Əsas Səhifə > Dünya > "Vaqner”in Polşa ilə Litvaya təhdidləri və...

"Vaqner”in Polşa ilə Litvaya təhdidləri və...


30-07-2023, 03:25
"Vaqner”in Polşa ilə Litvaya təhdidləri və...
Belarus çoxdan Rusiyanın “xüsusi əməliyyatları” üçün tramplinə çevrilib. İndi biz “Vaqner”in Belarusdan Rzeşova və Varşavaya “ekskursiya” təşkil etmək niyyətindən bəhs edən süjetdə Putin və Lukaşenkonun səhnələşdirdiyi tamaşaya baxa bilərik.

Rusiyada Moskvaya Polşa ilə “kiçik qalibiyyətli müharibə” lazım olduğuna dair çoxlu “fikirlər” dolaşır. Bununla belə, təbii ki, bu baş verməyəcək. Yalnız ona görə ki, “Vaqner” muzdlularının əsas işi Afrikada cəmləşib. "Vaqner" Ukraynanın tammiqyaslı işğalından əvvəl orada idi, indi də oradadır və orada olmağa davam edir.

Xəbər yayılıb ki, Belarusa “qovulmuş” “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojin gözlənilmədən Sankt-Peterburqda Rusiya-Afrika sammitində peyda olub. Yəni ki, indi Priqojinin Putinə effektivliyini, faydalılığını nümayiş etdirmək üçün əlavə səbəbləri var: deyirlər ki, o, Putinə qarşı deyil, ona sadiqdir, ona görə də onu cəzalandırmaq olmaz. Üstəlik (bunu təsdiq edə bilmərik) çoxları bu sammit ərəfəsində Afrikanın Nigerdə baş verən hərbi çevrilişdə məhz “Vaqner”in əli ola biləcəyindən şübhələnir. Digər tərəfdən, Rusiyadakı “qiyam”dan sonra müvəqqəti olaraq Belarusa köçən “Vaqner” muzdlularının Polşaya hücum etmək gücü yoxdur. Amma bu o demək deyil ki, təxribat gözləmək olmaz.

“Üsyandan” sonra Putin sadəcə olaraq “Vaqner”i dağıda bilərdi, onları dərhal Afrikaya göndərə bilərdi. Amma o, bunu etmədi. Şoyqu və Gerasimov öz yerlərində qaldılar, Priqojin isə Afrikaya qayıtmazdan əvvəl tranzit məntəqə kimi Belarusa göndərildi. Çox güman ki, Belarusda “Vaqner” öz günahlarını yumadı. Ona görə də Litvanı, Polşanı, Ukraynanı təhdid etmək cəhdləri var.

Bu kontekstdə Rusiyanın hələ Ukraynaya genişmiqyaslı işğalından əvvəl başlatdığı hibrid müharibənin bir hissəsi olan miqrant böhranını xatırlamaq olar. FSB-nin daha bir xüsusi əməliyyatı NATO sammiti ərəfəsində Belarusda taktiki nüvə silahının peyda olmasıdır. Bu xüsusi əməliyyatlar Qərbi qorxutmaq, ona təzyiq göstərmək məqsədi daşıyır. Üstəlik, Belarusdakı “Vaqner” muzdluları vasitəsilə Putin daxili problemi də həll edir.

Yenə deyirəm, təəssüf ki, “Vaqner” hibrid müharibə formatında istifadə oluna bilər. Və belə olan halda bəyan edə bilərlər ki, “Putin və Rusiya heç bir təxribatda iştirak etmir”. Yəni Kremldən bildirilə bilər ki, “gördüyünüz kimi, təxribatları Rusiya silahlı qüvvələri ilə və ümumiyyətlə, Rusiya ilə heç bir əlaqəsi olmayan “Vaqner” törədir”.

Bununla belə, Polşa, Baltikyanı ölkələr, NATO, hətta ABŞ liderləri hibrid müharibə oyunu oynamağı sevənlərə xəbərdarlıq etməlidirlər ki, hər hansı təxribat cəhdinin ciddi nəticələri olacaq.

Və hər halda, Belarus diktatoruna xatırlatmaq lazımdır ki, Polşa və Ukraynada - on minlərlə belarus və xüsusilə Kalinovskinin alayı Minskə "ekskursiya" etmək fürsətini gözləyir. Ukraynada "Vaqner”in necə məğlub olduğu hamıya məlumdur. Ona görə də lazım gələrsə, həm polyaklarla, həm də belaruslarla döyüş təcrübəsini bölüşəcəklər. Baxmutda kökü kəsilməyən “priqojinçiləri” Belarusda Lukaşenko ilə birlikdə bitirmək olar.

Müəllif: Vladimir Fesenko - Politoloq, Ukrayna “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Geri qayıt