Əsas Səhifə > Dünya > Vilnüsdə sürpriz olmadı, amma: Kiyev NATO istiqamətində daha bir addım irəlilədi
Vilnüsdə sürpriz olmadı, amma: Kiyev NATO istiqamətində daha bir addım irəlilədi15-07-2023, 06:04 |
NATO-nun Volnüsdə keçirilən sammitində təşkilatın baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının yaradıldığını elan edib. Baş katib bildirib ki, Alyans ölkələrindən Ukrayna üçün təhlükəsizlik zəmanətləri vacibdir, lakin Kiyevə silah tədarükü hazırda “yaşam məsələsidir”. Ona görə də silah tədarükü əməkdaşlığın digər aspektlərindən daha vacibdir. Öz növbəsində, Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Ukrayna-NATO Şurasının yaradılması ölkənin yalnız iştirak deyil, Alyansa inteqrasiya alətidir. Onun sözlərinə görə, NATO ölkələrinin nümayəndələri ilə görüşdə ölkənin təşkilata qoşulması perspektivini təsdiqləyən mühüm siqnallar dinlənilib. Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak sammiti yüksək qiymətləndirib. Onun sözlərinə görə, Vilnüsdə qüdrətli müdafiə razılaşmaları əldə olunub və G7 Bəyannaməsi zamin ölkələrlə ikitərəfli sazişlər sistemini bağlamağa imkan verəcək. Yermakın sözlərindən belə çıxır ki, Ukrayna NATO-nun 2024-cü ildə Vaşinqtonda keçiriləcək sammitində təhlükəsizlik zəmanəti alacağını gözləyir. Bu zəmanətlər Ukraynanın Alyansa potensial daxil olmasına qədər qüvvədə olacaq. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan hesab edir ki, Ukrayna Alyansa qoşulacağı təqdirdə həm ABŞ, həm də NATO Rusiya ilə müharibə vəziyyətinə düşəcək. Bu fikri Alyansın baş katibi Yens Stoltenberq də bildirib. Onun sözlərinə görə, hərbi əməliyyatlar bitənə qədər Ukraynanın NATO-ya qəbulu mümkün deyil və bundan sonra Kiyev müdafiə və təhlükəsizlik sahəsində institutlarını müəyyən səviyyəyə qədər modernləşdirməli, dövlət idarəçiliyini gücləndirməli, o cümlədən korrupsiya ilə mübarizə aparmalıdır. Zelenski isə qeyd edib ki, Rusiyanın Ukraynadakı işğalçı müharibəsi bitənə qədər hərbi-siyasi bloka qoşulmağın mümkünsüzlüyünü anlayır, lakin bunun Rusiya ilə münaqişə bitdikdən dərhal sonra baş verəcəyinə əmindir. Ukrayna lideri əlavə edib ki, Kiyev alyansa qoşulmaq üçün lazım olan hər şeyi edəcək. Eyni zamanda, NATO-nun Vilnüs sammitində Alyansa üzv ölkələr artıq Ukraynaya Alyansla uyğunluğa nail olmaq üçün planı və Üzvlük Fəaliyyətinin ləğvini özündə əks etdirən çoxillik dəstək paketini təsdiqləyiblər. Planın sonuncu bəndi Kiyevin quruma daxil olması prosesini iki mərhələdən birinə endirməyi nəzərdə tutur. “Böyük Yeddilik”in (G7) üzvləri ordu, donanma və hərbi hava qüvvələri üçün müasir hərbi texnika tədarük etməyə hazırdırlar. Həmçinin onlar kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirəcək, Ukrayna hərbçilərinin təlimini və birgə hərbi təlimlərdə iştirakını genişləndirəcək, həmçinin ölkənin sənaye bazasını inkişaf etdirəcək. Bunun müqabilində Kiyev məhkəmə sistemi də daxil olmaqla, genişmiqyaslı daxili islahatlar aparmağı, habelə ölkənin silahlı qüvvələri üzərində mülki nəzarəti tətbiq etməyi öhdəsinə götürüb. Bəyannamədə həmçinin qeyd olunur ki, Rusiyanın G7-yə üzv ölkələrin yurisdiksiyalarında olan aktivləri Moskva Ukraynaya vurduğu ziyanı ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq. “Biz zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının zəruriliyini qəbul edirik və müvafiq sənədlərin hazırlanması variantlarını öyrənməyə hazır olduğumuzu bildiririk”, - sənəddə deyilir. Politoloq Maksim Semenov “Lenta.ru” ilə söhbətində xatırladıb ki, Ukrayna 2018-ci ildə Prezident Petro Poroşenkonun dövründə, 2020-ci ildə isə Zelenskinin dövründə NATO-nun “aspirant ölkəsi” statusunu alıb, lakin geniş imkanlara malik tərəfdaşdır: “Bu, ölkə üçün Alyansa üzvlük perspektivlərini yaxşılaşdırdı. Mənə elə gəlir ki, Ukrayna ilə NATO arasında real münasibətləri müəyyən edəcək əsaslı dəyişikliklər baş vermədi. Ukraynanın NATO-ya daxil olmasına real dəstəyin olmaması fonunda Ukraynaya bir növ təsəlli vermək üçün Ukrayna-NATO Şurasının yaradılması zəruri idi”. Semenovun sözlərinə görə, Ukrayna-NATO Şurasının əvvəlki məsləhətləşmə formatlarından əsas fərqi ondan ibarətdir ki, hazırda Ukrayna Alyansın bütün üzvləri ilə bərabər münasibətlərə malikdir və istənilən vaxt fövqəladə məsləhətləşmələr çağıra bilər. “Əvvəllər istənilən üzvün səsi ilə bloklana bilərdi. Ancaq yenə deyirəm, bu məsləhətləşmələrin mahiyyəti başa düşmək və ya real yardım almaqdır. Həqiqi yardım isə həmişə ABŞ və Böyük Britaniyanın razılığından asılı olacaq”, - ekspert deyib. “Şura bürokratik şəkildə formal bir birlik olacaq. Bununla Ukraynanın NATO-ya həqiqi üzvlüyündən söhbət gedə bilməz”, - Semenov vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın NATO-da dəstəyi Kiyevin hər hansı inteqrasiya birliyinə üzvlüyü ilə deyil, sırf müharibənin gedişi və ictimai olmayan danışıqlarla müəyyənləşəcək. Ekspert hesab edir ki, sammitin nəticələri sürpriz olmayıb: “Hər kəsə aydın idi ki, Ukrayna Alyansa üzv olmayacaq və ona heç nə təklif etməyəcəklər. Ukrayna üçün bunlar çətin və xoşagəlməz nəticələrdir”. AYNA Geri qayıt |