Əsas Səhifə > Dünya > NATO-nun Vilnüs sammiti: Ukrayna üçün veriləcək qərarlar

NATO-nun Vilnüs sammiti: Ukrayna üçün veriləcək qərarlar


10-07-2023, 15:42
NATO-nun Vilnüs sammiti: Ukrayna üçün veriləcək qərarlar
İyulun 11-12-də NATO-nun Vilnüsdə Zirvə sammiti keçiriləcək, budəfəki iclasın bir nömrəli mövzusu Ukrayna-NATO münasibətlərinin gələcəyi, prioritetlərin Avroatlantik məkanda təhlükəsizliyin gücləndirilməsinə təsirləri barədə olacaq.

Vilnüsdəki sammit Ukraynanın NATO-ya üzv olmaq üçün ABŞ-nin təsəvvür və hesablamalarını Kiyevin xeyrinə necə dəyişdirə biləcəyi barədə üzləşdiyi problemləri dilə gətirmək üçün yaxşı platformadır.

Vilnüs sammiti öncəsi NATO üzvü Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki vasitəçilik profilini Moskva-Kiyev arasındakı balanslaşdırma aktından kənara çıxarması diqqət çəkir.

Bildirək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin İstanbula səfər edərək Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşü Ərdoğanın NATO-nu Kiyevin üzünə açıq elan etməsi ilə nəticələndi, lakin bu, hələ Ankara-Moskva xəttinin gərginləşəcəyi mənasını vermir.

Ərdoğan-Zelenski danışıqlarının nəticəsində Türkiyənin “Azov” komandirlərini Ukraynaya təhvil verməsi daha çox müzakirə mövzusudur. Kremldən qəzəbli səslər çıxır, hərçənd, böyük ölçüdə burada razılaşdırılmış elementlər də görmək mümkündür.

Ona görə ki:

- Ərdoğan “Vaqner” qiyamı zamanı Rusiya Prezidenti Vladimir Putinə açıq-aşkar dəstək nümayiş etdirmişdi;

- Aydınlaşır ki, Ərdoğan bu dəstəkdən sonra Zelenski ilə mümkün görüşdə Ukraynanın xeyrinə, ümumilikdə isə NATO-nun maraqlarına uyğun bəyanat səsləndirəcəyini və addımlar atacağını bildirib;

- Türkiyə Rusiyanın geosiyasi nüfuzunun zəiflədiyi bir zamanda Suriya cəbhəsində hələ də üstünlükdə olan Moskvadan güzəştlər qoparmaq üçün fürsətləri qiymətləndirir.

Ukrayna ilə bağlı mövqenin Qərblə bağlı hissələri Türkiyənin NATO üzvü kimi kollektiv öhdəliklərə riayət etdiyini vurğulayır, Ankara Rusiyanın aqressiya silsiləsini qırmaq şəbəkəsinə qoşulduğunu göstərir.

Türkiyə fərdi olaraq bunu Rusiyaya qarşı genişmiqyaslı akta çevirmək niyyətində deyil, əsas məqsəd Moskva əleyhinə bəyanatlardan sonra NATO ölkələrinin əsas güclərindən Ankaranın strateji məqsədlərinə dəstək almaqdır.

Türkiyə NATO-nun aparıcı qüvvəsi ABŞ-dən Suriya cəbhəsində və PKK-ya qarşı mübarizədə, ölkədə tüğyan edən iqtisadi çətinliklərin həllində dəstək gözləyir, Ərdoğan Kiyevə etdiyi jestlərlə, belə demək mümkündürsə, topu Vaşinqtonun ayağına ötürdü.

Ərdoğan NATO sammitində ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək, onun tələb dairəsi “F-16” qırıcılarının ölkəyə gətirilməsindən tutmuş, geniş miqyasda regional məsələlərdə Ankaraya dəstəklərin göstərilməsi məsələlərini əhatə edə bilər.
Ərdoğanın Ukraynanı NATO üzvlüyünə layiq bilməsi ilə qeyd edilənlər arasında bağlantı olması ehtimalı güclü versiya kimi səslənir.

Hərçənd ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Alyans daxilində fikir haçalanmaları mövcuddur.

Əsas söz sahibi olan ABŞ hesab edir ki, Ukrayna müəyyən mərhələləri keçdikdən, bütün meyarlara cavab verdikdən sonra NATO ailəsinin “övladı” ola bilər.

ABŞ-nin və onun narahatlıqlarına şərik çıxan NATO üzvlərinin haqlı olduğu məqamlar var, belə ki, Ukraynada yüksəkintensivli müharibənin davam etdiyi, Rusiyanın nüvə şantajına keçdiyi bir vaxtda Kiyevin Alyansa qəbul olunması böyük risklər yaradar.

Buna görə də NATO-nun Vilnüsdəki Zirvə görüşündə uzağı Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün alətləri çoxaltmaq barədə qərar verilə bilər.

Buraya daxildir:

- Ukraynanın texnika ilə, sursatla, kəşfiyyat məlumatları ilə əhatəli təminatı;

- Döyüş planlaşdırılması, təlimlər barədə yeni kodlaşdırmalar.

Vilnüs sammitində Ukraynanın NATO-ya üzv olması ilə bağlı yekdil qərarın çıxarılacağını düşünmək sadəlövhlük olardı.

Bu baxımdan Ukrayna hələ Rusiya ilə NATO arasındakı boz zonada qalmaqda davam edəcək, o, yalnız müharibədə qələbə qazandıqdan sonra Alyans üzvlüyünə baxa bilər.

Lakin sammitdə Ukrayna ordusuna planlaşdırma üçün dərin və incə şəkildə tərtib edilmiş hərbi əməliyyatlar xəritəsini təqdim etmək barədə mühüm qərarlar çıxarıla bilər.

Aqşin Kərimov - DİA.AZ

Geri qayıt