Əsas Səhifə > Dünya > Çində hərbi çevriliş mümkündürmü?

Çində hərbi çevriliş mümkündürmü?


14-07-2023, 09:11
Çində hərbi çevriliş mümkündürmü?
Rusiyada “Vaqner” muzdlularının prezident Vladimir Putinə qarşı qiyam cəhdi Pekində geniş müzakirələrə səbəb olub. Çinin hakim Kommunist Partiyasının daxilində hazırki idarəetmə sisteminin davamlılığı barədə fikir mübadiləsi aparılıb. Bu arada, partiya rəhbərliyi Çin Xalq Azadlıq ordusunun bir sıra zabitinə general rütbəsi verib. Bununla Çin Kommunist Partiyası ordu üzərindəki nəzarətini gücləndirmiş olub. Çin ordusunda mövcud olan komissarlar sistemi hərbçilər üzərində nəzarətin davamlılığını təmin edir. Çin ordusunda komissarlar sistemi vaxtilə SSRİ-nin təcrübəsindən götürülüb. Bu o deməkdir ki, generallardan kimsə və ya kimlərsə ölkə rəhbərliyinə qarşı plan qurarsa bundan ordu içindəki komissarlar dərhal xəbərdar olmalı və mümkün qiyamın qarşısını almaq üçün ölkə rəhbərliyini məlumatlandırmalıdırlar. Bundan başqa komissarlar hərbçilər arasında hakimiyyətin siyasətini təbliğ etməlidirlər. SSRİ-də bu sistem işə yaramadı, çünki imperiya dağıldı.
Çin lideri Tsi Cinpin marksist ideologiyaya sadiqdir. Marksizmin Çinin dünyagörüşünə uyğunluğunu müdafiə edən Cinpin eyni zamanda dünya sivilizasiyasının uğurlarının öyrənilməsinin də tərəfdarıdır. Cinpin hesab edir ki, bunsuz Çində islahatları dərinləşdirmək çətin olmaz. Əslində Çin Kommunist Partiyası islahat adı altında fərqli düşünənləri əzməklə məşğuldur, uyğurlara qarşı cəza tədbirləri zəifləməyib. 100 milyona yaxın üzvü olan Çin Kommunist Partiyası islahat adı altında özəl mülkiyyətçiləri də sıxışdırmağa başlayıb. Kreml Pekinin siyasətindən məmnundur. Kreml Pekinə yaxınlıq məqsədilə Moskvadakı elmi mərkəzlərin birində Çin lideri Tsi Cinpinin “ideyalarının öyrənilməsi üzrə” elmi laboratoriya təsis edib. “South China Morning Post” dərgisi Moskvadakı “elmi mərkəzin” başqa bir ölkədə fəaliyyət göstərmədiyini fəxrlə yazıb.
Moskva Pekinin idarəetmə təcrübəsini öyrəndiyi kimi Pekin də Rusiyadakı son prosesləri tədqiq etməyə başlayıb. Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yevgeniy Priqojinin qiyamı və iki şəhəri müqavimətsiz ələ keçirməsi, Rusiya prezidenti Vladimir Putinin baş verənlərə reaksiyası Pekində ciddi tədqiq olunub. Qərb ölkələrində olduğu kimi Pekində bu qənaətə gəliblər ki, Putin gücünü itirməkdədir. “Vaqner” muzdlu qruplaşmasının qiyam cəhdi Pekini qorxudub. Çünki Çin hakimiyyətindəki siyasi qrupların bir qismi Çin ordusunda da oxşar hadisələrin təkrarlana biləcəyindən ehtiyatlanırlar. Misal üçün bir qrup çinli general Çin Kommunist Partiyasının qərarlarından narazı qalarsa, bu çinli hərbçiləri qiyama həvəsləndirə bilərmi? Komissarlar qiyamın qarşısını ala bilərlərmi? Əgər “Vaqner” muzdlularının Moskvaya yürüşü müsbət nəticə versəydi və Putin devrilsəydi, Pekində də təhlükəli vəziyyət yarana bilərdi. SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov yenidənqurmaya başladıqda Çində də təlatümlər oldu, çinli tələbələr 1989-cu ildə kütləvi etirazlara başladılar. Çin hakimiyyəti Pekinin mərkəzi meydanındakı mitinqi ordu vasitəsilə dağıtdı, minlərlə insan həlak oldu. Pekində hesan edirlər ki, qonşu Rusiyada yeni təlatümlər Çində də dağıdıcı proseslərə təkan verə bilər.
“Atlas” Araşdırmalar Mərkəzi - DİA.AZ

Geri qayıt