Əsas Səhifə > Dünya > Ermənistanda qərbpərəstlərin rusiyapərəstlərlə gizli savaşı

Ermənistanda qərbpərəstlərin rusiyapərəstlərlə gizli savaşı


19-07-2023, 15:59
Ermənistanda qərbpərəstlərin rusiyapərəstlərlə gizli savaşı
Brüssel görüşündən əvvəl Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatçılarının start götürən etiraz mitinqləri artıq Ermənistana da sıçrayıb. Xankəndi və İrəvanda davam edən etirazların eyni mərkəzdən idarə olunduğunu sezmək çox asandır. Qarabağ iqtisadi rayonunda etirazların əsas xəttində Qərbin ünvanına sərt bəyanat səsləndirmək, baş verənlərdə Qərbin siyasi dairələrini, xüsusən də Brüsseli ittiham etmək dayanır. Son hədəf olaraq Xocalıda dislokasiya olunan Rusiya sülhməramlı kontingetinin qarşısına qədər yürüş təşkil edilir.

Eyni xətt İrəvanda da izlənilib. Aksiya iştirakçıları BMT-nin, BQXK-nin ofisləri qarşısında görünür, şüarlar, müxtəlif ittihamlar səsləndirilir və son dayanacaq olaraq isə Rusiya səfirliyinin qarşısı seçilir. Səfirlik qarşısında səfirlə görüşdən sonra məktub təqdim edilir. Bu xətt üzrə davam edən etiraz “dalğası”, əslində, Ermənistanda qərbpərəstlərlə rusiyapərəstlər arasında bir neçə ildir davam edən gizli savaşın yeni təzahürüdür. Etirazçıların aksiyanın son ünvanı kimi Rusiya səfirliyini seçməsi son ümid yerlərinin Rusiya olduğu barədə bir mesajdır.

İki tərəf arasında gedən savaşı daha da qızışdırmaq üçün 2020-ci il müharibəsində itkin düşənlərin valideynlərinin hökumət binası qarşısında etiraz aksiyası da təşkil edilib. Əslində, köhnəlmiş sayılan bu üsuldan istifadə etmək erməni müxalifətinin rusiyapərəst qanadının tükəndiyinin siqnalı sayılır. Etirazların köməyi ilə hakimiyyəti devirmək, bu yolla iqtidara yiyələnmək istəyən bu qanadın dəfələrlə nəticəsiz qalan üsula yenidən baş vurması belə deməyə əsas verir.

Bu yaxınlarda erməni mətbuatına yaxın KİV-lərdə Rusiya əleyhinə Ermənistanda yayılan dalğanın daha da güclənməsi, bunun Rusiyada mənfi qarşılanması, yaxın günlərdə Rusiyadan məsələni araşdırmaq üçün “desant qrupu”nun göndəriləcəyi barədə xəbərlər tirajlansa da, effekt vermədiyi məlum oldu. Maraqlıdır ki, bu tip xəbərlər də məhz Brüssel görüşündən əvvəl tirajlanırdı.

Bu gün isə Ermənistan parlamentinin deputatı, “Mülki Müqavilə”nin üzvü Akop Aslanyan açıqlama verib. O açıqlamasında Ermənistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Azərbaycan ərazisində mövcud olan 120 minlik erməni icmasının hüquq və prinspilərinin qorunmalı olduğunu bildirib. İqtidar partiyası nümayəndəsinin bu açıqlaması, əslində, bir sıra mətləblərdən xəbər verir.

Məsələ burasındadır ki, Paşinyan hökuməti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib və Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Bu dəfə də eyni bəyanat hakimiyyətin ruporlarından sayılan Aslanyan tərəfindən səsləndirilib. Bəyanatın məhz bu gün səsləndirilməsi də təsadüfi deyil. Azərbaycanın Qarabağ rayonunda yaşayan ermənilərin separatçı liderlərinin “qəzəbli” bəyanatları, Qərbin və Ermənistan hakimiyyətinin ünvanına “əsib-kükrəyən”lərin açıqlamalarından sonra Paşinyan hökuməti cavab vermək qərarına gəlib. Əslində, Nikol Paşinyan dünən bu cavabı yayılan bir xəbərlə vermişdi. İrəvanda etirazçılar BMT, BQXK qarşısında şüarlar səsləndirdiyi bir zamanda Ermənistanın baş naziri mal fermasına baş çəkmişdi. Erməni KİV-də Qarabağdakı separatçı ermənilərin “lideri” Araik Arutyunyanın oturaq etiraz aksiyasına başlamaq qərarını açıqlaması yayıldığı zaman paralel olaraq Paşinyanın fermadan fotosessiyası tirajlandı. Bununla da Paşinyan həm etirazçılara, həm də Araikə mesaj göndərmiş oldu. Baş nazir etirazların vecinə olmadığını, Araikin sığalladığı inək qədər gözündə dəyəri olmadığını bu fotosessiya ilə bildirmiş oldu.

