Əsas Səhifə > Dünya > Kreml gizlinləri: çar üsyançılarla bir arada
Kreml gizlinləri: çar üsyançılarla bir arada13-07-2023, 15:55 |
Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Kremldə Yevgeni Priqojin və “Vaqner” özəl hərbi şirkətinin komandirləri ilə görüş keçirib. Təxminən üç saat çəkən görüş barədə danışan Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə görüşün təfərrüatını açıqlamayıb: “Yalnız onu deyə bilərik ki, Prezidentin belə bir görüşü olub. O, görüşə 35 nəfər dəvət etmişdi - bütün dəstə komandirləri və şirkət rəhbərliyini, o cümlədən Priqojinin özünü. Prezident şirkətin xüsusi hərbi əməliyyat çərçivəsində cəbhədəki fəaliyyətinə, həmçinin 24 iyun hadisələrinə qiymət verib”. Xatırladaq ki, iyunun 23-də Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqner” silahlılarının mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-də Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb və “Vaqner” rəhbəri hərbi qüvvələrin hərəkətini dayandırmaq təklifini qəbul edib. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, ABŞ və Qərbin Rusiyaya qarşı çovektorlu embarqoları fonunda, Putinin Rusiyanın daxilində qiyam qaldıran qüvvələrə güzəştə getməsi maraqla qarşılanır. Bəziləri bunu Putinin özü tərəfindən ssenariləşdirilmiş planın tərkib hissəsi adlandırsalar da, əks qənaətdə olanlar, Putinin daxili etirazları səngitmək iqtidarında olmadığını söylənlər də var. DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya açıqlamasında deyib ki, “Vaqner” kimi qruplaşmaların Putinə qarşı çıxması inandırıcı deyil: “Düzdür, avtoritar rejimlər bir çox hallarda öz komandasının əli ilə yola salınır. Tarixdə belə təcrübələr az olmayıb və Putinin belə bir aqibətlə üzləşəcəyi ehtimalı yüksəkdir. Lakin “Vaqner”in Putinə qarşı qiyamı əvvəlcədən hazırlanmış ssenariyə bənzəyir. Hətta onlar həqiqətən də narazı olublarsa belə, bu, Putinin şəxsinə qarşı qiyam deyildi”. “Bildiyiniz kimi, “Vaqner” Putinin özü tərəfindən yaradılan bir dəstədir. Afrikada, dünyanın müxtəlif ölkələrində onlardan istifadə olunur. Ukraynada da müxtəlif təxribatlar həyata keçiriblər. Nə Putinin “Vaqner”dən imtina etmək fikri var, nə də Priqojinin Putindən. Onlar hər ikisi eyni məqsədlərə xidmət edirlər və sonları da birlikdə gələcək”, - deyə müsahibimiz söyləyib. Hüseynlinin sözlərinə görə, Ukrayna müharibəsi “Rusiya mifi”ni tamamilə darmadağın etdi: “Belə iddialar səslənir ki, “Vaqner” olayları Putinin reputasiyasını zədələdi. Putin Ukrayna müharibəsində özünü tamamilə xərclədi. Bundan sonra onun qurtuluşu yoxdur. Sona qədər döyüşməyə məhkumdur. İmkanı olsaydı, beynəlxalq dairələrə minnətçi düşər, müharibənin dayandırılmasını xahiş edərdi. Bu imkan isə artıq yoxdur”. DİA.AZ-ın məlumatına görə, mövzuya dair AYNA-ya şərhində siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Putin Ukrayna ilə şiddətli döyüşlərin getdiyi bir ərəfədə “Vaqner”i itirmək istəmir: “Rusiya Ukraynaya qarşı müharibəyə başlayanda ümid edirdi ki, ən qısa zamanda qələbəsini təmin edəcək. Çünki bu hücumlara start verməzdən cəmi bir neçə ay öncə Qazaxıstanda öz üstünlüyünü nümayiş etdirmişdi. Düşünürdü ki, Ukraynada da belə olacaq. Ssenari qısa zaman kəsimində Kiyevi ələ keçirmək, öz adamını “taxt-taca” oturtmaq, bununla da uzunmüddətli planlarının davamını həyata keçirməkdən ibarət idi. Moskva Qərbin israrını gözləmirdi. Nəticə isə heç də onun gözlədiyi kimi olmadı”. “Uzun müddətdir Rusiya Ukraynaya qarşı müharibəyə başlasa da, heç bir ciddi nəticə əldə etmir. Qərb bütün mənalarda Ukraynanın arxasındadır. Şimal qonşumuzun resursları tükənmək üzrədir. Belə bir şəraitdə öz təşəbbüs ilə yaradılan “Vaqner” kimi silahlı dəstəni də itirmək istəmir. “Vaqner” eyni zamanda Afrika ölkələrində Rusiyanın planlarını icra edir”, - deyə analitik qeyd edib. O, Priqojin və dəstəsinin qiyamının Putinə qarşı olmadığını diqqətə çatdırıb: “Bu, sadəcə “Vaqner”lə Şoyqunun mübarizəsi idi. Yəni, klanlararası bir savaş idi. Putin düşünür ki, muzdlu döyüşçülərin nəzarətdən çıxması Rusiya daxilində ona qarşı cəbhənin genişlənməsi ilə nəticələnə bilər. Heç bir halda daxildə etirazların başlamasına yol vermək niyyətində deyil”. “Priqojin-Şoyqu qarşıdurmasının əvvəldən Putinin özü tərəfindən “idarə olunduğu” barədə ehtimallar da səslənir. Bu proqnozu gücləndirən amillər də mövcuddur. Tərəflər döyüşür, Putin bundan yararlanır və hər iki tərəfi özündən asılı vəziyyətə salır - zərərsizləşdirir. Bununla da hakimiyyətini gözləyən daha bir təhlükəni önləmiş olur. Hesab edirəm ki, “Vaqner” Ukrayna müharibəsində bundan sonra da iştirak edəcək və ona yeni missiyanın tapşırılması, təxribat hücumları ilə bağlı planların tərkib hissəsi olması ehtimalları yüksəkdir”, - deyə Nərimanlı fikrini yekunlaşdırıb. Geri qayıt |