Əsas Səhifə > Dünya > Ukrayna-Rusiya müstəvisində TÜRK SİYASƏTİ...

Ukrayna-Rusiya müstəvisində TÜRK SİYASƏTİ...


8-07-2023, 13:22
Ukrayna-Rusiya müstəvisində TÜRK SİYASƏTİ...
Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında imzalanan taxıl anlaşmasının müddəti bu ayın 17-də bitir. Rusiya anlaşmanın yerinə yetirilməsi mexanizmindən narazıdır. Kreml iddia edir ki, anlaşmanın ziddinə olaraq taxılın cüzi hissəsi Afrikanın kasıb ölkələrinə çatdırılıb, əsas hissəsi varlı Avropa ölkələrinə satılıb. Kremlin bir başqa iddiası isə odur ki, verilən vədlərin əksinə olaraq Rusiyanın kənd təssərrüfatı məhsullarının Qara dəniz üzərindən satışına əngəllər ortadan qaldırılmayıb. Əslində Kreml əvvəlki aylarda taxın anlaşmasından çıxmaq istəyirdi. Ancaq Kreml sahibi Vladimir Putin Türkiyədə prezident seçkisi kampaniyasında rəqibləri ilə mübarizə aparan Rəcəb Təyyub Ərdoğana əlavə problem yaratmaq istəmədi. Seçki arxada qalıb və Kreml birmənalı şəkildə bəyan edib ki, taxıl anlaşmasını uzatmağı planlaşdırmır.
Kremlin anlaşmadan çıxması Ukraynaya problem yaradacaq. Çünki bu anlaşma sayəsində Ukrayna öz taxılını müxtəlif ölkələrə satmaq imkanına malikdir, bu az da olsa büdcəyə əlavə gəlir mənbəyidir. Rusiya anlaşmadan çıxarsa Ukrayna gəmilərinə Qara dəniz üzərindən taxıl daşımağa mane olacaq və həmin gəmiləri hədəf götürəcək. Məhz bu məsələni müzakirə etmək üçün Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədə səfər edib Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla görüşüb. Ərdoğan Zelenskidən sonra Rusiya prezidenti Vladimir Putinlə də müzakirə aparacaq. Ərdoğan Putini inandırmağa çalışacaq ki, Rusiya taxıl anlaşmasından çıxmasın. Taxıl anlaşması Ərdoğanın son illərdə xarici siyasətdə qazandığı əhəmiyyətli uğuru sayılırdı. Ərdoğan gələn ilin martında keçiriləcək bələdiyyə seçkilərində mövqelərinin zəifləməsini istəmir.

Elxan Şahinoğlu - DİA.AZ

Geri qayıt