Elə bu acı reallığı erməni müxalifəti də etiraf etmək məcburiyyətində qaldı. Araiklə Paşinyan arasında gedən gizli savaşın bu fazaya qədəm qoyması, şübhəsiz ki, separatçı “liderin” reallığı qəbul etmək istəməməsi ucbatından baş verib. Reallıq isə təkdir: Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, digər Azərbaycan vətəndaşları ilə eyni hüquqa sahib olmalıdır.

Fotosessiyanın səhəri günü “Mülki müqavilə”nin sanballı deputatlarından sayılan Akop Aslanyanın açıqlamasını isə cavabın ikinci dalğası saymaq olar. Hökumətin rəsmi mövqeyinin bir daha səslənməsi Brüssel görüşünün Azərbaycan üçün məhsuldar keçməsini, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını təsdiq edir. Rəsmi İrəvan bu açıqlaması ilə Qarabağda baş verən proseslərin Azərbaycanın daxili işi olduğunu, orada yaşayan ermənilərin taleyinin Azərbaycan dövləti tərəfindən həll ediləcəyini etiraf etmiş olur. Çünki Aslanyanın açıqlamasındakı “Azərbaycan ərazisində mövcud olan 120 minlik erməni icmasının hüquq və prinsiplərinin qorunmalı olması” cümləsi elə bu mətləbdən xəbər verir.

Erməni hökumətinin əvvəlki açıqlamalarından fərqli olaraq bu dəfə nə "erməni milləti" sözündən, nə də "Artsax" ifadəsindən istifadə edilib. Aslanyan açıq-aşkar Azərbaycan ərazisində mövcud olan 120 minlik erməni icması fikrindən istifadə edərək məsələnin həlli ilə bağlı ünvanın Azərbaycan hökuməti olduğuna işarə edib. Bununla da etirazçılara “Qarabağ Azərbaycanın ərazisidir. Orada yaşayan ermənilərlə bağlı məsələyə sadəcə Azərbaycan hökuməti nəzarət edə bilər. Qarabağın erməni icmasının hüquqlarını Azərbaycan dövləti qoruyacaq” mesajını ötürüb.

Ağdam-Əsgəran yolunun humanitar yüklərin daşınması üçün təklif edilməsindən sonra bir ovuc erməni “fəal”ın yolu beton plitələrlə bağlaması da rusiyapərəst qanadın son kartlarını oynadığından xəbər verir. Sirr deyil ki, bu yoldan istifadə Qarabağ ermənilərinin inteqrasiyası üçün atılan ilk addımlardan sayıla bilər. Amma bəzi qüvvələr yolu bağlayaraq planın işə düşməsinin qarşısını almağa çalışırlar. Artıq Ermənistanda bəzi dairələr Ağdam-Əsgəran yolunu bağlayanların arxasında Rusiya sülhməramlılarının dayandığından danışır. Çünki inteqrasiya planının işə düşməsi və irəliləməsi artıq Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlısına ehtiyacın qalmaması anlamına gəlir. Buna uyğun olaraq da sülhməramlılar ərazini tərk etmək məcburiyyətində qalacaqlar.

Rusiyadan kömək uman qanadlar üçün isə bu, əsl faciəyə çevrilə bilər. Eyni zamanda, Rusiya da bu məsələdə maraqlı deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağ ərazisini tərk edəcəyi barədə açıqlaması da bir çox dairəyə açıq mesaj idi.

Bütün bu hadisələrin fonunda Araik Arutyunyanın oturaq aksiyaya keçməsi tükənmişlik sindromundan xəbər verir. Araik çadırda oturaraq etiraf edib ki, bir sıra dövlət və qurumlara məktub ünvanlasa da, cavab ala bilmir. Görünən odur ki, bu gün çadırda oturan Araikin Bakı həbsxanasında oturacağı gün o qədər də uzaq deyil…

Kamil Məmmədov
//report//
Geri qayıt