu kimi də görünür. Baş verənlər Rusiyanın “qan itkisi” ilə nəticələndi, amma nəticə etibarilə Putinə:

- problemli Priqojini neytrallaşdırmaq və “Vaqner”ə nəzarət üçün;
- ordu rəhbərliyində dəyişiklik üçün;
- və hakimiyyətinə qarşı istənilən təhdidi “dövlət və millətə təhlükə” olaraq sıradan çıxarmaq üçün əsaslar və ictimai legitimlik qazandırdı;

Və ruslara “Putinsiz Rusiyanın taleyi” göstərildi. Putin ordu daxilindəki qarşıdurmanı rus ictimaiyyətinə əyani şəkildə nümayiş etdirməklə Ukrayna cəbhəsindəki uğursuzluqların məsuliyyətini də hərbçilərin üzərinə yükləyir və bundan “böyük təmizləmə” üçün istifadə edəcəyi istisna deyil.

Asif Nərimanlı - DİA.AZ
Geri qayıt