Əsas Səhifə > Dünya > Keçmiş nazir yoxa çıxan yeni naziri əvəzlədi

Keçmiş nazir yoxa çıxan yeni naziri əvəzlədi


26-07-2023, 10:21
Keçmiş nazir yoxa çıxan yeni naziri əvəzlədi
Çin parlamentinin ölkənin xarici işlər naziri Qin Qanqı vəzifəsindən azad etməsi dünya mətbuatının ən çox işıqlandırdığı mövzulardandır. Vanq Yi Çinin yeni xarici işlər naziri təyin edilib. O, 2022-ci ilin dekabr ayına qədər xarici işlər naziri olub, daha sonra Kommunist Partiyasının baş diplomatı təyin olunub. Vanq Yinin yenidən xarici işlər naziri təyin olunması qərarı tələsik verilib. Görünür, Qin Qanqın yerinə kimin kimi xarici işlər nazir təyin olunacağına düşünməyə zaman yox idi. Ona görə də hələlik, keçmiş naziri əvvəlki vəzifəsinə qaytarıblar.
Qin Qanq son bir ay ərzində ictimaiyyət qarşısına çıxmayıb. Çin Xarici İşlər Nazirliyi onun harada olması və səhhətinin vəziyyəti ilə bağlı açıqlama verməyib. Qərb mediası nazirin Çin telekanallarından birinin jurnalisti ilə nikahdankənar münasibət qurduğunu və buna görə ictimai sahədən yoxa çıxdığını bildirib. “Financial Times” dərgisinin yazdığına görə, Qin Qanq sonuncu dəfə 25 iyunda görülüb.
Qin Qanq 11 iyulda ASEAN ölkələrinin İndoneziyada keçirilən toplantısında iştirak etməyib. Pekin 57 yaşlı nazirin yoxuluğunu onun səhhətindəki “problemlə” izah edib. Qin Qanqı həmin toplantıda yenidən xarici işlər naziri vəzifəsinə gətirilən Vanq Yi əvəz etmişdi. İndi aydın olur ki, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrelin iyulun 10-da Pekinə səfəri niyə təxirə salınıb. Çünki Borrel Pekində yoxa çıxan nazirlə görüşə bilməyəcək və bu əlavə suallar doğuracaqdı.
Qin Qanqın karyerası son hadisəyə qədər sürətlə inkişaf edib. O 2021-ci ildə ABŞ-a səfir təyin edilmişdi. Bundan sonra Qin Qanqı Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinə üzv qəbul etmişdilər. Nəhayət qısa müddətdən sonra Qin Qanq Çinin xarici işlər naziri təyin edildi. O nazir vəzifəsində ABŞ-ı Tayvan siyasətinə görə kəskin tənqid edir, Rusiya ilə dialoqu genişləndirirdi.
Çində yüksək vəzifəli məmurları adətən ya yaşına, ya da korrupsiya şübhəsinə görə işlərindən uzaqlaşdırırlar. Bu dəfə səbəb fərqli olub. Çində yüksək çinli məmurları vəzifəsindən uzaqlaşdıranda adətən bir müddət bu haqda məlumat verilmir. İnterpolun keçmiş rəhbəri Men Xunvey də oxşar aqibətlə üzləşmişdi. “İnterpol” şefi Men Xunvey 2018-ci ilin sentyabrında Fransadan Çinə yollandıqdan sonra itkin düşdü və ondan günlərlə xəbər çıxmadı. Bir həftə sonra məlum oldu ki, Xunvey Çinə eniş edən kimi o yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Men Xunvey korrupsiyada şübhəsi ilə həbs olunmuşdu. Məsələ burasındadır ki, Xunvey “İnterpol”a rəhbərlik etməklə yanaşı, Çinin İctimai Təhlükəsizlik Nazirliyində müavin postunu da tuturdu. Men Xunvey 2 milyon dollar rüşvət almaq ittihamı ilə 13 il həbsə məhkum olunub. Me Xunvey hələ yaxşı qurtarıb, Çində böyük məbləğdə rüşvətə görə güllələnməyə də məhkum edirlər.
“Atlas” Araşdırmalar Mərkəzi - DİA.AZ

Geri qayıt