Əsas Səhifə > Dünya > “Vaqner”in 4-cü seçimi varmı?

“Vaqner”in 4-cü seçimi varmı?


12-07-2023, 09:24
“Vaqner”in 4-cü seçimi varmı?
Yevgeniy Priqojin və onun “Vaqner” qruplaşmasının bir qrup komandiri Kremldə qəbul edilmələrinə baxmayaraq muzdluların Rusiyada fəaliyyət imkanları məhdudlaşdırılıb. Kreml Priqojinin maliyyəsini və şirkətlərini nəzarət altına alıb. Kremlin dərdi yalnız Priqojin deyil, “Vaqner” muzdlularının sayı 25 minə yaxındır, onlarla nəsə etmək lazımdır. Kreml sahibi Vladimir Putin muzdlulara 3 seçim verib: onlar ya Müdafiə Nazirliyinin sıralarına qatılmalıdırlar, ya evlərinə dönməlidirlər, ya da Belarusda yerləşməlidirlər. Muzdlular üçün 4-cü seçim də var.
“Vaqner” muzdlularının bir hissəsinin Afrika qitəsinə qayıdışı da mümkündür. Priqojin Ukrayna müharibəsindən əvvəl bir neçə Afrika ölkəsinin lideri ilə müqavilə imzalamışdı. Bu müqavilə çərçivəsində “Vaqner” həmin ölkələrdə silahlı qüvvələrə təlimlər keçib, müxalif qruplarla savaşlarda iştirak edib və zəngin yataqların qorunmasında iştirak ediblər. Bu fəaliyyətlər Priqojinə və muzdululara yaxşı pul qazanmaq imkanı verib. Bu baxımdan Proqjin bir qrup muzdlusu ilə Afrikaya qayıtmaq barədə düşünə bilər. Ancaq “Vaqner”in Afrikaya qayıdışı asan başala gəlməyəcək, əngəllər çoxdur.
Birincisi, Avropa İttifaqı Afrika ölkələrini inandırmağa çalışır ki, “Vaqner”lə əməkdaşlıqdan imtina etsinlər. Avropa İttifaqı Afrika ölkələrinə maliyyə dəstəyi verir. Əgər Afrika ölkələri Avropa İttifaqının istəyini yerinə yetirməsələr, onlara ayrılan maliyyə dəstəyi azalacaq və bu ölkələr başqa sanksiyalarla da üzləşə bilərlər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “Vaqner”in Afrikadan uzaqlaşdırılmasının vacib olduğunu bildirib: “Vaqner” qruplaşmasının zəifləməsi və dağıdılması Ukrayna ilə yanaşı Afrikanın da maraqlarına cavab verməlidir. “Vaqner”in yenidən Afrikaya qaydışının qarşısı alınmalıdır”.
İkincisi, Vaşinqton da “Vaqner”in Afrikaya qaydışının qarşısını almağa çalışacaq. Dövlət Departametindən yayımlanan açıqlamada, “Vaqner”in tərksilah olunması və müxtəlif ölkələrdəki fəaliyyətinə son qoyulması vacibliyi bildirilib. ABŞ Yevgeniy Prqijon və “Vaqner” muzdlu qruplaşmasının digər üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ “Vaqner”lə əlaqəli olan Afrika şirkətlərinə qarşı da sanksiyalar tətbiq edib. Həmin şirkətlər Afrika ölkələrindəki qızıl yataqlarının qorunması qarşılığında “Vaqner”ə pul ödəyirdilər.
Üçüncüsü, Kremlin özü də “Vaqner”in Afrikaya qayıdışında maraqlı deyil. Çünki Kremldə ehtiyat edirlər ki, “Vaqner” Afrikada fəaliyyətini davam etdirərsə həm güclənər, həm də maliyyəsini artar. Bu isə Yevgeniy Priqojin və onun muzdlularının yenidən Rusiya hakimiyyətinə qarşı qiyama həvəsləndirə bilər. Ona görə də Kreml Afrika ölkələrinə məsləhət görür ki, “Vaqner”ə etibar etməsinlər. Mərkəzi Afrika Respublikasının prezidentinin müşaviri “Financial Times” qəzetinə verdiyi açıqlamada, belə bir cümlə işlədib: “Əgər Moskva bizə “Vaqner” yox “Bethoven” və ya “Motsart” göndərsə, onlarla da əməkdaşlıq etməyə hazırıq”. ABŞ-ın “The Wall Street Journal” qəzeti Rusiya xarici işlər nazirinin müavini Sergey Verşininin bir müddət əvvəl Suriyaya səfərinə diqqəti çəkib. Rusiyalı diplomat Suriya lideri Bəşər Əsədin bildirib ki, “Vaqner” bundan sonra Suriyada müstəqil fəaliyyət göstərə bilməyəcək, Rusiya Müdafiə Nazirliyinin əmrələrini yerinə yetirəcək.
Bu arada, “Röyters” agentliyinin məlumatına görə, Yevgeni Priqojinin qiyamı səbəbindən bir qisim Çin şirkəti Rusiyaya məhsulların göndərilməsini dayandırıb. Xəbərdə göndərilməsi dayandırılan məhsullar arasında geyimin, avtomobil ehtiyat hissələrinin və texniki avadanlıqların çoxluq təşkil etdiyi yazılıb. Çinin Futzyan əyalətinin ticarət təşkilatının rəhbəri Şen Muxuey bildirib ki, əksər şirkətlər gələcəkdə nələrin olacağından əmin olmadıqları üçün Rusiyaya məhsulların göndərilməsini bərpa etməyiblər. Buna baxmayaraq, Pekin Kremllə strateji tərəfdaşlığı davam etdirməkdə qətiyyətindən imtina etməyib. Halbuki, Ukraynaya qarşı işğalçı müharibə Rusiyanı taqətdən salır, iqtisadiyyatı zəifləyir, inflyasiya artır. Bu isə gələcəkdə Çin-Rusiya iqtisadi münasibətlərinə də təsirsiz ötüşməyəcək.
“Atlas” Araşdırmalar Mərkəzi
DİA.AZ

Geri qayıt