Əsas Səhifə > Dünya > Putin “Vaqner”i Belarusa niyə göndərdi

Putin “Vaqner”i Belarusa niyə göndərdi


28-07-2023, 12:51
Putin “Vaqner”i Belarusa niyə göndərdi
Belarusun daxili işlər naziri İvan Kubrakovla Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) nümayəndələri arasında görüş olub və birgə fəaliyyət istiqamətləri müzakirə edilib. İclasda nazirliyin xüsusi təyinatlı dəstələrinin rəisləri də iştirak ediblər.

Belarus Daxili İşlər Nazirliyinin (DİN) açıqlamasına görə, gündəliyə ÖHŞ ilə qarşılıqlı əlaqə və onun təlimatçıları tərəfindən döyüşçülərin hazırlanması məsələləri daxil olub: “Tərəflər aydın fəaliyyət planı hazırlayıb, müəyyən növ avadanlıqların istifadəsi ilə bağlı fikir mübadiləsi aparıblar”.

Nazir görüşdə Belarus sərhədləri yaxınlığında yaşanan çətin vəziyyət barədə də danışıb: “Bununla bağlı “Vaqner”in təcrübəsi böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, ötən ay “Vaqner”in rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun qüvvələrinə hücuma keçməkdə və hərbçilərini öldürməkdə ittiham edərək, qisas əməliyyatına başladığını bəyan etdi. Ukraynada cəbhə xəttini tərk edərək Rusiyaya daxil olan və Rostov kimi şəhəri ələ keçirən qiyamçılar Moskvaya doğru irəlilədilər.

Prezident Vladimir Putin qiyamçıları ambisiyalarını cilovlaya bilməməkdə, satqınçıqılıqda və xəyanətdə ittiham etdi. Belarus Prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsindən sonra isə qiyam yatırılırdı və Priqojin də daxil olmaqla, “Vaqner” qruplaşmasının rəhbərliyi ilə Putinin arasında qapalı görüşü keçirildi. Görüşün təfərrüatı barədə dəqiq məlumatlar verilməsə də, tərəflər arasında anlaşmanın əldə olunduğu rəsmi səviyyədə bəyan edildi.

Bu hadisələrdən sonra Yevgeni Priqojinin Belarusa getdiyi barədə iddialar yayılsa da, rəsmi təsdiqini tapmadı. Siyasi analitiklər hesab edirlər ki, məlum qiyamdan sonra “Vaqner” qruplaşması Rusiyanın daxilindən idarə oluna bilməz və məhz bu səbəbdən Belarusun hüquq-mühafizə orqanları ilə əməkdaşlıq imkanları nəzərdən keçirilir. İddialara görə, “Vaqner”in fəaliyyətinə bundan sonra Belarus hökuməti tərəfindən nəzarət olunacaq. Bununla bağlı razılaşmanın da Putin, Lukaşenko və Priqojin tərəfindən əldə edildiyi bildirilir.

Türkiyədə yaşayan azərbaycanlı siyasi şərhçi Vəli Həsənov mövzuya dair AYNA-ya şərhində deyib ki, Vaqner qruplaşması Rusiyanın maraqlarını qoruyur və ondan imtina olunmayacaq: “Müxtəlif ölkələrdə - Mərkəzi Afrika Respublikasında, eləcə də Suriya və Liviyada Rusiyanın mənafeyini təmin edir bu qruplaşma. Ukraynaya qarşı təcavüzün ilk dövrlərində “Vaqner” Moskva üçün mühüm xidmətlər göstərdi. Hansı ki, həmin zamanlar Ukraynada üstünlük Rusiyanın tərəfində idi”.

“Təbii ki, ölkənin içində hökumətə bağlı ikinci hərbi dəstənin mövcudluğu daxili zididyyətləri artırırdı. Rusiya Müdafiə Nazirliyinin və “Vaqner”in rəhbərliyi arasında ixtilaflar dərinləşirdi. İddialar da mövcud idi ki, “Vaqner”i dəstəkləyən qüvvələr hakimiyyət daxilində daha ciddi imtiyazlar əldə etmək niyyətindədirlər. Hətta post-Putin dövrü üçün hazırlıqlar da başlamışdı. Belə bir şəraitdə “Vaqner” qruplaşmasını zəiflətməyə cəhdlər oldu ki, nəticədə ikincilər qiyama qalxdılar. Lakin bu, hökumətə qarşı qiyam deyildi, hakimiyyətin daxilində olan qüvvələrin çəkişməsi idi. Məhz buna görə də yekunda razılıq əldə olundu”, - deyə həmsöhbətimiz bildirib.

Analitik hesab edir ki, Moskva “Vaqner”dən bu dəfə Belarusu qorumaq naminə istifadə etmək niyyətindədir: “Belarusda baş verən son inqilabdan sonra Lukaşenko məhz Putinin dəstəyi ilə hakimiyyətdə qala bildi. Belarus Prezidenti və komandası devrilməyin bir addımlığında idi. Bu hadisə baş versəydi, Ukrayna ilə yanaşı, Belarusla da Moskvanın ciddi münaqişəsi başlayacaqdı. Putin çətinliklə də olsa, Lukaşenkonu qorudu. Lukaşenko da Belarusu Rusiyanın təsir dairəsində saxladı”.

“Heç şübhəsiz Qərbdən təkcə Rusiyaya deyil, Belarusa qarşı da hücumlar olacaq. Qərb Belarusu öz nəzarətinə almaq üçün ciddi səy göstərəcək. Hətta NATO amilindən də istifadə oluna bilər. Moskva Minski NATO-nun mümkün hücumlarından qorumaq üçün “Vaqner” qruplaşmasından istifadə etmək niyyətindədir. Əvvəlki qaydada Rusiyanın daxildə “Vaqner” qruplaşmasından istifadə edilməsi effektiv olmayacaq. Xüsusən son qiyamdan sonra ortaya çıxan bu reallığı Kremldə də qəbul edirlər”, - deyə politoloq söyləyib.

Həsənovun fikrincə, “Vaqner”dən bundan sonra Rusiyanın xaricdə təsir aləti olaraq istifadə olunacaq: “Qabaqlar Mərkəzi Afrika Respublikası, Suriya və Liviya ilə bağlı “Vaqner”dən istifadə olunurdusa, artıq Belarusda da bu qüvvələr xidmət göstərəcək. Belarusdakı son təlimlər də bundan qaynaqlanır. Hansı ki, bu, rəsmi səviyyədə həyata keçirilir. Belarusun daxili işlər naziri şəxsən “Vaqner”in təlimlərini izləyir. Hesab edirəm ki, Priqojin qiyamından sonra Putin, Lukaşenko və Priqojin arasında razılıq əldə olunub və son təlimlər də bu razılaşmanın tərkib hissəsidir. Lakin bir məsələ də var ki, Rusiya yolun sonuna doğru sürətlə addımlayır və heç bir qüvvə, “Vaqner” qruplaşması belə, onu xilas edə bilməyəcək”.

AYNA
Geri qayıt